Əsas Səhifə > Partiya > OQTAY GÜLALIYEVİN SƏHHƏTİ AĞIRLAŞIB
OQTAY GÜLALIYEVİN SƏHHƏTİ AĞIRLAŞIB3-05-2012, 15:58 |
VƏKİLİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINDAN ŞİKAYƏT EDİR “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev barəsində seçilmiş qətimkan tədbiri hədsiz dərəcədə ağır və ədalətsizdir, bu barədə obyektiv.tv-yə müsahibəsində vəkil Yalçın İmanov bildirib. Aprelin 25-dən etibarən Gülalıyevin hüquqlarının müdafiəsinə başlamış hüquqşünasın sözlərinə görə, AR Ali Məhkəməsinin 3 noyabr 2011-ci il tarixli qərarı məhkəmələrə saxlanılan şəxsin ictimai təhlükə yaratmadığı hallar istisna olmaqla, qətimkan tədbiri kimi həbsdən istifadə etməməyi tövsiyə edir. Vətəndaşa qarşı üç ilə qədər həbs cəzası nəzərdə tutan maddələr üzrə ittiham irəli sürüldüyü hallarda Ali Məhkəmənin bu tövsiyəsi daha çox kəsərlidir (Gülalıyev CM-in 220.2-ci maddəsi ilə “hakimiyyət orqanlarına tabe olmamağa və kütləvi iğtişaşlara təhrik etməkdə” ittiham olunur). Məhkəməyə qarşı formal iradlarla yanaşı, işin mahiyyəti üzrə iradlar da var. Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində 2010-cu il daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinqlər keçirən yerli sakinlərlə görüş keçirərkən polislər tərəfindən saxlanılıb. O, xuliqanlıqda ittiham olunub. Bu zaman yerli icra hakimiyyətinin nümayəndəsi və kənd bələdiyyəsinin sədri şahidlik edib ki, bu da ittihamın sifariş xarakterli olduğunu göstərir. İmanovun sözlərinə görə, hüquq müdafiəçisinin ilk vəkili Əlaif Həsənov idi, lakin o, Sabirabad rayon polis şöbəsində təhqir olunub, yerli məhkəmə isə aprelin 19-da onu ümumiyyətlə razılaşdırılmış öhdəliklərinin yerinə yetirilməsindən kənarlaşdırıb. Odur ki, Sabirabad rayon məhkəməsində Gülalıyevə qarşı saxta ittiham üzrə proses vəkilsiz keçirilib ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Aprelin 26-da İmanov istintaqdan icazə alaraq Şüvəlan istintaq təcridxanasında müvəkkili Gülalıyevə baş çəkib. Onun sözlərinə görə, Gülalıyevin iki il əvvəl müalicə aldığı mədə-bağırsaq xəstəliyi kəskinləşib. Buna hələ aprelin 8-də Sabirabad rayon polis rəisi Rauf Məcidov və bir neçə polisin Gülalıyevi döyməsi səbəb olub. Gülalıyev vəkilə bildirib ki, onun qarın boşluğuna zərbələr endirilib ki, bu da daxili orqanların, o cümlədən bağırsağın fəaliyyətinə təsir göstərib. Gülalıyev aprelin 17-də ikinci dəfə Sabirabad rayon polis idarəsinin istintaq təcridxanasının növbətçi rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqirlərə və fiziki təzyiqə məruz qalıb. Vəkilin sözlərinə görə, istintaq təcridxanasında Gülalıyev kəskin ağrılar hiss edirdi və hədsiz dərəcədə zəifləyib. Vəkil işlə bağlı bir neçə vəsatətlə çıxış edib. Belə ki, o, vətəndaş cəmiyyəti nümayəndəsi barəsində qətimkan tədbirinin dəyişdirilməsi, habelə işin baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsini tələb edib, çünki DİN-in Sabirabad şöbəsi yerli icra hakimiyyətinin istəyini yerinə yetirir, buna görə Gülalıyevin ağır cəza almasında maraqlıdır. Lakin AR Baş Prokurorunun müavini Rüstəm Usubov hər iki tələbi təkzib edib. Oqtay Gülalıyev 2010-cu ilin yayından etibarən daşqının nəticələrinin aradan qaldırılması məsələləri ilə fəal şəkildə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur. Qərargah yerli icra hakimiyyəti orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya və vətəndaşların aldadılması faktlarının üstünü açıb. Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə insan yarımçıq qalan kompensasiyalarını, mənzillərini və dövlətdən başqa yardımları alıblar. Son olaraq Azərbaycan prezidenti Aran zonasında 8 rayonu əhatə edən daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə olaraq 50 mln. manat ayrılması haqqında fərman imzalayıb. “Kür” vətəndaş cəmiyyəti qərargahı Oqtay Gülalıyevin saxlanmasının siyasi motivli olduğunu hesab edir və vətəndaş cəmiyyətinin daşqının nəticələrinin aradan qaldırılmasında iştirakına və bununla da zərərçəkmişlərə vəsaitin paylanmasında şəffaflığa yol verməməyə çalışan hakimiyyətin bu əməllərini pisləyir. Qərargah hakimiyyəti Oqtay Gülalıyevi azad etməyə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq qərargahın fəaliyyəti üçün zəruri şəraiti təmin etməyə çağırır. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox torpaq sahəsi və 20 min ev su altında qalıb. 2012-ci ilin mart ayına qədər dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 350 mln. manat ayrılıb, lakin bu vəsaitin böyük hissəsi mənimsənilib. Prezidentin bu il martın 29-da əlavə olaraq 50 mln. manat ayrılması haqqında imzaladığı sonuncu sərəncamdan sonra “Kür” qərargahı vətəndaş cəmiyyətinin yardımın paylanmasında iştirakını təmin etmək çağırışı ilə dövlət başçısına müraciət edib, lakin Oqtay Gülalıyevin həbsi, nəzərə alınmasa hələlik müraciətinə cavab almayıb. Geri qayıt |