Əsas Səhifə > Partiya > “QARABAĞ” BLOKUNDAN SƏRT REAKSİYA

“QARABAĞ” BLOKUNDAN SƏRT REAKSİYA


12-10-2011, 15:33
“QARABAĞ” BLOKUNDAN SƏRT REAKSİYA

QURUMUN BƏYANATLARINDAN OD YAĞIR

DİA.AZ: - Bu gün Qarabağ Siyasi Blokunun rəhbər heyətinin növbəti toplantısı keçirilib.

ADP-nin mətbuat xidmətindən “Dünya” informasiya Agentliyinə (dia-az.life) daxil olan məlumata görə, toplantıda ölkədə ictimai siyasi vəziyyət, 18 oktyabr müstəqillik günü ilə əlaqədar tədbirlər haqqında və qərarların icra vəziyyətinə dair məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsində bloka daxil olan partiya fəallarının iştirakı ilə 15 oktyabrda (şənbə günü) saat 11-də, Azərbaycan Respublikasının müstəqillik günü ilə əlaqədar Şəhidlər Xiyabanının ziyarət edilməsi və xatirə kompleksinə əklil qoyulması haqqında qərar qəbul edilib.

Daha sonra Rusiya federasiyasının baş naziri V.Putinin Avroasiya İttifaqının yaradılması ideyası və Fransa prezidenti N.Sarkozinin Cənubi Qafqaz regionuna səfəri zamanı verdiyi açıqlamalarla əlaqədar bəyanatlar qəbul edilib. Bəyanatda deyilir: “Qarabağ Bloku Rusiya baş nazirinin yeni ittifaq təşəbbüsü ilə əlaqədar açıqlamasını MDB ölkələrinin müstəqilliyinə yönəlmiş təhdid kimi qiymətləndirir. Rusiya Federasiyasının son 20 ildə imperiya ambisiyalarından əl çəkməməsi və bölgə dövlətləri üzərində hegemon istəklərini həyata keçirməyə ardıcıl cəhdlər etməsi bu ideyanın keçmiş SSRİ–yə daxil olan müstəqil dövlətlər üçün nə qədər təhlükəli olmasını bir daha sübut edir.

Qarabağ Bloku hesab edir ki, Rusiya özü demokratikləşmədiyinə görə onun təşəbbüsü ilə yaranacaq hər hansı ittifaq demokratik və bərabərtərəfli ola bilməz.

Qarabağ Bloku hesab edir ki, Azərbaycan dövlətinin və xalqının maraqları baxımından hüquq bərabərliyi və demokratik prinsiplərə əsaslanan Avropa Birliyinin şərqə doğru genişlənməsi və regional iqtisadi birlik kimi formalaşmaqda olan GUAM-ın inkişaf etdirilməsinin alternativi yoxdur və dünyada sülh və təhlükəsizliyin qorunması məqsədilə bölgə xalqlarının Avropa Birliyinə inteqrasiyasının sürətlə həyata keçirilməsi istiqamətində bu birliyə daxil olan dövlətlərin hökumətləri daha ciddi dəstək verməlidirlər”.
Digər bəyanatda isə bildirilir ki, Qarabağ Bloku Fransa prezidenti N.Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində verdiyi Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş bəyanatları Qafqaz xalqlarının birliyinə, burada yaşayan xalqların gələcək əməkdaşlığına və bölgədə sülh və sabitliyin bərqərar olmasına qarşı ən böyük zərbə kimi dəyərləndirir: “Qarabağ Bloku Fransa prezidentinin Ermənistanda səsləndirdiyi bəyanatı və bu ölkəni Avropa Şurasında təmsil edən parlament üzvlərinin Dağlıq Qarabağ və digər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ilə əlaqədar beynəlxalq ictimaiyyətə ünvanlanmış müraciəti Fransa dövləti təmsilçilərinin Azərbaycan və Türkiyəyə qarşı xristian və erməni təəssübkeşliyindən doğan, tarixi faktların qəsdən təhrif olunması ilə həyata keçirilən qərəzli münasibət kimi qiymətləndirir.

Qarabağ bloku hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa dövlət təmsilçilərinin bu mövqeyi onun vasitəçilik missiyası ilə qətiyyən bir araya sığmır və bu ölkənin vasitəçilik missiyasının bundan sonra davam etdirilməsinin məqsədəuyğunluğu məsələsi ATƏT qarşısında qaldırılmalıdır.

Qarabağ bloku hesab edir ki, Fransa dövləti erməni soyqırımı ilə əlaqədar hər hansı qərəzli addım atacağı təqdirdə Azərbaycan Türkiyə ilə birlikdə öncə bu dövlətlə olan bütün iqtisadi əlaqələrini dərhal dayandırmalı və Fransanın Əlcəzair xalqına qarşı törətdiyi genosid hadisəsinin parlamentdə müzakirəsinə başlamalıdır”.

Geri qayıt