Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > RAMİZ MEHDİYEV DÖNƏMİ BAŞA ÇATMAQDADIR

RAMİZ MEHDİYEV DÖNƏMİ BAŞA ÇATMAQDADIR


7-05-2012, 17:48
RAMİZ MEHDİYEV DÖNƏMİ BAŞA ÇATMAQDADIR

PA-YA KİMİ RƏHBƏR GƏTİRİRLƏR? - ƏSAS NAMİZƏDLƏR KİMDİR?

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev keçən bazar günü Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzindəki inşaat-yekunlaşma işləri ilə tanış olub. Bildirək ki, sözügedən mərkəzin binasının 10 May tarixində təhvil veriləcəyi ilə bağlı xəbərlər yayılıb. Eyni zamanda qeyd olunur ki, həmin tarixdən etibarən həm də Heydər Əliyev Mərkəzi fəaliyyət göstərməyə başlayacaq.

Hələlik binanın açılışının 10 may tarixində yekunlaşa biləcəyinə bir qədər tərəddüdlər olsa da, Heydər Əliyev Mərkəziqnin fəaliyyətə başlayacağına şübhə yoxdur. Yəni artıq bununla bağlı yekun qərar verilib və eyni zamanda gələn məlumatlarda deyilir ki, sözügedən mərkəzə hazırda Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev başçılıq edəcək.

Bu barədə yayılan məlumatlara görə, ilk əvvəl Ramiz Mehdiyevin siyasi izoləsinin tam baş verməməsi üçün keçmih Sovetlər Birliyinin «politbüro»suna yaxın statusu daşıyacaq Heydər Əliyev Mərkəzinin sonradan təsir gücü də azaldılacaq. Yəni ilk başdan tanınacaq əlahiddə statuslar sırf olaraq Ramiz Mehdiyevin hakimiyyət daxilindəki təsir gücü ilə əlaqədardır.

Bir sözlə, bir zamanlar mətbuatda «boz kardinal» olaraq anılan Ramiz Mehdiyevin epoxası bitmək üzərədir. Bunu elə məlumatlı çevrələrdən DİA.AZ-a ötürülən xəbərlər də təsdiqləyir. Və bildirilir ki, yaxın vaxtlarda, ən uzağı «Avroviziya-2012» yarışmasının ardından Ramiz Mehdiyev postundan alınacaq. Bəs kim təyin ediləcək?

Bu sual ətrafında apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, sözügedən posta hələlik əsas olaraq üç şəxsin adı əsas namizəd kimi hallandırılmaqdadır. Onlardan ikisi hazırda Ramiz Mehdiyevin rəhbərliyi altında çalışmaqda və PA-da şöbə müdiri vəzifələrini daşımaqdadır. Söhbət Əli Əsədov və Zeynal Nağdəliyevdən gedir. Xatırladaq ki, hər iki şəxs eyni zamanda PA daxilində Ramiz Mehdiyevə qarşı olan qütbü də təşkil edirlər və hər iki şəxsin prezidentin komandasına daxil olduqları da bildirilir.

Üçüncü isim isə PA-dan kənarda - hakim Yeni Azərbaycan Partiyasının icra katibi postunu tutan Əli Əhmədovdur. Maraqlıdır ki, Əli Əhmədov da Ramiz Mehdiyevin sevmədiyi fiqurlardan biridir və hətta son parlament seçkilərində Əli Əhmədova qarşı Mehdiyev çox ciddi addımlar atmaqda idi və YAP-ın icra katibinin seçilməmə məsələsi də o zamankı mətbuatın müzakirə mövzularından birinə çevrilmişdi. Bununla yanaşı, Ramiz Mehdiyevin göstərişi ilə PA şefinə yaxın mətbuatda da Əli Əhmədov davamlı olaraq hədəfə alınır.

İndi isə məlumatlı mənbələr Əli Əhmədovun adını Ramiz Mehdiyevin postuna əsas namizədlərdən biri kimi hallandırırlar. Bu barədə danışan qaynaq iddia edir ki, əslində Ramiz Mehdiyevin Əli Əhmədova qarşı köklənməsinin kökündə də məhz bu faktor dayanır: «Ümumiyyətlə, Ramiz Mehdiyev hazırda onun yerinə ən şanslı namizədlər hesab olunan hər üç şəxslə ona görə ədavətdədir ki, o, həmin şəxslərin öz yerinə keçmə ehtimallarının yüksək olduğunu yaxşı bilir».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, hələlik kimin PA-ya rəhbər gətiriləcəyi ilə bağlı heç bir dəqiqləşmə yoxdur: «Ola bilsin ki, bu üç namizəddən biri olsun. Və yaxud da ola bilsin ki, tamam yeni bir sima PA-ya rəhbər təyin edilsin. Amma istənilən halda Ramiz Mehdiyevin iradəsi bu təyinat zamanı nəzərə alınmayacaq. Hər halda, Mehdiyevdən qurtarmaq istəyənlər təkrarən onun adamını bu posta daşımazlar».


Geri qayıt