Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOV OLİQARXLARIN DÖYÜŞÜNDƏ

İSMƏT ABBASOV OLİQARXLARIN DÖYÜŞÜNDƏ


15-05-2012, 14:39
İSMƏT ABBASOV OLİQARXLARIN DÖYÜŞÜNDƏ

KTN ŞEFİ ÖZÜ DƏ BİLMƏDƏN BƏYLƏR ƏYYUBOVUN BOSTANINA DAŞ ATIB

DİA.AZ: - Məlum olduğu kimi bu ayın 18-də kənd təsərrüfatı sahəsində süni mayalanma proqramı çərçivəsində Sabirabad rayonunda müşavirə keçiriləcək. Qeyd edək ki, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə hazırda Azərbaycanda ölkəyə damazlıq heyvanlarının gətirilməsinə ciddi diqqət yetirilir və damazlıq heyvanlarına tələbat artıb: «Ölkəyə gətirilən damazlıq heyvanlar südçülükdə istifadə olunur. Mütəmadi olaraq gətirilən damazlıq heyvanlarının növbəti partiyası may ayında, daha sonra isə payızda gətiriləcək».

İ.Abasov onu da bildirib ki, hazırda Azərbaycan ölkədə istehsal etdiyi meyvə-tərəvəz və bostan məhsulları ilə özünü tam təmin edə bilir. Eyni zamanda bu məhsullar ixrac olunur və ölkə ərazisində inşa olunan yeni istixanalar ixracın həcmini bir qədər də artıracaq.

Onu da bildirək ki, İsmət Abbasov bir neçə gün əvvəl geni modifikasiya olunmuş (GMO) meyvə-tərəvəz və bostan məhsulları ilə bağlı da bir səs-küylü açıqlamada bulunmuşdu. Nazir bildirmişdi ki, əslində xarici görünüşcə gözəgəlimli olan bu məhsulların insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunması səbəbindən KTN onların idxalının qarşısını almağa çalışır.

Elə deyəsən, bu sözü də naziri böyük bir problemə tuş gətirib. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbəmiz bildirir ki, İsmət Abbasov əslində, kimin bostanına daş atdığını gözəl bilir: «Məlumdur ki, bu gün idxal biznesinin böyük hissəsinə hazırda Dövlət Gömrük Komitəsini də inhisarı altında saxlayan fövqəladə halar naziri Kəmaləddin Heydərov nəzarət etməkdədir. Amma kənd təsərrüfatı məhsulları və eləcə də ət məhsulları idxalı birbaşa olaraq Bəylər Əyyubovun kontrolu altındadır».

Bununla da GMO məhsullara qarşı savaş elan etdiyini bildirən İsmət Abbasovun əslində, Bəylər Əyyubova ilişdiyini deyən mənbəmiz vurğulayır ki, KTN şefini buna vadar edən isə Kəmaləddin Heydərovdur: «Neçə müddətdir ki, Kəmaləddin Heydərovla Bəylər Əyyubov arasında idxal biznesi uğrunda böyük bir mübarizə gedir. FHN şefi bu gün ölkəyə gətirilən əksər idxal məhsullarına nəzarət etsə də, bir sıra mühüm strateji əhəmiyyət daşıyan məhsulların idxalını Bəylər Əyyubova güzəştə getməli olub ki, bu da əslində, onun səlahiyyətlərini aşan bir məsələdir. Ona görə də, Kəmaləddin Heydərov hazırda iynə üstündə oturmuş İsmət Abbasovu özü də bilmədən rəqiblərinə qarşı qaldırmaqla, məlum konfliktdəki maraqlarını qorumuş olur».


Geri qayıt