Əsas Səhifə > Sosial, Manşet > “QƏRİB MƏMMƏDOVA 100 MİN PUL VERMİŞƏM”

“QƏRİB MƏMMƏDOVA 100 MİN PUL VERMİŞƏM”


12-05-2012, 12:32
“QƏRİB MƏMMƏDOVA 100 MİN PUL VERMİŞƏM”

ŞAMAXIDA QOYUN YATAQLARINI KİMLƏR MƏNİMSƏYİR?

Hacı Şirinağa: "Bu gün (dünən - red.) bizi Şamaxı rayon Məhkəməsinə veriblər ki, yataqları boşaldın, "Azərsun" ərazidə əkin sahəsi yaradır..."

DİA.AZ: - Şamaxıdan redaksiyamıza həyacanlı xəbərlər gəlməkdədir. Söhbət rayonun qoyunçuluq təsərrüfatlarının məhv edilməsi ilə bağlı atılan yalnış addımlardan gedir.

Dünən Şamaxı rayon sakini Hacı Şirinağa redaksiyamıza zəng edərək dəhşətli faktlar açıqladı. Onun bildirdiyinə görə, bir müddətdir ki, Şamaxının Padarçöl ərazisində yerləşən qoyunçuluq təsərrüfatlarının qışlaq sahələrinə kimlərinsə gözü düşüb:

"Bizə heç bir kompensasiya, yaxud alternativ yer təklif edilmədən tələb qoyublar ki, təsərrüfatlara aid örüş sahələrini boşaldaq. Təsəvvür edin, indiyədək Padarçöl ərazisi ilanmələməz ərazi kimi tanınıb. Burada 15-dən çox qoyunçuluq təsərrüfatı, onlara məxsus tövlələr, qışlaq sahələri, çoban evləri, təsərrüfata məxsus digər əkin sahələri olub. On illərdir belədir. Sovet dövrü bu ərazi kolxozlara məxsus olub, sonradan bizlər həmin əraziləri icarəyə götürmüşük... Sonralar hər şey taleyin ümidinə atılıb... Təsəvvür edin, əraziyə maşın yolu belə olmayıb, qışda o yolu getmək mümkün deyil. Yayda isə toz-torpağın əlindən çobanlar it zülmü çəkirlər. Su mənbəyi yoxdur. Bir sözlə, hamı min zülm içində təsərrüfatla məşğul olur, dövlətin ət istehsalına bu yolla töhfə verir. İndi hazırca kökə tapmaq istəyənlər gəliblər ki, ərazini boşaldın. Təsəvvür edirsinizmi, 15-20 min qoyun saxlanılan ərazidir. Bu qədər təsərrüfatı hara aparmaq olar? İndi təzə üsul fikirləşiblər. Bizi Şamaxı məhkəməsinə veriblər ki, guya torağı korlayırıq. Nooldu, 30-40 ildi korlamadıq, indi korladıq? İkincisi, çöllük ərazidə qoyun saxlayırıq, təbii otlaq sahələridir, qoyun yiyəsiz çöllərə nə korluq verə bilər ki? Sovet vaxtı kolxoz qoyunu otlayanda ziyan vurmadı, indi milli qoyunlarımız ot yeyəndə dünya dağıldı... Bura meşə sahəsidir, yoxsa qoruq ərazisidir? Bizə deyirlər ki, guya ərazi "Azərsun"a verilir, burada əkin sahəsi salırlar, çuğundur, kələm əkəcəklər. Sizcə, ət, yun daha qiymətli ərzaqdır, yoxsa kələm? Biz təzyiqlər səngiməsə, həmin 15 təsərrüfatın bütün qoyunlarını Bakıya sürüb gətirəcəyik, qoy səsimiz Prezidentə çatsın. Məhkəməyə də bunu demişik... "

"Vəzifəyə gələndə Qərib Məmmədova 100 min manat pul vermişəm, onu qaytarmalıyam...".

Şikayətçinin sözlərində başqa bir dəhşətli faktla qarşılaşdıq. Məlum olur ki, Şamaxı torpaq şöbəsinə bu yaxınlarda əslən Ağcabədidən olan Nurəddin Hüseynov adlı şəxs təyin edilib. O, bir ay əvvəl qoyunçuluq təsərrüfatlarının rəhbərlərinə xəbərdarlıq edib ki, "Vəzifəyə gələndə Qərib Məmmədova 100 min manat pul vermişəm, onu qaytarmalıyam, əl tutun...". Etiraz gələndə o, açıq şəkildə bildirib ki, onda rəy və akt yazacağam ki, qoyunlar torpağı əzir, korlayır. Və sonra elə də edib və RİH başçısına dolaşıq məruzə edib. Məsələnin kökündən xəbərdar olmayan RİH başçısı isə məsələnin hüquqi müstəvidə həllinə tərəfdar olduğunu deyib. Bununla belə, Nurəddin Hüseynov həmyerlisi, yəni Ağcabədidən olan hakim Təranə Hüseynova ilə məsləhətləşdikdən sonra işi mülki qaydada, məhkəmə yolu ilə həll etməyə razılaşıb.

Dünən məsələ ilə bağlı Şamaxı rayon Məhkəməsi ilə əlaqə saxladıq. İşə baxan hakim Təranə Hüseynova ilə danışmağımız sabaha qaldı. Şamaxı RİH-dən isə səlahiyyətli şəxslərin işdə olmadığını bildirdilər. "Azərsun"dan isə telefonumuza qəzet çapa gedənə kimi cavab verən olmadı.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. Amma heç vaxt inanmırıq ki, qoyunçuluq təsərrüfatının ənənəvi sahə olduğu bəlli olan Şamaxının RİH başçısı, təcrübəli rəhbər işçi olan Asif Məmmədov belə qanunsuz hərəkətə imkan versin.

Qeyd edək ki, kimlərinsə gözü düşən yataqlarda, həmçinin Şamaxının keçmiş RİH başçısı, uzun illər millət vəkili olmuş Şirzad Əyyubovun qoyunçuluq təsərrüfatı da var, onun da yatağı əlindən alınır... Şeyx Əyyub Baba nəslindən olan Şirzad Əyyubovun süfrəsinə göz dikənlər inanmırıq ki, sonda xeyir tapsınlar. Ən azı ona görə ki, bu süfrə həm də Azərbaycan üçün həmişə açıq olub.

Mövzuya qayıdacağıq. / Tezadlar /

Geri qayıt