Əsas Səhifə > Güney Press, Araşdırma > “QALATASARAY” YOXSA FƏNƏRBAXÇA?!

“QALATASARAY” YOXSA FƏNƏRBAXÇA?!


12-05-2012, 12:57
“QALATASARAY” YOXSA FƏNƏRBAXÇA?!

TÜRK FUTBOLUNUN FATEHİ BU GÜN SÖZÜNÜ DEYƏCƏK

Əzəli rəqiblərin mayın 12-də Kadıköydə, «Şükrü Saracoğlu» stadionunda keçirilən qarşılaşmasında Türkiyə çempionu məlum olacaq. Oyun Bakı vaxtilə saat 21:00-da (yerli vaxtla 19.00) başlayacaq.

«QALATASARAY»A BƏRABƏRLİK DƏ BƏSDİR, «FƏNƏRBAXÇA» İSƏ…

Sarı-qırmızılar qalib gəlmək, ya da oyunu bərabər başa çatdırmaqla çempion olacaqlar. «Fənərbaxça»nın isə bir yolu var - ancaq qalib gəlmək. «Qalatasaray»ın 47, «Fənərbaxça»nın 46 xalı var.

Futbol mütəxəssisləri deyir ki, ilk qol oyunun taleyini müəyyən edə bilər. Çünki ilk qolu vuran həm də psixoloji üstünlük qazanır və asan məğlub olmur.

«Fənərbaxça»nın baş məşqçisi Aykut Kocaman deyib ki, stadionda uğultu yaradacaq azarkeşlər istəmir. «Fənərbaxça»nın qapıçısı Volkan Demirel isə «Fənərbaxça» azarkeşlərinin doğma stadionda centlmen kimi davranacaqlarına inanır.

«Qalatasaray» azarkeşləri oyunu stadiondan izləyə bilməyəcək. «Fənərbaxça» azarkeşləri isə stadionu dolduracaq. Matçın biletləri mayın 10-dan satılıb qurtarıb.

Oyunun təhlükəsizliyini 3 327 polis qoruyacaq.

13 İLDƏN SONRA...

Bu qarşılaşmanın «Qalatasaray» üçün bir başqa əhəmiyyəti də var. Sarı-qırmızılılar 13 ildir «Şükrü Saracoğlu»nda qalib gələ bilmir. Komanda son dəfə 1999-cu ildə bu stadiondan qalib ayrılıb. Kadıköydə keçirilən son 15 matçdan 11-də «Fənərbaxça» qalib gəlib, 4 qarşılaşma isə heç-heçə ilə nəticələnib. «Qalatasaray» qalib gələrsə, 13 ildən sonra şeytanının qıçını sındırmış olacaq. Elə «Qalatasaray»lı futbolçu Necati Ateş də deyib ki, «udsaq, son illərin məğlubiyyəti və heç-heçələr yaddan çıxacaq».

KUBOK KADIKÖYDƏ VERİLƏCƏK

Bu vaxtadək bildirilirdi ki, kimin qalib gəlməsindən asılı olmayaraq, çempionluq kuboku «Şükrü Saracoğlu»da verilməyəcək. Ancaq mayın 11-də Türkiyə Futbol Federasiyası (TFF) kubok ətrafındakı qızğın müzakirələrə son qoydu.

TFF bildirib ki, «Fənərbaxça»-«Qalatasaray» oyununun sonunda kuboku qalib komandaya federasiyanın rəhbəri Yıldırım Demirören stadionda özü təqdim edəcək.

MEYDANA KİMLƏR ÇIXACAQ?

«Fənərbaxça»nın kapitanı Alex və Gökhan Gönül zədəlidir. Məşqlərini komandadan ayrı keçirən bu iki futbolçunun oyuna çıxıb-çıxmamaları son hazırlıqlardan sonra məlum olacaq. Müalicələri hələ davam edən Moussa Sow ilə zədə üzündən məşqlərə yeni qoşulan Sezer Öztürk oyuna çıxmayacaq.

Aykut Kocaman'ın bu futbolçuları meydana buraxacağı gözlənilir: Volkan Demirel, Gökhan Gönül, Bekir İrtegün, Yobo, Ziegler, Mehmet Topuz, Selcuk Şahin, Emre Belezoğlu, Cristian, Stoch, Bienvenu.

Fatih Terim'in isə 11 sarı-qırmızılısının bunlar olacağı planlaşdırılır: Muslera, Eboue, Semih Kaya, Ujfalusi, Hakan Balta, Engin Baytar, Melo, Selcuk İnan, Emre Çolak, Baros (Necati Ateş), Elmander. / Azadlıq Radiosu /


Geri qayıt