Əsas Səhifə > Partiya > HAKİMİYYƏTLƏ İCTİMAİ PALATA ANLAŞDIMI?
HAKİMİYYƏTLƏ İCTİMAİ PALATA ANLAŞDIMI?4-05-2012, 15:37 |
MÜXALİFƏT MİTİNQİ TƏXİRƏ SALDI “Üçüncü dəfə 20-ci sahədə mitinq keçirəndə bizə problem yaradılmayacağına heç kim təminat verə bilməz. Ona görə də bir daha 20-ci sahəyə getməyəcəyik” İctimai Palata mayın 6-na təyin olunan mitinqini təxirə salıb. Qurumun Koordinasiya Şurasının üzvü Rafiq Manaflı mayın 4-də “Media forum” saytına bildirib ki, mitinqin təxirə salınması Bakı Şəhər İcra Hakimiyyətinin aksiya üçün münasib meydan ayırmaması ilə bağlıdır: “İctimai Palata əvvəldən elan etmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yenə də 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasında keçirilməsini təklif etsə, bununla razılaşmayacaq. Meriya bizə yenə də 20-ci sahəni təklif edib. Ora getmək niyyətimiz yoxdur. Ona görə də 6 may aksiyasını təxirə saldıq”. R.Manaflı deyib ki, İctimai Palata iki dəfə xoş niyyət və konstruktivlik göstərərək Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyi ilə razılaşıb və 20-ci yaşayış sahəsində mitinq keçirib: “Amma hakimiyyət İctimai Palatanın bu xoş niyyətini və konstruktivliyini qiymətləndirə bilmədi. Hər iki mitinqdə bizə böyük problemlər yaratdılar, avtobusları xətdən çıxardılar, yolu bağladılar. Üçüncü dəfə 20-ci sahədə mitinq keçirəndə bizə problem yaradılmayacağına heç kim təminat verə bilməz. Ona görə də bir daha 20-ci sahəyə getməyəcəyik”. Şəhərin mərkəzində meriya ilə razılaşdırmadan mitinq keçirilməməsinin səbəbinə gəlincə, R.Manaflı qeyd edib ki, İctimai Palata indi buna zərurət duymur: “Əvvəla, yenə də konstruktivlik göstərərək ölkədə vəziyyəti gərginləşdirmək istəmirik. İkincisi, icazəsiz mitinqlərə polis sərt formada müdaxilə edir, onlarla müxalifətçi həbs olunur. Ötən ilin aprel ayındakı mitinqdə həbs olunalar hələ də azadlığa buraxılmayıblar. Dostlarımızın həbs olunmasını istəmirik. İcazəsiz mitinqlərin məqamı yetişməyib. Məqam çatanda bunu da edəcəyik”. Koordinasiya Şurasının üzvü bildirib ki, İctimai Palata mayın 7-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirəcək. İctimai Palata 6 may mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışınadək, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanadək, Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan yerləri istəmişdi. Meriya bu məkanlarda nəqliyyatın intensiv hərəkət etdiyini əsas gətirərək onları aksiya üçün uyğun saymayıb və 6 may mitinqinin Səbail rayonu ərazisində, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edib. Geri qayıt |