Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 18 YAŞLI ATƏŞKƏS
18 YAŞLI ATƏŞKƏS12-05-2012, 12:38 |
ERMƏNİLƏR ÜÇÜN BU MÜQAVİLƏ SİMVOLİKDİR Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasından 18 il ötməsinə baxmayaraq, Ermənistan silahlı birləşmələri intensiv olaraq atəşkəs rejimini pozurlar. Atəşkəsin pozulması faktı indi də Ermənistan tərəfindən davam etdirilir. Bunu SalamNews-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. Ötən müddət ərzində ermənilərin atəşkəsi qəsdən mütəmadi olaraq pozduğunu vurğulayan T.Abdullayev deyib: “Ermənilərin açdığı atəş nəticəsində xeyli sayda dinc insan həyatını itirib. Bundan əlavə, ötən illər ərzində minaların və partlamayan döyüş sursatlarının partlaması nəticəsində cəbhə xəttində minlərlə Azərbaycan vətəndaşı həlak olub. Əlbəttə ki, Azərbaycan Silahlı Qüvvələri də Ermənistan hərbçilərinin atəşkəs rejimini pozmasına cavab olaraq düşməni daim susdurub”. T.Abdullayev qeyd edib ki, Ermənistan tərəfi atəşkəs haqqında imzalanmış sazişin tələblərinə məhəl qoymur. Xatırladaq ki, bu gün Azərbaycan ilə Ermənistan arasında Qırğızıstanın paytaxtı Bişkek şəhərində atəşkəs haqqında sazişin imzalanmasından 18 il ötür. Bişkek protokolu MDB-nin Parlamentlərarası Assambleyası, Qırğızıstan parlamenti, Rusiyanın Federal Məclisi və Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə 12 may 1994-cü ildə imzalanıb. Bu protokol əsasında atəşkəs rejimi haqqında saziş əldə olunub. Mayın 19-da ATƏT çərçivəsində atəşkəs rejimi haqqında sazişin şərtlərinə nəzarət üzrə daimi komissiya yaradılıb. Geri qayıt |