Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏ BİLMİR

VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏ BİLMİR


2-05-2012, 14:55
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏ BİLMİR

MHİ-DƏN BUNA ETİTAZ GƏLDİ

Media Hüququ İnstitutu (MHİ) 1 saylı istintaq təcridxanasında saxlanılan jurnalistlər - “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyevin vəkilləri Rəşid Hacılı ilə görüşməsinə şərait yaradılmamasını pisləyir, jurnalistlərin, eləcə də onun vəkilinin hüquqlarının pozulmasının qarşısının alınmasını, müdafiə hüququnun səmərəli həyata keçirilə bilməsi üçün normal şəraitin yaradılmasını tələb edir. Bu barədə Media Hüququ İnstitutu məlumat yayıb.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə həbs olunub. Millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında rüşvət alma əməlinə görə həbs olunan jurnalist artıq altıncı aydır ki, istintaq təcridxanasında saxlanılır.

Regional “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev və həmin telekanalın icraçı direktoru Vüqar Qonaqov 13 mart 2012-ci ildə saxlanılıb. 2 həftədən çox qanunsuz olaraq DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi binasının zirzəmisində saxlanan hər iki jurnalist sonradan Penitensiar Xidmətin 1 Saylı İstintaq Təcridxanasına köçürülüb.

Media Hüququ İnstitutu bildirir ki, hər 3 jurnalistin hüquqlarını müdafiə edən vəkil Rəşid Hacılı aprel ayında təcridxanada bir neçə dəfə jurnalistlərlə görüşüb. “Ancaq aprelin 28-də vəkilin Əvəz Zeynallı və Zaur Quliyevlə görüşünə imkan verilməyib. Təcridxana rəhbərliyində görüşə şərait yaradılmamasını prokurorluğunun “xüsusi göstərişi” ilə izah edib”.

Media Hüququ İnstitutu təqsirləndirilən şəxslərin vəkilləri ilə görüşməsinə imkan verilməməsinin çox ciddi qanun pozuntusu olduğunu yada salıb. “MHİ vəkil Rəşid Hacılının müvəkkilləri ilə görüşməsinə imkan verilməməsindən narahatdır. Hüquqi yardıma, məsləhətə ehtiyacı olan jurnalistlərin vəkilləri ilə görüşməsinə imkan verilməməsi onların səmərəli müdafiə hüququna ciddi müdaxilə təşkil edir. Media Hüququ İnstitutu əlaqəli hüquq mühafizə qurumlarını jurnalistlərin vəkilləri ilə görüşməsinə şərait yaratmağa, jurnalistin hüquqlarının təmin olunması üçün təcili addımlar atmağa çağırır”, - məlumatda qeyd olunur.


Geri qayıt