Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “TEXNİKABANK” İŞİNDƏN XƏBƏR VAR

“TEXNİKABANK” İŞİNDƏN XƏBƏR VAR


11-05-2012, 15:27
“TEXNİKABANK” İŞİNDƏN XƏBƏR VAR

ƏLİ KƏRİMLİNİN QAYNI ZİYARƏT OLUNUB

Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.

Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, monitorinq zamanı təcridxanada saxlanılan şəxslərin qidalanması və onlara qarşı münasibətlə maraqlanıblar: “Bizə bildirdilər ki, təqsirləndirilən şəxslər təcridxanaya saxlanmaq üçün gətirilərkən, üstlərinə baxış keçirilir. Onlarda olan əşyalar götürülərək, protokollaşdırılır. Daha sonra isə həkim müayinəsindən keçirlər. Orada saxlanılan müddətdə isə gündə üç dəfə yeməklə, həftədə bir dəfə hamamla təmin olunurlar. Gün ərzində bir saat isə gəzintiyə çıxarılırlar”.

E. Behbudov təcridxanada saxlanılan 3 nəfərlə görüşdüklərini də bildirib: “Orada saxlanılan kompüter informasiyasına qanunsuz olaraq daxil olmaqda təqsirləndirilən Rəhman Musayev, qaçaqmalçılıqda təqsirləndirilən Namiq Səftərov və “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, dələduzluqda təqsirləndirilən Elnur Seyidovla görüşdüm. Heç birinin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Elnur Seyidov skleroz xəstəliyindən əziyyət çəkdiyini bildirdi. Orada olarkən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandım. Bildirdilər ki, vəziyyəti normaldır. Özünü təbii üsullarla müalicə edir. Heç kimlə görüşmək istəmir”.

Geri qayıt