Əsas Səhifə > Sosial, Manşet > SUMQAYIT TƏHSİLİ İFLİC VƏZİYYƏTDƏ

SUMQAYIT TƏHSİLİ İFLİC VƏZİYYƏTDƏ


8-05-2012, 13:46
SUMQAYIT TƏHSİLİ İFLİC VƏZİYYƏTDƏ

ORTA MƏKTƏB MÜƏLLİMİ İCRA BAŞÇISINA MƏKTUBUNDA NƏLƏRİ YAZDI?

"Təhsil şöbəsinin müdiri Vidadi Bağırov 10-dan çox məktəb və bağçanın həyətyanı sahəsini, idman meydançasını və təcrübə sahəsini çoxmərtəbəli bina və avtodayanacaq sahiblərinə satıb"

DİA.AZ: - Sumqayıt şəhər 43 saylı tam orta məktəbin müəllimi Əlhəddin Paşayevin redaksiyamıza müraciəti daxil olub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanlı müraciətdə Sumqayıt təhsil sisteminin iflic vəziyyətə düşməsindən söz açılır. Şikayətçi Ə.Paşayevin dünən redaksiyamıza təqdim etdiyi müraciətində bildirilir:

"Hörmətli Eldar müəllim!

Siz gəlişinizlə Sumqayıta abadlıq, rahatlıq və yeni iş yerləri gətirmisiniz. Gəlişinizdən sonra Sumqayıt yeniləşib və gözəlləşib. Yaşadığım məhəllə sakinləri və şəxsən öz adımdan sizə və bu işdə əməyi olan butun insanlara minnətdarlığımı bildirirəm. Respublika Prezidenti İlham Əliyevin rüşvətxorluğa, korrupsiyaya və yerlərdə məmur özbaşınalıqlarına qarşı tədbirlərin görülməsi ilə bağlı verdiyi göstərişləri, həmçinin sizin zəngin iş təcrübənizi və Konstitusiyamızın 26-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq sizə müraciət edirəm.

37 ildir Sumqayıtın təhsil sistemində çalışıram. Şəhərdə bu sistemə hazırda Vidadi Bağırov rəhbərlik edir. O, kadrların seçilməsi və yerləşdirilməsi sahəsində, demək olar ki, "rekord göstəricilərə" nail olub. Belə ki, şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov ötən 15 ildə onlarla məktəb direktorunu mənəvi və inzibati təzyiqlərə məruz qoyaraq, onları cismən məhv edib.

O, məktəb direktorlarını müxtəlif bəhanələr, böhtanlar və müəyyən sarsıntılarla işdən kənarlaşdıraraq, təcrübəsiz, nöqsan və çatışmazlıqları olan şəxsləri irəli versə də, təəssüf ki, onun barəsində hələ də heç bir tədbir görülməyib.

Təhsil naziri Misir Mərdanovun 14 yanvar 2002-ci il tarixli sərəncamı (pedaqoji işçilərin işə qəbulu zamanı təhsil sənədlərinin dəqiqləşdirilməsi) V.Bağırov tərəfindən vaxtaşırı olaraq kobud şəkildə pozulmaqdadır. Bu da Sumqayıtın təhsil sisteminin iflic vəziyyətinə düşməsinə gətirib çıxarıb.

Belə ki, Vidadi Bağırov 2003-2004-cü tədris ilində Rusiya Federasiyasında Blaqoveşinski Kənd Təsərrüfatı İnstitutunun diplomunu əldə etmiş Ələkbərova Xanım Rza qızını Tuqzavod 42 saylı tam orta məktəbinə tərbiyə işləri üzrə (təşkilatçı) direktor müavini təyin edib. O, bilərəkdən saxtakarlığa yol verən məktəb direktoru və təhsil şöbəsinin məsləhətçisi (kurator-inspektor) barəsində vaxtında tədbir görməyib. V.Bağırov pedaqoji təhsili olmayan, saxta yolla kurs diplomu əldə etmiş adamı direktor müavini vəzifəsinə qəbul edənləri şəxsən özü müdafiə edib .

Hətta V.Bağırov 2006-2007-ci tədris ilində ali pedaqoji stajı olmayan həmin "unikal" kadrı 43 saylı tam orta məktəbə direkor təyin etdi. Son 3-4 ildə məktəbdə yaşanan qeyri-sağlam şəraitə və ciddi maliyyə pozuntularına görə 23 may 2011-ci il tarixdə isə həmin məktəb direktoru "ərizəsi" ilə işdən azad edildi. Ancaq təhsil şöbəsinin müdiri V.Bağırov və digər cavabdeh şəxslər cəzasız qaldı.

V.Bağırov məktəblərin 10-cu siniflərində oxuyan yüzlərlə şagirdi saxta arayışla ("JEK" və peşə liseyləri tərəfindən verilən) oxuduqları məktəbdən xaric edərək, onların təhsildən yayınmasına şərait yaradıb.

Bir faktı qeyd etmək kifayətdir: 2009-2010-cu tədris ilinin əvvəlində 43 saylı orta məktəbdə 42 şagirdin adı 10 a və 10 b sinif jurnalında yazılıb, ancaq ilin sonunda həmin şagirdlərdən 21-i üzürlü və üzürsüz səbəbdən "yoxa çıxıb". Bununla da ilboyu ciddi maliyyə nozuntularına yol verilib.

Son illər bir şagirdin adı 2 məktəbdə hesabata düşməklə şagirdlərin sayını süni şəkildə artırmaqla V.Bağırov bilərəkdən maliyyə nozuntularına şərait yaradıb.

Təhsil şöbəsinin müdiri Vidadi Bağırov 10-dan çox məktəb və bağçanın həyətyanı sahəsini, idman meydançasını və təcrübə sahəsini çoxmərtəbəli bina və avtodayanacaq sahiblərinə satıb.

31 yanvar 2010-cu ildə 11-ci siniflər üzrə 3577 şagird monitorinqdə iştirak edib. Həmin şagirdlər 2007-2008-ci tədris ilində 9-cu sinfi bitirib. Onda şagirdlərin sayı 4816 olub. Deməli, 4816 - 3577 = 1239 məktəbli 9-cu sinifdən sonra 11-ci sinfə qədər təhsildən yayınıb. Deyək ki, lap 30%-i peşə liseylərinə gedib, bəs qalanları hanı?

Hörmətli Eldar müəllim!

Qeyd etdiklərim V.Bağırovun yol verdiyi nöqsanların yalnız 1%-dir. 99%-lik faktları hələlik açıqlamıram, çünki həmin faktları açıqlamaq üçün günlər lazımdır. Ona görə də Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, mənimsəmə və israfetmə hallarına dair araşdırma aparılaraq barəsində lazımi tədbir görülməsini sizdən xahiş edirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də faktlara əsaslanan mövqeyini dərc etməyə hazırıq.

(Davamı var)

Geri qayıt