Əsas Səhifə > Partiya > PƏHAN HÜSEYNƏ İTTİHAM

PƏHAN HÜSEYNƏ İTTİHAM


1-05-2012, 13:57
PƏHAN HÜSEYNƏ İTTİHAM

“ONUN TƏXRİBATÇILIQ CƏHDLƏRİ DAHA DA ARTIB”

“Son dövrlər, bir qədər də konkret desək prezident seçkisinə hazırlığın başladığı bir vaxtda Pənah Hüseynin fəaliyyətində təxribatçılıq, fürsətdən istifadə, müxalifəti parçlama cəhdləri daha da artıb”. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı TİA.AZ-a verdiyi açıqlamasında deyib.

Onun fikrincə, Pənah Hüseyn əvvəllər də belə davranış sərgiləyib: “Son dövrlər isə bu adam var gücü ilə müxalifətin birlik cəhdlərinə mane olmağa, cəmiyyətdə fikir ayrılıqlarının yaranmasına çalışır. “Pənah Hüseyn bəlli bir qrupdan savayı digər müxalif qüvvələri bir arada görmək istəmir və həmin qüvvələrin fəaliyyətini aşağılamaqla, onları acılamaqla birlikdən kənarda qoymağa çalışır. Digər qüvvələr seçkiyə yönəlik birlik cəhdlərində bulunduqda həmin qüvvəni təhqir etməkdən belə çəkinmir. Pənah Hüseyn birliyi yalnız iki partiyanın simasında görür və hesab edirəm ki, bu davranışla, hərəkətlə həmin partiyaları da çətin duruma salır, xalqda onlara olan inamsızlığı daha da dərinləşdirir”.

AİDP sədri hesab edir ki, xalqın milli barışıq istədiyi bir dövrdə belə insanların meydanda nəzarətsiz qalması təhlükəli bir haldır.

Bu günlərdə Günaz.tv-nin təşkil etdiyi debatda Pənah Hüseynin yeni birlik modeli təklif edən Rəsul Quliyevi təhqir etdiyini deyən AİDP sədrinin fikrincə kimin təklif etməsindən asılı olmayaraq bütün təkliflər müzakirə olunmalıdır: “Mən Rəsul Quliyevin tərəfini saxlamaq fikrindən uzağam. Amma onu da qeyd etməliyəm ki, Rəsul Quliyev Pənah Hüseynin təmsil olunduğu qrupun şüarçılıqla məşğul olduğunu deməklə həqiqəti söylədi. Pənah Hüseyn 20 il bundan əvvəl olduğu kimi yenə də qəhrəmanlıqdan dəm vururdu. Rəsul Quliyev isə bu şüarçılıqdan əl çəkməyin vaxtı olduğunu dedi. Məncə haqlı idi. Amma Pənah Hüseyn ona qarşı ədəbsizlik nümayiş etdirdi”.

AİDP sədri hesab edir ki, Pəhan Hüseynin bu davranışları hakimiyyətin dəyirmanına su tökməklə bərabər “bu şəxs kimin əlinə oynayır” sualının ortaya çıxmasına da səbəb olur.


Geri qayıt