Əsas Səhifə > Partiya > PARTİYALARI DÖVLƏT MALİYYƏLƏŞDİRƏCƏK

PARTİYALARI DÖVLƏT MALİYYƏLƏŞDİRƏCƏK


13-10-2011, 14:07
PARTİYALARI DÖVLƏT MALİYYƏLƏŞDİRƏCƏK

BU, VENESİYA KOMİSSİYASINA TƏQDİM OLUNAN SƏNƏDDƏ ƏKS OLUNUB

“Düşünürük ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini öz üzərinə götürə bilər”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün bu gün Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək: “Venesiya Komissiyasında qanun layihəsi ilə bağlı müzakirələr aparılacaq. Layihə Prezident Administrasiyasında hazırlanıb, rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib. Yəqin ki, Avropa Şurasının rəyi də nəzərə alınmaqla, 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşacaq və layihə parlamentə göndəriləcək. Hesab edirik ki, bu qanunun qəbul olunması zəruridir. Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir. Dövlət siyasi partiyaları maliyyələşdirsə, siyasi partiyaların da üzərinə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəlik düşmüş olar”.

Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən Ə. Həsənov qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandığı səslərin sayıdır: “Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər: “Ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən avtomatik kənarlaşdırılır. Bizim Venesiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılan vəsaitin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə mülahizələr var. Mən indidən bu variantların təfsilatına varmaq istəmirəm. Venesiya Komissiyasında aparılan müzakirələrdən sonra yəqin ki, bu məqamlar açıqlanacaq. Ümumiyyətlə, müzakirələr zamanı başqa variantlar da üzə çıxacaq. Hər halda elə edəcəyik ki, Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmasın”.


Geri qayıt