Əsas Səhifə > Partiya > “BİSMİLLAH DEMƏKLƏ DONUZ HALAL OLMAZ”

“BİSMİLLAH DEMƏKLƏ DONUZ HALAL OLMAZ”


16-05-2012, 13:15
“BİSMİLLAH DEMƏKLƏ DONUZ HALAL OLMAZ”

ADP SƏDRİ HAKİMİYYƏTƏ CƏZA TƏLƏB EDİR

Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Füle media nümayəndələrinə açıqlama verərkən qeyd edib ki, Avropa Birliyi Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Lakin bu əməkdaşlıq ölkədə hər hansı bir islahat və demokratik dəyişiklər aparılmadan mümkün olmayacaq. Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu FaktXeber.com-un suallarını cavablandırıb.

- Sərdar bəy nəzərə alsaq ki, hakimiyyətin hər hansı bir islahata getməsi onun məhvinə gətirib çıxardacaq, belə olan halda deyə bilərikmi hazırki iqtidarın hakimiyyəti dövründə ölkədə demokratik islahatlar baş tutmayacaq?

-Beynəlxalq hüquqda və ictimai münasibətlər sistemində hər hansı bir islahatlar aparılmayacağı halda, Azərbaycan kimi ölkələrdə islahatların aparılacağını gözləmək yanlışdır. İkinci dünya müharibəsindən sonra formalaşmış müasir dünya düzəni artıq iflasa uğrayıb. Bunu hamı bilir ki, dünyada artıq ikiqütblü sistem yoxdur. Ona görə də daxili işlərə qarışmamaq kimi məsələlər köhnəlmiş anlayışlardır. Artıq mən Makkeynin dediyi ilə razıyam ki, dünyada yeni münasibətlər sistemi formalaşdırılmalıdır. Dünya bütünlükdə demokratikləşməlidir. Kimlərsə istəmirsə, onları zorla demokratik proseslərə yönəltmək lazımdır. Ayrıca dünyada baş verən neqativ hadisələr ölkələrin gündəminə təsir edir. ABŞ və Avropa öz demokratiyalarını və ədalətli cəmiyyətin şərtlərini qorumaq naminə anti-demokratik dövlətlərə və cəmiyyətlərə çox ciddi təsirlər göstərməlidirlər. Bunun üçündə yeni hüquqi normalar yaradılmalıdır. Hesab edirəm ki, Avropa Birliyinin verdiyi bəyanatlar və hesabatalarla çox uzağa getmək olmayacaq. Dünya düzəmi yenidən formalaşdırılmalıdır. Ümumilikdə korrupsiyaya, rüşvətxorluğua və anti-demokratik sistemlərə qarşı sərt cəzalar tətbiq edilməlidir. Əks halda hər hansı bir müsbət irəliləyiş gözləməyə dəyməz. Necə deyərlər “Bismillah deməklə donuz halal olmaz”.

-Sizcə Azərbaycan hakimiyyətinin islahatlara getməsi mümkündürmü?
- Hakimiyyət heç bir islahata gedə bilməz. Çünki islahatların fəlsəfəsi ondan ibarətdir ki, real islahat həyata keçirəcəyi halda ilk növbədə hakimiyyət aradan getməlidir. Bunu bütün dünya ölkələrinin təcrübəsində görmək mümkündür. Əgər bu rejimi sən yaratmısansa, təbii ki, rejimin düzəldilməsi üçün elə sən yox olmalısan. Ona görə də bu cür ölkələrdə islahatlar həyata keçirməyə qorxurlar. Necə ki, sovet hökumətində Qorboçov islahata getmək istəyən kimi hakimiyyətdən getdi və SSRİ dağıldı. Avtoritar rejimlər heç vaxt özləri-özlərini islah edə bilməzlər. Bunun üçün yalnız beynəlxalq normalar təyin edilməlidir. Necə ki, vaxtı ilə BMT-də Korrupsiya ilə bağlı beynəlxalq qətnamə müzakirəyə çıxarılanda, quruma üzv ölkələrin əksəriyyəti korrupsioner olduğuna görə qətnamənin əleyhinə səs verdilər. Korrupsionerlərin var-dövlətlərinin digər dövlətlərdə saxlanması, onlara aid olan bizneslərin xarici dövlətlərdə qurulması qanunla ləğv edilməlidir. Biz bilirik ki, korrupsioner ölkələrədəki liderlər oğurladıqları pulları Avropanın inkişaf etmiş ölkələrin banklarında saxlayırlar və eyni halda həmin ölkələrdə iqtisadi fəaliyyətlə məşğuldurlar. Hər hansı bir hadisə baş verən kimi də həmin xarici ölkələrə qaçaraq sığınırlar. Bu münasibətlər dəyişməyənə qədər hər hansı islahalatların aparılması mümkün olmayacaq. Avtoritar rejimlərin rəhbərləri arxayındılar ki, ölkələrində hər hansı bir çevriliş baş verən kimi qaçaraq var-dövlərlərini yerləşdirdiyi dövlətlərdə yaşayacaqlar. Nəticə etibarı ilə bunu demək istəyirəm ki, Qərbin hazırki davranışı avtoritar rejimlərin möhkəmlənməsinə xidmət edir.


Geri qayıt