Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISININ YENİ QƏBUL ÜSULU

İCRA BAŞÇISININ YENİ QƏBUL ÜSULU


10-05-2012, 13:19
İCRA BAŞÇISININ YENİ QƏBUL ÜSULU

SABİRABAD ŞEFİ NAZİM İSMAYILOV NARAZI CAMAATI ƏLƏ SALIR?

DİA.AZ: - Sabirabadda dünyada analoqu olmayan bir addım atılıb. Belə ki, rayon İcra başçısının qəbuluna gəlmək üçün hər həftənin cümə günü RİH-nə gəlib qeydiyyatdan keçməlisən. Yalnız bundan sonra növbəti həftənin bazar ertəsi İcra başçısının qəbuluna düşmək mümkündür (əgər o da mümkün olsa, yəni başçı rayonda iş yerində tapılsa).

Bu barədə DİA.AZ-a daxil olan şikayətlərin birində bəhs edilirdi. Ailə başçısı Qarabağ müharibəsi veteranı olan, Kür daşqınlarından zərər çəkən ailələrdən birinin üzvü Fatmagül Nəzərova bizi RİH başçısının qəbulunda olub hər şeyi öz gözlərimizlə görməyi xahiş etdi.

Polis əməkdaşları RİH binasını niyə mühasirəyə almışdı?

Srağagün Sabirabad rayon İcra Hakimiyyətinin həyətində gördüklərimiz bizi dəhşətə gətirdi. Sabirabad rayonunun polis şöbəsinin bütün şəxsi heyyəti sərəncamlarında olan texniki vasitələrlə birlikdə İcra Hakimiyyətinin inzibati binasını mühasirəyə almışdılar. Hiss olunurdu ki, başçı həm də ərazidə jurnalistin olduğundan xəbər tutmuşdu. Nazim İsmayılovun qəbuluna gəlmək istəyən rayon sakinləri-şikayətçilər binaya yaxınlaşmamış, polis əməkdaşları onları saxlayaraq müxtəlif bəhanələrlə və hədə-qorxu ilə oradan uzaqlaşdırırdılar. Bir neçə yaşlı insan, həmçinin ağsaqqal və ağbirçək isə inzibati binanın içərisinə daxil olsalar da orada onlara bildirdilər ki, keçən həftənin cümə günü qeydiyyatdan keçmədiyiniz üçün sizi qəbula buraxa bilmərik.

İcra başçısı Nazim İsmayılovun bu qanunsuz hərəkətlərinə öz etirazını bildirən yaşlı insanlar dərdlərini bizimlə bölüşmək isdədiklərini bildirdilər.

"Sonra da deyirlər ki, niyə qəzetə şikayət edirsiniz? Bəs biz dərdimizi kimə deyək?"

Sabirabadın Əliləmbəyli kənd sakini Əliyev Xanqulu Nüsrət oğlu kəndin İcra nümayəndəsindən şikayətçi olduğunu bildirdi. Xanqulu kişinin dediklərinə görə icra nümayəndəsi özünü kənddə xan kimi aparır, kəndin yüksək gərginlikli elektrik dirəyi istismar müddətini başa vurduğu üçün elektrik xətti qırılaraq yerə düşdüyündən ona məxsus olan iribuynuzlu və xırdabuynuzlu heyvanları tok vuraraq öldürmüşdür: "Dəvələrlə müraciət etmişəm ki, əncam çək, bir gün bu tok məni də vura bilər Deyir ki, sən kimdən qorxursan, yaşlı adamsan, onsuz da Əzrayıl başının üstündədir, tok vurur, qoy vursun da Əliləmbəyli kənd İcra nümayəndəsi Mustafa Məşədi oğlu heç kimi saymır. Bütün bunları görməməzliyə vuraraq heyvanların tələf olunması haqqında rayon Baytarlıq İdarəsinin tərtib etdiyi akta imza atmaqdan da imtina edir. Onun üçün də mən rayonun İcra başçısı Nazim İsmayılova müraciət etmək istəyirdim. Ancaq nə fayda? Burda da polislər binanı mühasirəyə aldıqları üçün bizi yaxın buraxmırlar. Hansı ki, mən Əliləmbəyli kədindən gəlmək və geri qayıtmaq üçün 50 manat pul xərcləmişəm. Bunun müqabilində isə icra başçısı Nazim İsmayılovun adını eşidirik, amma üzünü isə görmürük. Sizin qəzeti bizə prokurorluqdan nişan veriblər ki, şikayət edin, tədbir görəcəklər. Ona görə də bayaqdan sizi axtarırdım..."

"Sanki Sabirabad dövlətimizin yadından çıxıb..."

Sabirabadın Osmanlı kənd sakini Ələkbərov Müzəffər Qara oğlu da Xanqulu kişinin sözlərinə şərik çıxaraq bildirdi ki, "Sanki Sabirabad rayonu dövlət nəzarətindən kənarda qalıb. Yerlərdə icra başçısının nümayəndələri və onlara rəhbərlik edən rayonunun icra başçısı Nazim İsmayılov Sabirabadı özlərinin tərtib etdikləri qanunlarla idarə edirlər". Rayon sakini Müzəffər Ələkbərov onu da bildirdi ki, Şıxsalahlı kənd İcra nümayəndəsi Bəylər Heydərovun təşəbbüsü ilə Osmanlı kəndində subasmadan zərər çəkən insanların həyətlərinə baxış keçirərkən komissiya üzvləri onun həyətinə gətirilməmişdir: "Halbuki mənim evim Kür sahilində yerləşir və ən çox zərər çəkənlərdəndir. İcra nümayəndəsi Bəylər Heydərovun mənimlə aramızda olan şəxsi narazılığa görə FHN-nin əməkdaşlarını mənim evimə baxış keçirməsinə imkan verməmişdi Mən də dərdimi İcra başçısı Nazim İsmayılova bildirmək istəsəm də polis əməkdaşları buna imkan vermədilər".

Rayonun Həşimxanlı kənd sakini Hüseynov Maqsud Heydər oğlu kəndin İcra nümayəndəsi Həsən Hüseynovun vətəndaşların ərizə və şikayətlərinə yerində baxıb tədbir görməməsi barədə bizə şifahi qaydada şikayət etdi. Maqsud Hüseynov da bildirdi ki, həyətində yerləşən elektrik dirəyi köhnəldiyindən və standartlara uyğun olmadığı üçün bir neçə dəfə onun da mal-qarasını cərəyan vuraraq tələf etmişdir. Yağışlı havalarda bu dirək ailə və uşaqlar üçün böyük təhlükə yaradır: "Rayonun İcra başçısına, kənd İcra nümayyəndəsinə və Sabirabad Elektrik Şəbəkəsinə dəfəlrlə yazılı və şifahi müraciət etməyimizə baxmayaraq heç bir tədbir görülmür".

İcra nümayəndəsi sorğumuza "Gedin öz işinizlə məşğul olun!" cavabını verdi

Həşimxanlı kənd İcra nümayyəndəsi Həsən Hüseynovla elə yerindəcə əlaqə saxlayıb vətəndaşın şikayətinə baxmamasının səbəbini öyrənmək istədik. O isə cavabında "Gedin işinizlə məşğul olun" dedi. Amma Həsən Hüseynova xatırlatmaq istəyirik ki, biz həqiqətən də elə öz işimizlə məşğul oluruq. çünki jurnalistin vəzifəsi ona çatdırılan şikayəti araşdırmaq, qarşı tərəfin mövqeyini öyrənməkdir.

***

Düşünürük ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və onun yerlərdəki İcra nümayəndələri öz işləri ilə məşğul olsaydılar, yəqin ki, rayonda dövlət qurumlarına qarşı bu qədər narazılıqlar yaranmazdı...

Mirhüseyn Alarçaylı

Bakı-Sabirabad-Bakı


Geri qayıt