Əsas Səhifə > Dünya > İRANDA SİYASİ HƏBSLƏR

İRANDA SİYASİ HƏBSLƏR


1-05-2012, 19:27
İRANDA SİYASİ HƏBSLƏR

TEHRAN PROKURORUNUN KEÇMİŞ MÜAVİNİ TUTULUB

İranın “Tabnak” saytı Tehran prokurorunun keçmiş müavini Əli Əkbər Heydərifərdin tutulduğu haqda məlumat yayıb.

“Media forum” saytı bildirir ki, Əli Əkbər Heydərifərd Tehranın prokuroru olmuş Səid Mürtəzəvinin sağ əli kimi tanınırdı. Hər iki şəxs 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulan bəzi aksiyaçıları qanunsuz “Kəhrizək” zindanına göndərməkdə, onlara qarşı cinayətdə ittiham olunur.

“Kəhrizək” zindanı Tehranın yaxınlığında yerləşib. Bu, qanunsuz və gizli şəkildə idarə olunan bir zindan olub. Bu zindandan siyasi məhbuslara işgəncə vermək üçün istifadə edilib.

Səid Mürtəzəvi və Əli Əkbər Heydərifərdlə bərabər Həsən Zare Dehnəvi (Qazi Həddad) adlı hüquq mühafizə işçisi də məhbuslara işgəncə verməkdə ittiham olunur.

Səid Mürtəzəvi və Həsən Zare Dehnəvi (Qazi Həddad) azadlıqdadır.

2010-cu il yanvarın 6-da İran parlamentinin 2009-cu ilin iyununda ölkədə keçirilmiş prezident seçkisi ilə bağlı yaratdığı “Prezident Seçkisindən Sonrakı Hadisələrin və Həbslərin Araşdırılması üzrə Komitə” hesabatını parlamentin rəyasət heyətinə təqdim edib. Hesabatda Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi qanunsuz “Kəhrizək” zindanında müxaliflərə qarşı törədilən bütün cinayətlərdə təqsirli sayılıb.

Hesabatda zindanda işgəncələr altında qətlə yetirilən üç nəfərin adı çəkilir: Möhsün Ruhuləmini, Əmir Cavadifər və Məhəmməd Kamrani. Ancaq bəzi müstəqil və müxalif mənbələr öldürülənlərin sayının qat-qat çox olduğunu bildirir.


Geri qayıt