Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KEÇMİŞ NAZİRDƏN ƏCAİB AÇIQLAMA

KEÇMİŞ NAZİRDƏN ƏCAİB AÇIQLAMA


10-05-2012, 14:41
KEÇMİŞ NAZİRDƏN ƏCAİB AÇIQLAMA

“MƏN YALNIZ MƏNƏVİ MƏSULİYYƏT DAŞIYIRAM

“90-cı illərin əvvəllərində Şuşanın verilməsinə görə mənəvi məsuliyyət bütün siyasətçilərin üzərinə düşür”, - o zamankı müdafiə naziri Rəhim Qazıyev “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində bildirib.

R.Qazıyevin sözlərinə görə, ona qarşı dövlətə xəyanət üzrə ittiham irəli sürülməyib. O, səhlənkarlıq (əvvəlki CM-in 255 b maddəsi), xüsusilə iri məbləğdə dövlət vəsaitinin mənimsənilməsi (88-1) və 220.2 (qanunsuz silah saxlama) maddələrlə ittiham olunub.

Məhkəmə zamanı R.Qazıyevin prezident kürsüsü əvəzində Qarabağ ərazisinin verilməsinə bağlılığı barədə çox söz-söhbət olub. “Şuşa əldən gedərsə, alnıma bir güllə çaxaram” və bu kimi digər ittihamların əsası yoxdur”, - o bildirib.

“1992-ci ilin martında, mayın əvvəlində hakimiyyət uğrunda mübarizə gedirdi. Oturaq mitinqlər başlamışdı. Sənaye iflic vəziyyətində idi. Odur ki, müdafiə naziri postu nominal sayılırdı. Nazirin nəinki silahı, döyüş qabiliyyətli dəstələri, hətta ofisi, şəhər telefonundan başqa heç bir rabitə vasitəsi yox idi. Cəbhə zonasında səhra komandirlərinə və xalq içində populyar olan siyasətçilərə tabe olan pərakəndə dəstələr fəaliyyət göstərirdi. Vahid rəhbərlikdən söhbət belə gedə bilməzdi.

Şuşanın süqutundan bir qədər əvvəl, 1992-ci il aprelin 29-da və mayın 1-də şəhərin hərbi komendantı Elbrus Orucov və yerli İcra Hakimiyyətinin rəhbəri Nizami Bəhmənov ölkə rəhbərliyinin deyil, Naxçıvan Ali Sovetinin o zamankı sədri Heydər Əliyevin qəbulunda olublar.

Mayın 7-də olan vəziyyətə görə, komendaturanın sərəncamında 1645 nəfər, 3 tank, 8 PDM, 20 82 mm.-lik kalibrli minaatan, çoxlu atıcı silah, 12 min BM-21 mərmi (“Qrad”) və s. olub.

Məhkəmə zamanı komendant E.Orucov şəhər alınarkən nə üçün orada yüzdən az adamın qalması, nə üçün erməni-rus hərbi birləşmələri ilə yalnız milli qəhrəman Ramiz Qəmbərovun şəxsi batalyonunun döyüşməsi barədə suallara cavab verə bilməyib.

Ancaq Heydər Əliyevin hakimiyyəti dövründə E.Orucov general-mayor rütbəsi aldı və ölkənin müdafiə nazirinin müavini oldu. Halbuki, digər vəzifəli şəxslər kimi o da cinayət məsuliyyətinə cəlb olunmalı idi”, - R.Qazıyev bildirib.

1992-ci il mayın əvvəllərində ölkənin başında postsovet rəhbərliyi dururdu. R.Qazıyev AXC-ni təmsil edirdi və xalq cəbhəsinə tabe idi. Onun sözlərinə görə, Əbülfəz Elçibəy zəif iradəli, lakin məsuliyyətli prezident idi və R.Qazıyev axiradək onun mövqeyini müdafiə edib. Lakin 1993-cü ilin fevralında ölkə rəhbərliyi onu istefaya göndərib və bu da Heydər Əliyevin hakimiyyətə gəlişini yaxınlaşdırıb, R.Qazıyev bildirib.


Geri qayıt