Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İMİŞLİDƏN “KÜR”ÜN KOORDİNATORUNA DƏSTƏK
İMİŞLİDƏN “KÜR”ÜN KOORDİNATORUNA DƏSTƏK2-05-2012, 15:00 |
“OQTAY GÜLALIYEV ŞƏRLƏNƏRƏK TUTULUB” İmişli rayonunun bir qrup şəhid ailəsi, Qarabağ müharibəsi veteranı, YAP fəalları və sel köçkünləri Oqtay Gülalıyevin həbsini pisləyən müraciət yayıblar. Müraciət dövlət başçısı İlham Əliyevə, baş prokuror Zakir Qaralova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova ünvanlanıb. Müəlliflər 2010-cu ilin sel daşqınlarından əziyyət çəkən insanlara yardım məqsədilə yaradılan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru O.Gülalıyevin həbsini Sabirabad rayon məmurlarının və polis orqanlarının şəri sayırlar. Bu il yanvarın 7-də “Kür” qərargahı Sabirabadda forum keçirmək istəyib. Amma Sabirabad Rayon İcra Hakimiyyəti tədbiri sel daşqınlarından əziyyət çəkənlərlə polis qarşıdurmasına çevirib. Nəhayət, forum fevralın 28-də baş tutub. Burada qarşıdurmaya edilən cəhdin qarşısını O.Gülalıyevin aldığı qeyd edilir. Həmin tədbirdə seldən əziyyət çəkənlər yerli İcra Hakimiyyətlərini korrupsiya, rüşvət və ayrı-seçkilikdə ittiham ediblər. Sənəddə onun barəsində üsyana çağırış maddəsilə cinayət işinin qaldırılması şər hesab edilir. Müəlliflərə görə, bu həbs ölkəni həm daxildə, həm xaricdə rüsvay edib. Sabirabad rayon icra başçısı bu addımı ilə qanunları pozduğunu nümayiş etdirib. Müəlliflər dövlət başçısından Sabirabad hadisələrilə bağlı komissiyanın yaradılmasını, O.Gülalıyevin həbsinə səbəb olanların məsuliyyətə cəlb olunmasını, ona bəraət verilməsini xahiş edirlər. “Vətəndaşları üsyana sürükləyənlər ərizə və şikayətlərə məhəl qoymayan məmur özbaşınalığıdır” deyən müəlliflər Minbaşi kənd sakinlərinin etirazına haqq qazandırırlar. Son olaraq müəlliflər bu il martın sonunda dövlət başçısının sel köçkünlərinə 50 milyon manat vəsaitin ayırmasına görə təşəkkür edir, O.Gülalıyevin azad olunmasını xahiş edirlər. Geri qayıt |