Əsas Səhifə > Güney Press, Araşdırma > “AVROVİZİYA” SİYASİLƏŞSƏ, MƏHV OLAR”
“AVROVİZİYA” SİYASİLƏŞSƏ, MƏHV OLAR”11-05-2012, 14:46 |
AVROPA YAYIMLARI BİRLİYİNİN RƏHBƏRİNDƏN MÖVQE Avropa Yayımları Birliyinin rəhbəri İngrid Deltenre Almaniyanın “Şpigel” dərgisinin saytına müsahibə verib. “Media forum” saytı “Azadlıq” radiosunun yaydığı müsahibəni ixtisarla təqdim edir. - 2010-cu ildə “Avroviziya”nın təşkilatçısı olan Avropa Yayımları Birliyi Azərbaycanda jurnalistlərin qorxudulmasını, onların həbslərini pislədi və hakimiyyəti belə hallara qarşı tədbir görməyə çağıran qətnamə qəbul etdı. Ötən 2 il ərzində həmin tələblər yerinə yetirildimi? - Jurnaslitlərin qorxudulması hələ də var, bu da onu göstərir ki, məsələnin həllinə aparan yol hələ çox uzundur. - Sizin bəyanatın hansısa təsiri oldumu? - Müsbət təsiri necə ölçəsən? Bu yaxınlarda Cenevrədə Azərbaycanda media azadlığına həsr olunan konfrans keçirdik. Hökumətin konfransda iştirakı və prezidentin müşaviri Əli Həsənovla (Prezident Administrasiyasının şöbə müdiri – red.) təmsil olunması, onun Azərbaycan və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bir masa arxasında oturub istənilən tənqidi mövzunun müzakirəsinə razılaşması göstərdi ki, açıq dialoqa olan güclü bir iradə var. Dialoq isə həmişə düzgün istiqamətdə atılan ilk addımdır. - Tərəflərin məsələyə fərqli baxışları var. Məsələn, “Human Rayts Votç” deyir ki, siz hökumətə tribuna təklif etmisiz. İddia edir ki, Avropa Yayımları Birliyi Azərbaycanda media azadlığının pişləşən vəziyyətini dəqiq, aydın və açıq şəkildə dilə gətirməyib və bununla da özünün həmin prinsiplərə olan öhdəliklərini sual altına qoyub. Azərbaycanlı insan haqları fəalı Rəsul Cəfərovun sözlərinə görə, onda elə bir hiss var ki, Avropa Yayımları Birliyi rəsmi Bakıya işləyir. - Məncə, anlaşılmaz fikirdir. Mənim aləmimdə hökumətin tədbirdə iştirakı hadisəni tamamilə başqa nüfuz və etimad səviyyəsinə qaldırırdı. Nəticədə hökumət dedi ki, tənqidçi jurnalist Xədicə İsmayılovaya qarşı olan qarayaxma kampaniyasını ayıb sayır, rəsmilər bu məsələni aydınlaşdırmaq üçün əldən gələni edirlər. Bundan başqa yerli yayımçı olan İctimai TV-nin fəaliyyəti ilə bağlı biz çox konkret tədbirlər haqda razılıq əldə etdik, məsələn, proqramlarda fikir müxtəlifliyinin necə artırılmasını göstərmək üçün seminarlar təşkil edəcəyik. - Bu treninq ideyası Avropa Yayımları Birliyinin 2010-cu il qətnaməsində öz əkisni tapmışdı. Söhbət ən adi standartlardan gedir, Azərbaycan hökumətinin isə eyni ifadələri təkrarlaması qayda halını alıb. - Yox, bu baş verəcək. Amma Avropa Yayımları Birliyi 56 ölkədən təşkil olunub. Biz 2010-cu ildən bəri olduqca fəallaşmışıq, lakin bizim diqqət mərkəzimiz ancaq Azərbaycan olmayıb. Diqqətimizin və idarəetmə resurslarımızın müəyyən qismini ərəb baharı özünə cəlb etdi. Misir, Liviya və Tunisin yayımçıları da Avropa Yayımları Birliyinə üzvdürlər. - Tənqidçilər deyirlər ki, bu il “Avroviziya”ya sahiblik edən İctimai TV-nin proqramları o qədər birtərəfli və hökumətə yaxındır ki, bu kanal Avropa Yayımları Birliyinin qaydalarını pozur. Siz heç üzvünüz olan yayımçıların proqramlarına nəzarət edirsiz? - Sistematik olaraq yox. Amma bizə konkret siqnallar daxil olanda yoxlayırıq. Müəyyən mərhələdə biz Misir kanalının monitorinqini keçirdik və həmçinin İctimai TV ilə bağlı bu işi görmüşük. - Nəticəsi necə oldu? - Bu mənada aydınlaşdırdıq və ona görə də İctimai TV-yə daha çox jurnalizm treninqləri təklif edəcəyik. - Belə çıxır ki, nəticəsi arzuladığınız qədər olmayıb - Bəli, amma eyni vəziyyət başqa ölkələrdə də var. - Deyirsiniz ki, söz azadlığını dəstəkləyirsiniz, ancaq Avropa Yayımları Birliyi üzvləri əsl söz azadlığına əməl etməyəndə onlara sanksiya tətbiq olunmur. - Söz və mətbuat azadlığına gəldikdə, problem telekanalda deyil, hökumətdədir. Siz Avropa Yayımları Birliyi üzvü olan telekanalın bir ölkədə nə edə biləcəyinin fərqini anlamalısınız. Mən indi təkcə Azərbaycan deyil, Belarus barədə də danışıram. Bu ölkədə hökumət real jurnalistikanın inkişafında qətiyyən maraqlı deyil. Avropa Yayımları Birliyinin əsas ideyası təcrid deyil, həmrəylikdir. Birlik inanır ki, uzaq perspektivdə davamlı iş və daimi dialoq inkişafa aparır. - “Avroviziya”nın televiziya direktoru Yorgen Frank deyir ki, biz daha yaxşı və demokratik hüquqlar uğrunda dəyişiklik istəyirik, buna görə də Avropa uğrunda savaşırıq, ancaq biz prosesdə fəal iştirak etmirik, qoy bunu başqaları etsin. Bunu necə izah edə bilərsiniz? - Frank mahnı müsabiqəsi üçün məsuliyyət daşıyır. Mahnı müsabiqəsi köhnə ənənəli bir tədbirdir və aydın qaydaları var: kim qalib gəlsə, gələn il tədbir orada keçirilir. Nə qədər ki, buradayam, bu qayda dəyişməyəcək. “Avroviziya” siyasiləşsə, bəzi üzvlərlə ikinci dərəcəlilər kimi davransaq və onlara desək ki, tədbirə ev sahibliyi edə bilməzlər, çünki onların ölkəsində çalınan musiqi bizim standartlara uyğun gəlmir, yarışma məhv olar. Bu tədbir körpülər yaradır. Ancaq bu o demək deyil ki, bir qurum kimi bizim işlək demokratiya, xüsusilə də müstəqil və rəngarəng media barədə aydın fikirlərimiz yoxdur. - Yəni “Avroviziya” siyasi sistemdən asılı olmayaraq istənilən ölkədə keçirilə bilər. - Bəli, istənilən üzv ölkədə. - Hətta Belarusda da. Avropa Yayımları Birliyinin bugünkü mövqeyi dəqiq belədir. Geri qayıt |