Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA PAYTAXTDAN QAÇAQ DÜŞÜR?
İCTİMAİ PALATA PAYTAXTDAN QAÇAQ DÜŞÜR?2-05-2012, 17:15 |
MÜXALİFƏT SUMQAYITDA MİTİNQ KEÇİRƏCƏK İctimai Palatanın Sumqayıt regional şöbəsi mitinq keçirmək barədə qərar verib. Bu barədə “Yeni Müsavat”a İctimai Palatanın Sumqayıt regional şöbəsinin əlaqələndirmə şurasının üzvü, Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. Onun dediyinə görə, İP Sumqayıt regional şöbəsi mayın 13-də saat 15-dən 17-dək mitinq keçirilməsinə şərait yaradılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib. Müraciətdə mitinqə Nizami heykəlinin qarşısındakı meydanın, “28 may” və ya “Nərimanov” mədəniyyət evinin qarşısındakı meydanın ayrılması istənilib. F.Abbas bildirib ki, İcra Hakimiyyəti başqa meydan təklif edəcəyi halda Əlaqələndirmə Şurası müzakirə edib dəyərləndirəcək. F.Abbas Sumqayıtda əhalinin paytaxtdakından dəfələrlə narazı olduğunu vurğulayıb və deyib ki, mitinqə kifayət qədər insanın qatılması gözlənilir: “Sumqayıtda məmur özbaşınalığı, sahibkarların, sadə insanların mülkiyyətinin dağıdılması prosesi dözülməz həddə çatıb, rüşvətxorluq tüğyan edir, sosial narazılıq çox böyükdür. Camaatın canı boğazına yığılıb. Ona görə hesab edirik ki, mitinqə şərait yaradılsa, mitinqin təbliğatını aparmağa imkan verilsə, çox yaxşı bir mitinq olacaq”. F.Abbas həmçinin bildirdi ki, Əlaqələndirmə Şurası mitinqdən iki gün əvvəl-mayın 11-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək barədə də qərar qəbul edib. Bununla bağlı məktub İcra Hakimiyyətinə mayın 3-də göndəriləcək: “Piketin əsas tələbi Sumqayıt şəhərində müxalifət partiyalarının yerli şöbələrinə fəaliyyət göstərmələri üçün şərait yaradılması, qərargahla təmin olunmasıdır. Sumqayıtda müxalifət qüvvələrinə heç bir şərait yaradılmır. 2011-ci il mayın 15-dən Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahının qapısı bağlanıb. Qərargahı bu günə kimi geri ala bilmirik. Məhkəmələr bizim şikayətimizi yerinə yetirmir. Məhkəmələr ötür-ötür oyunu oynayır. Bakı İqtisad Məhkəməsi işi Sumqayıt İqtisad Məhkəməsinə göndərib. Sumqayıt İqtisad Məhkəməsi qətnamə qəbul edib Apelyasiya Məhkəməsinə göndərib ki, hələ müəyyənləşdirilsin görək işə hansı məhkəmə instansiyasında baxılmalıdır. Məsələni bu şəkildə uzadırlar. Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının qərargahını da qapatdılar. Biz qərargahsız qalandan sonra yığıncaqlarımızı KXCP-nin Sumqayıt şöbəsinin qərargahında keçirirdik. Artıq orada da buna imkan verilmir. O yerin sahibi gəlib xəbərdarlıq edib ki, burada Müsavat Partiyasının, AXCP-nin üzvləri yığışsa, geniş tədbirlər olsa obyekti onun əlindən alacaqlar. Bax belə çox pis vəziyyət yaranıb. AXCP-nin və AMDP-nin də qərargahları yoxdur. Bu gün faktiki olaraq yığıncaqlarımızı çayxanalarda keçirməyə məcbur oluruq. Piketi də bu problemlərin aradan qaldırılması tələbi ilə keçirəcəyik”. F.Abbas mitinq keçirmək barədə qərar qəbul etdikdən sonra İctimai Palatanın Koordinasiya Şurasını məlumatlandırdıqlarını dedi: “Koordinasiya Şurası etiraz etmədi. Onu da deyim ki, biz İctimai Palatanın Sumqayıt şöbəsinin mayın 12-də sessiyasını keçirmək barədə də qərar qəbul etmişik. İcra Hakimiyyətinə məktub göndərmişdik ki, sessiyanı keçirmək üçün yer verilsin. Bizə cavab gəldi ki, sessiyanın keçirilməsi üçün zallar İcra Hakimiyyətinin balansında deyil. Mədəniyyət və Turizm Nazirliyinin Sumqayıt şöbəsinə rəsmi məktub göndərmişik. Hələ cavab verilməyib”. Geri qayıt |