Əsas Səhifə > Hadisə > RAMİL USUBOV İRƏVANA GEDİB

RAMİL USUBOV İRƏVANA GEDİB


13-10-2011, 14:10
RAMİL USUBOV İRƏVANA GEDİB

QARABAĞLI NAZİR TƏDBİRƏ QATILACAQ

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 13-də Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərinə yola düşüb.

DİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib ki, iki gün davam edəcək tədbirdə MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin (polisin) əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılacaq.

Daxili İşlər Nazirləri Şurasının iclasında həmçinin informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində MDB iştirakçısı olan dövlətlərin əməkdaşlıq Konsepsiyasının və üzv ölkələrin səlahiyyətli orqanları tərəfindən cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, odlu silah-sursatların ötürülməsi mexanizmləri haqqında Protokolun layihələri, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin 20 illik yubileyi ilə bağlı Daxili İşlər Nazirləri Şurasının tədbirləri və digər məsələlər müzakirə olunacaq.


Geri qayıt