Əsas Səhifə > Partiya > OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏB OLUNDU

OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏB OLUNDU


17-05-2012, 15:27
OQTAY GÜLALIYEVƏ AZADLIQ TƏLƏB OLUNDU

İNSAN HAQLARI EVİ DAHA NƏLƏRİ TƏLƏB EDİB?

İnsan Haqları Evi şəbəkəsi prezident İlham Əliyevə müraciət edərək vətəndaş cəmiyyəti fəalı Oqtay Gülalıyevin dərhal və şərtsiz azadlığa buraxılmasını və tam reabilitasiyasını tələb edib.

Məktubda deyilir:

Cənab prezident,

Biz, aşağıda imza edənlər - İnsan Haqları Evi şəbəkəsinin üzvləri vətəndaş fəalı və jurnalist Oqtay Gülalıyevin Sabirabad rayonunda həbsindən və onunla pis rəftardan çox narahatıq. Biz əminik ki, bu cür repressiv tədbirlər O.Gülalıyevin insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyəti ilə bağlıdır. Biz Azərbaycan hakimiyyətini Oqtay Gülalıyevi dərhal və şərtsiz azad etməyə, onun tam reabilitasiyasını təmin etməyə çağırırıq.

Xatırladaq ki, Azərbaycan hakimiyyəti ölkədə korrupsiyaya qarşı mübarizənin, insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması üzrə Milli fəaliyyət proqramının 3.2 və 3.3 bəndlərində nəzərdə tutulmuş dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsinə tərəfdar olduğunu bildirib.

Biz təkidlə hakimiyyəti “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı kimi təşkilatlarla əməkdaşlığa çağırırıq. “Kür” qərargahının fəaliyyəti bu məqsədlərə nail olunmasında Azərbaycan hakimiyyətinə yardım göstərilməsinə yönəlib.

O.Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Qərargah 2010-cu ilin mayında baş vermiş daşqının nəticələrinin aradan qaldırılmasında hökumətə yardım göstərilməsi məqsədilə bir neçə qeyri-hökumət təşkilatını birləşdirir.

Daşqın Sabirabad, Saatlı, İmişli, Salyan, Kürdəmir, Zərdab, Hacıqabul, Neftçala rayonlarına, Şirvan şəhərinə ciddi ziyan vurub, 100 min ha-dan çox ərazi, 20 mindən çox ev su altında qalıb.

Bundan əlavə, O.Gülalıyev “Hasilat sənayesində şəffaflığın artırılması” Koalisiyasının monitorinq qrupunun üzvüdür. O, Demokratik İslahatlar İctimai Birliyinin sədri, “Şəffaflıq” və “Kür-Araz” jurnallarının redaktorudur.

“Kür” vətəndaş cəmiyyəti qərargahı yerli icra hakimiyyəti orqanları tərəfindən çoxsaylı fırıldaqçılıq, korrupsiya və vətəndaşların aldadılması faktlarının üstünü açıb. O.Gülalıyevin vasitəçilik fəaliyyəti sayəsində minlərlə insan yarımçıq qalan kompensasiyalarını, mənzillərini və dövlətdən başqa yardımları alıblar.

O.Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınının nəticələrinin aradan qaldırılması üçün ayrılmış vəsaitin ədalətli paylanması tələbi ilə mitinqlər keçirən yerli sakinlərlə görüş keçirərkən polislər tərəfindən saxlanılıb. O, xuliqanlıqda, ictimai yerdə təhqiramiz ifadə işlətdiyinə görə həbs edilib. Həbs Minbaşı bələdiyyəsinin rəhbərinin şikayəti əsasında həyata keçirilib.

O.Gülalıyev İnzibati Xətalar Məcəlləsinin 296 -cı maddəsi ilə 12 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib. Öz seçiminə əsasən vəkillə görüşmək hüququ təmin olunmayıb. O, hüquqlarının pozulmasına etiraz olaraq Sabirabad rayon polisində müstəntiqlə əməkdaşlıqdan imtina edib.

O.Gülalıyev bildirib ki, həbsdən sonra Sabirabad polis rəisinin müavini Rauf Məcidov və digər yeddi polis tərəfindən döyülüb. Başından, qarnından zərbələr alıb, baş gicəllənməsindən şikayət edib. Təcili tibbi yardıma ehtiyacı olub. Lakin heç bir təhqiqara başlanılmayıb.

Aprelin 19-da inzibati həbs müddətinin bitməsinə bir gün almış iki ay müdətinə həbs olunub. O.Gülalıyevə qarşı CM-in 220.2-ci maddəsi (hakimiyyəti nümayəndəsinin tələblərinə tabe olmama və kütləvi iğtişaşlara və vətəndaşlara qarşı zorakılığa çağırış) ilə cinayət işi açılıb. Ona iki həftə ərzində öz vəkili ilə görüşməyə imkan verilməyib. Hazırda onu üç ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir.

O.Gülalıyevin saxlanması və onunla pis davranış korrupsiyaya qarşı mübarizə və sosial ədalətin bərpa olunması sahəsində apardığı mübarizəyə görə qisas almaqdır. Bu göstərir ki, Azərbaycanda hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyətinin digər fəallarının tənqidi səslərini boğmaq üçün qorxutma praktikası qalır.

Hazırda iki hüquq müdafiəçisi Vidadi İsgəndərov və Taleh Xasməmmədov, altı jurnalist tənqidi fikirlərinə görə həbsdədir.

Bununla əlaqədar Azərbaycan hakimiyyətini fikir azadlığı hüququnun təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq. Biz hakimiyyəti aşağıdakılara çağırırıq:

- Oqtay Gülalıyev dərhal və şərtsiz azadlığa buraxılsın, tam reabilitasiya olunsun;

- Ona qarşı amansız davranışla bağlı hərtərəfli, şəffaf və qərəzsiz təhqiqat aparılsın, günahkarlar məsuliyyətə cəlb olunsun;

- İnsan hüquqları müdafiəçilərinin təhlükəsizliyinin qorunması üçün effektiv tədbirlər həyata keçirilsin, BMT-nin hüquq müdafiəçiləri haqda 1998-ci il 9 dekabr bəyannaməsində nəzərə tutulduğu kimi onlara insan hüquqları sahəsində öz fəaliyyətlərini həyata keçirmək üçün şərait yaradılsın.

Müraciəti İnsan haqları Evi Fondunun beynəlxalq şəbəkəsinin 52 təşkilatı imzalayıb.


Geri qayıt