Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ TƏNGƏ GƏLİB!

MÜĞƏNNİ TƏNGƏ GƏLİB!


17-05-2012, 13:54
MÜĞƏNNİ TƏNGƏ GƏLİB!

ONDAN MADDİ YARDIM İSTƏYƏNLƏRDƏN

Deyirlər, eşitdiyinə inanma, gördüyünə inan. Bu isə o deməkdir ki, yalnız gözlə görünən həqiqət olur. Ancaq dərindən düşündükdə, bu atalar sözünün həqiqətə uyğun olmadığını görürsən. Məsələn, suya salınmış hər hansı bir əşya istər-istəməz formasını dəyişir. Daha doğrusu, həmin əşya olduğu kimi görünmür.

Yazıya bu cür giriş verməyim təsadüfi deyil. Belə ki, gündəlik həyatımızda dəfələrlə kimlərinsə başqalarından maddi yardım istədiyinin şahidi oluruq. Hətta qonorarı arzuolunan dərəcədə olmayan, mənən zəngin jurnalistlər də zaman-zaman analoji münasibətin obyekti olur. Daha dəqiq desək, 4-cü hakimiyyət nümayəndələrini real hakimiyyət sayanlar onlardan maddi yardım istəməyi özlərinə borc bilirlər. Bəzən isə qələm əhli özü "əl açıb dilənir". Təbii ki, həmin insanları jurnalist adlandırmaq qəbahət olardı.

Şou biznes aləmi də istisna deyil. Bacım, gənc müğənni Yaqut Nərimanın timsalında dəfələrlə bunun şahidi olmuşam. Doğrudur, Yaqut Nəriman xeyriyyə tədbirlərindən geri qalmır və imkansız şəxslərə sənəti ilə mənəvi və bacardıqca maddi dəstək olmağa çalışır. Lakin görünür, bu, bəziləri üçün yetərli deyil.

Bugünkü söhbətim bacım haqda deyil. Sənətdə daha böyük təcrübəyə malik olan əməkdar artist Ədalət Şükürovdandır. Başqa sözlə desək, əməkdar artistin facebook-dakı profilində yazdığı status sizə təqdim etdiyim yazının ilham pərisi oldu. Əməkdar artist eynən belə yazırdı: “Aydaaa, ay millət, məgər mən yetimlər atasıyam ki, hər gələn məndən yardım istəyir? Belə olmaz axı! Gedin dövlətimizə müraciət edin, mənə niyə müraciət edirsiniz?”

Daha sonra əməkdar artist facebook dostlarını üzməmək üçün sərt ismarışını yumorla tamamladı:

- May ayıdır, özünüz də başa düşün!:((

Müğənni may ayına eyham etməklə toylardakı fasiləni nəzərdə tutsa da, dünyadakı iqtisadi böhranın şou-biznesə vurduğu sarsıdıcı zərbə danılmazdır. Sadəcə, Ədalət Şükürov bunu açıq-aydın bəyan etmək istəmədi. O, statusa müxtəlif səpkili rəylər yazan insanlara üstüörtülü cavab verməklə kifayətləndi: “Başa düşən adam üçün asandır, başa düşməyən üçün çətindir ki, bunu başa düşmür”.

Lakin sonda müğənni birmənalı qarşılanmadığını görüb, məsələyə başqa aspektdən aydınlıq gətirməli oldu: “Çox adama kömək etmişəm, hələ də edirəm. Ancaq mənə müraciət edənlər nədənsə hamısı saxta çıxır. Nə edim bəs mən? Doğrudur, bəzi insanlara köməklik etmişəm, həmin günün səhəri yaxın qardaşımdan köməklik istəyib.”

Qəribədir, biz insanlar nədənsə başqasının pulunu saymağı və bu zaman xəyallara qapılaraq həqiqəti arzuladığımız kimi qəbul etməyi xoşlayırıq. Lakin buna sərf etdiyimiz vaxtı daha səmərəli işlərə, zəhmət çəkməyə, pul qazanmağa sərf etməyi heç də bəyənmirik...


Geri qayıt