Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN «AVROVİZİYA» AVTOŞLARI

ZİYA MƏMMƏDOVUN «AVROVİZİYA» AVTOŞLARI


8-05-2012, 12:30
ZİYA MƏMMƏDOVUN «AVROVİZİYA» AVTOŞLARI

NƏQLİYYAT NAZİRLİYİ BƏNÖVŞƏYİ TAKSİLƏRƏ ƏLAHİDDƏ HÜQUQLAR VERİB

DİA.AZ: - Məlum olduğu kimi, bu ayın əvvəlindən etibarən nəqliyyat nazirliyinin göstərişi ilə Bakıda taksi fəaliyyəti göstərən köhnə sovet maşınlarına qadağa tətbiq olunmaqdadır. Bildirək ki, əslində bu proses çoxdandır başlayıb. Hələ ilk günlərdə bu barədə mətbuata danışan nəqliyyat naziri Ziya Məmmədov xaricdən olduqca baha qiymətə aldığı Çin istehsalı olan bənövşəyi taksilərinə yol açmaq üçün «mən sovet maşınlarını taksi kimi görəndə utanıram» şəklində açıqlama vermişdi.

Əslində Ziya Məmmədovun nədən utanmasını hamı gözəl başa düşürdü. Çox baha qiymətə alınan ucuz taksilərə yol açılmalı idi. Çətinliklə olsa da, açıldı da…

Keçən ilin oktyabr-dekabr aylarından Ziya Məmmədovun maşınlarının üzərində «NN» yazılmış müfəttişləri az qala Hitler Almaniyasının «SS»çiləri kimi biçarə taksi sürücülərinin üzərinə hücuma keçdilər. Neçə taksi sürücüsünün ürəyi partladı, neçəsi xəstəlik tapdı. Bununla yanaşı, öz insani yaşam haqqlarını tələb edən sürücülər davamlı olaraq nazirliyin qarşısında etiraz aksiyaları da təşkil etdilər ki, bundan sonra Ziya Məmmədov və başının qoçuları fəaliyyətlərinə ara vermək zorunda qaldılar, köhnə sovet maşınlarına daha 5 aylıq fürsət tanıdılar.

İndi isə yenə də köhnə sovet maşınları hədəfdədir. Davamlı olaraq hansısa tində NN müfəttişlərinin taksi sürücülərinə divan tutmaları barədə xəbərlər gəlir. Və maraqlı orasıdır ki, hər kəs də bu baş verənləri sanki bir təbii proses kimi biganə şəkildə izləməkdədir. Olsun, bu artıq bizim mahiyyətimizdən doğan bir təzahürdür.

Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup köhnə sovet maşınının sürücüsü bildirib ki, onlara qarşı NN müfəttişlərinin zorakı əməlləri son günlər daha da artıb: «Bilmirik kimə müraciət edək, kimdən aman diləyək. Ailələrimiz acından öləcək. Şəhərin mərkəzinə girməyə icazə vermirlər. Müştərini yarı yolda düşürməli oluruq. Hətta bəzən elə olur ki, müştəri bizə yaxın durmur və deyir ki, onsuz da sizi mərkəzə buraxmırlar. Bəs nə ilə dolanaq?»

Taksi sürücüləri söhbət əsnasında maraqlı faktları da açıqladılar. Sən demə, birbaşa olaraq nəqliyyat nazirliyi tərəfindən Ziya Məmmədovun bənövşəyi taksilərini sürən sürücülərə əlahiddə haqqlar tanınıb: «Onlar harda gəldi saxlaya, harda gəldi hərəkət edə bilirlər. Hətta işıqforların işıqlarının da onlar üçün fərqi yoxdur. İstədikləri şəkildə maşını idarə edirlər və istədikləri surətlə. Onlardan biri ilə danışdıq. Dedi ki, nazirlikdən belə tapşırıblar və arxayın ediblər ki, hətta bu barədə dövlət yol polisi də məlumatlıdır. Zəruri hallarda qırmızı işığı da veclərinə almaya bilərlər».

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt