Əsas Səhifə > Partiya > KEÇMİŞ DEPUTATLAR İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
KEÇMİŞ DEPUTATLAR İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR11-05-2012, 16:40 |
“ARİF HACILI AZADLIĞA BURAXILSIN” Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan bir qrup deputat Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə bağlı toplantı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, sabiq deputatlar İxtiyar Şirin, Sülhəddin Əkbər, İbrahim İbrahimli və digərləri hazırda həbsdə olan Arif Hacılı və aksiyalar zamanı saxlanılan İP üzvlərinin azadlığa buraxılmasının yollarına dair müzakirələr aparıblar. H. Əzimov prezident İlham Əliyevə həbsdə olan İP üzvlərinin azadlığa buraxılması xahişi nəzərdə tutan müraciətin mətnini toplantı iştirakçılarına təqdim edib. Müraciət yığıncaqda iştirak edən “istiqlalçı” deputatlar tərəfindən imzalanıb. Toplantıya qatılmayan sabiq deputatlar isə müraciətə imza atacaqlarını bildiriblər. Müraciət sabiq deputatlar tərəfindən imzalandıqdan sonra yaxın günlərdə prezident İlham Əliyev göndəriləcək. Müraciətdə Arif Hacılının siyasi fəaliyyəti ilə yanaşı, onun Azərbaycanın hökumət və dövlət qurumlarındakı fəaliyyəti də prezidentin diqqətinə çatdırılıb: “Cənab Prezident, biz, məktubu imzalayan “istiqlalçı” deputatlar, Sizdən xahiş edirik ki, yuxarıda göstərilənləri və həm də Arif Hacılının ailə başçısı və himayəsində 3 nəfər ailə üzvünün olmasını nəzərə alaraq onun və digər mitinq iştirakçılarının həbsdən azad olunmasına kömək edəsiniz. Hesab edirik ki, Sizin bu humanist qərarınız Avropada sülh və barışığa xidmət edən "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin Bakıda keçiriləcəyi ərəfədə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərər və ölkədə vətəndaş həmrəyliyinin bərqərar olmasında əhəmiyyətli rol oynaya bilər. Ümidvarıq ki, bizim bu çağırışımız nəticəsiz qalmayacaq”. Geri qayıt |