Əsas Səhifə > Partiya > “AVROVİZİYA” ADI İLƏ BÜDCƏ DAĞIDILIR

“AVROVİZİYA” ADI İLƏ BÜDCƏ DAĞIDILIR


15-05-2012, 13:07
“AVROVİZİYA” ADI İLƏ BÜDCƏ DAĞIDILIR

DEMOKRATLAR ETİRAZ BƏYANATI YAYDI

DİA.AZ: - ADP mətbuat xidmətindən DİA.AZ-a daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə son vaxtlar yerli və qərbin bir sıra nüfuzlu mətbu orqanlarında Azərbaycanın prezidentinin ailə üzvlərinin qeyri-qanuni biznes əlaqələrində və korrupsiyada adının hallanması, ayrı-ayrı müştərək şirkətlər birliyində onların payçı kimi iştirakını təsdiqləyən jurnalist araşdırmalarının yayılması ilə bağlı ictimaiyyəti ciddi narahat edən faktları ölkədə uzun illər ərzində davam edən seçkilərin saxtalaşdırılması, hakimiyyətin bir əldə cəmləşdirilməsi, təkpartiyalı rejimin yaradılmasına cəhdlər kimi siyasi amillərin meydana çıxardığı qeyri şəffaf iqtisadiyyat, iqtisadi monopoliya, qeyri azad rəqabət mühitinin nəticəsi kimi dəyərləndirib və müvafiq qurumları bu məsələlərə aydınlıq gətirən açıqlamlar verməyə çağırıb.

Bakıda keçirilməsi nəzərdə tutulan Evrovision musiqi yarışmasına münasibət bildirən partiya yetkililəri bu yarışmanı azad musiqi bayramı baxımından təqdirə layiq hesab etsə də, bu tədbirin keçirilməsi üçün dövlət büdcəsindən analoji tədbirlər keçirən digər ölkələrlə müqayisədə küllü miqdarda artıq vəsait ayrılması, dövlət vəsaitlərinin musiqi yarışması adı altında mənimsənilməsi ehtimallarının böyük olmasından narahat olduğunu bildirib və bu tədbirin nəticədə ölkədə insan hüquq və azadlıqlarının daha çox pozulması, habelə korrupsiya üçün münbit zəmin yaradılmasına xidmət edə biləcəyini diqqətə çatdırıb. Habelə, İdarə Heyəti üzvləri vətəndaşlarımızı keçirilən tədbirlə əlaqədar onların mülkiyyət və digər hüquqlarının pozulması faktlarına görə birbaşa Evrovizion yarışmasının təşkilatçılarına qarşı iddia qaldırmağa çağırıb.

İdarə Heyəti üzvləri iqtisadi sıxıntılar və ciddi milli problemlərin yaşandığı bir ölkədə milyonlarla vəsait hesabına başa gələn və xalqın mənəvi istəklərini əks etdirməyən Gül bayramının keçirilməsini təqdirə layiq hesab etməyib və prokurorluq orqanlarından müxtəlif adlar altında dövlət büdcəsinin dağıdılmasına, küllü miqdarda vəsaitlərin mənimsənilməsinə və aşkar korrupsiya faktlarına yol verilməsinə görə Bakı meri H.Abutalıbovun haqqında cinayət araşdırmasına başlanmasını tələb edib.

İdarə heyəti üzvləri son vaxtlar İranla Azərbaycan arasında yaşanan gərgin siyasi münasibətlərdən narahat olduğunu bildirib və bu gərginliklərin tarixi, iqtisadi, siyasi əlaqələri əsrlərlə davam edən hər iki xalqın mənafeyinə zidd olduğunu diqqətə çatdırıb və ölkə rəhbərlərini qarşıdurmalardan çəkinməyə və gərginliklərin aradan qaldırılması istiqamətində ciddi səylər göstərməyə çağırıb.

İdarə heyəti üzvləri Zaqatala bölgəsində baş verən zəlzələdən insanlara dəyən zərərlərin aradan qaldırıması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunmasının vacibliyini diqqətə çatdırıb və bu günə qədər ayrı-ayrı bölgələrdə olan zəlzələ və təbii fəlakətlər üçün ayrılmış kompensasiyaların mənimsənilməsi faktlarının təkrar olunmaması üçün bu ayırmaların şəffaflıq və ictimai nəzarət şəraitində həyata keçirilməsinə çağırıb.

İdarə Heyəti üzvləri Kinomatoqrafiya İttifaqının icarə haqqını ödəməməsini bəhanə edərək ofisinin əlindən alınması cəhdi ilə əlaqədar məsələyə də münasibət bildirib, gəlir əldə etmək məqsədi olmayan yaradıcı bir təşkilata qarşı atılan bu addımı İttifaqın sədri, tanınmış ictimai xadim və Ziyalı Forumunun üzvü R.İbrahimbəyova hakimiyyətin təzyiqi və repressiyası kimi dəyərləndirib, bu cür münasibəti qəti olaraq pisləyib və hakimiyyəti konkret siyasi ambisiyaları olmayan, xalqın ümumi maraqlarına xidmət edən dəyərli ziyalılara qarşı impulsiv, düşünülməmiş addımlar atmamağa çağırıb.


Geri qayıt