Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVUN İNTERNAT MAXİNASİYASI

KƏRƏM HƏSƏNOVUN İNTERNAT MAXİNASİYASI


2-05-2012, 13:25
KƏRƏM HƏSƏNOVUN İNTERNAT MAXİNASİYASI

YETİM MALI YEYƏN KOMİTƏ SƏDRİNDƏN TƏZƏ YEYİNTİ XƏBƏRİ

DİA.AZ: - Ötənlərdə Buzaovnadakı 13 saylı internat evinə məxsus 10 hektarlıq torpaq sahəsinin yüksək dövlət postunda qərarlaşan məmurlardan biri tərəfindən qanunsuz olaraq ələ keçirilməsindən bəhs etmişdik. Qeyd etmişdik ki, 2006-cı ildə baş verən bu hadisə nəticəsində internat evinə məxsus yaşayış və təlim-tədris kompleksini genişləndirmək mümkün olmamış, internat evinin rəhbərliyi isə çarəsizlikdən öz daxili etirazını ictimaiyyətə və əlaqədar qurumlara çatdıra bilməmişdir.

Bugünlərdə məlum hadisə ilə bağlı redaksiyamıza müraciət edən özəl mənbə, adıçəkilən internat evi ilə bağlı əlavə informasiyalar təqdim edim. Mənbəmizin DİA.AZ-a verdiyi məlumatdan bəlli olur ki, 13 saylı internat evinə ayrılan 10 hektarlıq torpaq sahəsi Dövlət Əmlak Komitəsinin tabeçiliyində olub ki, onun satılmasında komitə sədri Kərəm Həsənovun şəxsən özü iştirak edib: «Qanunsuz olaraq yetimlər evinin əlindən alınan torpaq sahəsi Kərəm Həsənovun sədrlik etdiyi Dövlət Əmlak Komitəsinin balansında olub. Bu isə o deməkdir ki, Dövlət Əmlak Komitəsinin razılığı olmadan bu torpaqların aqibəti ilə bağlı hər hansı bir qərar vermək mümkün deyil. 13 saylı internat evinə məxsus nəhəng torpaq sahəsi də K.Həsənovun razılığı və iştirakı ilə kənar şəxslər tərəfindən ələ keçirilib ki, bu qanunsuz alqı-satqıdan komitə sədrinin əhəmiyyətli dərəcədə karlı çıxdığı şübhəsizdir».

Mənbənin bildirdiyinə görə, bu gün sözügedən yetimlər evinin balansında yeni yaşayış binaları, yardımçı təsərrüfat obyektləri inşa etmək üçün torpaq olmadığına görə, internat evində həddindən artıq sıxlıq müşahidə edilməkdədir: «13 saylı internat evinə ayrılan 10 hektarlıq torpaq sahəsi 2006-cı ildə məmur tamahının qurbanı olduğu üçün, bu gün Buzovnadakı kimsəsiz uşaqların köhnə problemləri hələ də həll edilməmiş qalmaqdadır. Belə ki, ötən illər ərzində internat evindəki uşaqların sayı həddindən artıq artdığı üçün hazırda yaşadıqları binalar onların tələbatını qarşılamaq iqtidarına malik deyil. Əslində internat evinin məlum problemi illər öncə ölkə başçısı və onun xanımı tərəfindən nəzərə alındığı üçün sözügedən kimsəsizlər evinə böyük torpaq sahəsi məhz bu məqsədlə ayrılmışdı. Fəqət K.Həsənovun xidməti sayəsində bu qayğıdan məhrum olan kimsəsiz uşaqlar bu gün də darısqallıq içərisində yaşamağa, öz uşaq dünyalarını bu darısqallığın içinə sıxışdırmağa məhkumdur».

Mənbə K.Həsənovun bu əməlinin yaxın gələcəkdə ona ciddi problemlər yaradacağını da istisna etmir: «Heç şübhə yoxdur ki, yaxın günlərdə Buzovnadakı 13 saylı internat evi ilə bağlı bu problem ölkə başçısı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqətini də cəlb edəcək ki, bunun da K.Həsənov üçün itkisiz başa gəlməyəcəyi inkarolunmazdır. Çox güman ki, komitə sədrinin saysız-hesabsız qanunsuzluqlarından təngə gələn siyasi elita yetim malına göz dikən məmurla yollarını birdəfəlik ayıracaq və K.Həsənovu ən yaxşı halda vəzifədən uzaqlaşdırmaqla cəzalandıracaqdır».


Geri qayıt