Əsas Səhifə > Sosial, Manşet > POLİSİN QURDUĞU İNTERNET MAFİYASI

POLİSİN QURDUĞU İNTERNET MAFİYASI


14-05-2012, 11:49
POLİSİN QURDUĞU İNTERNET MAFİYASI

TƏCRÜBƏSİZ GƏNCLƏR “ODNOKLASSNİKİ” MAFİYASININ QURBANI OLUR

DİA.AZ: - Azərbaycanda hər cürə biabırçılıq, hər cürə rəzalət görmüşdük, ancaq beləsini yox. Bunlar elm-texnikadan, müasir sosial şəbəkələrdən də pul qopartmaq üçün istifadə edirlər. Sözün qısası, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində nələr baş verir?

DİA.AZ bildirir ki, “Odnoklassnik”-ə daxil olan cavanlar sosial şəbəkədə tanış olur, ünsiyyət qurur, fikir və düşüncələrini paylaşırlar. Sosial şəbəkə vasitəsilə tanış olan, hətta evlənənlər də var. Bunlar müasir dövrün həyat tərzidir. Ancaq bizim bəzi polislər sosial şəbəkə vasitəsilə bəzi cavanları “qarmağa” keçirirlər. Belə ki şəbəkədə əvvəlcədən hazırlanmış cavan xanımlar gənc oğlanlarla tanış olur və onları 39-cu Polis Bölməsinin ərazisində yerləşən “Torqovı” adlanan küçədə görüşə dəvət edirlər. “Zərər çəkən”lərdən biri söyləyir ki, “odnoklassnik”-də bir qızla tanış oldum və görüşmək üçün razılaşdıq.

Şəhərdə görüşüb xeyli gəzəndən sonra kafedə əyləşib çörək yedik. Sonra qız məndən 20 manat pul istədi və qadın üçün lazım olan nəyisə alacağını bildirdi. Və məndən 20 manat pulu alandan sonra yaxınlıqda harasa gedib-qayıtdı. Sonra biz qızla əl-ələ verib gəzə-gəzə küçədə gedirdik. Birdən gördüm ki, polislər bizə yaxınlaşıb 39-cu Polis Bölməsinə apardılar. Orada üstümüzü yoxladılar və qızın üstündən narkotik maddə adlanan nəşə çıxdı. Polis işçiləri qıza sual verdilər ki, bu nədir? Qız cavab verdi ki, bu oğlan mənə 20 manat verdi mən də gedib aldım, indi gedirik dincəlməyə. Mən deməyə söz tapmadım, qaldım məəttəl. Axı, qız məndən 20 manatı özünə aid nəsə almaq üçün istəmişdi. Mən haradan bilərdim ki, pulu narkotik maddə almaq üçün məndən istəyir? Mən bilsəydim ki, qızın üstündə narkotik maddə var, mən onunla küçədə sərbəst gəzərdimmi? Sonda məsələ “alış-veriş”lə yekunlaşır.

İkinci “zərərçəkmiş” isə ölümlə üz-üzə qalıb. “Odnoklassnik”də cavan xanımla tanış olan oğlan “Torqovı”da görüşməli olur. Bir az gəzdikdən sonra eyni ssenari təkrarlanır. Oğlanı və tanış olduğu cavan xanımı polis saxlayıb 39-cu Polis Bölməsinə aparır. Uzun söz-söhbətdən sonra zərərçəkmiş oğlanın atası və qardaşı gəlib “hörmət” edəndən sonra oğlanı buraxırlar. Məsələni aydınlaşdırmaq üçün oğlan sabah həmən yerə gəlir ki, qızla görüşsün və nə baş verdiyini öyrənsin. Bu vaxt sən demə həmin qız ikinci bir “qurban”ını tora salırmış və polislər kənardan müşahidə edirmişlər. Heç nədən xəbəri olmayan “zərərçəkmiş” qıza yaxınlaşır ki, məsələni aydınlaşdırsın. “Yeni plan”ın pozulduğunu görən polislər oğlanı zorla bölməyə aparırlar. Və orada oğlanı elə döyürlər ki, yazıq az qalır canını tapşıra. Vəziyyətin pisləşdiyini görən Bölmə rəhbərliyi oğlanı “Semaşko” xəstəxanasına çatdırılar. Ancaq “zərərçəkmiş”in vəziyyəti pisləşməkdə davm edir. Qorxuya düşən Polis Bölməsinin rəhbərliyi öz cibindən xərc çəkməklə oğlanı təcli Mərkəzi Klinik Xəstəxanaya köçürür.

Bax, beləcə. Əziz cavanlar! Sosial şəbəkədə tanış olduğunuz xanımlar sizi “Torqovı”ya dəvət etsələr bilin ki, “tora” düşəcəksiniz. Hətta yolunuz Mərkəzi Klinik Xəstəxanaya düşə bilər. Ona görə də ehtiyatlı olun.


Geri qayıt