Əsas Səhifə > Partiya > ƏLİ HƏSƏNOV ACLIQ AKSİYASINA QOŞULUB

ƏLİ HƏSƏNOV ACLIQ AKSİYASINA QOŞULUB


18-05-2012, 12:39
ƏLİ HƏSƏNOV ACLIQ AKSİYASINA QOŞULUB

VİCDAN MƏHBUSLARINA MÜRACİƏT EDİLDİ

20-dən çox adamın mayın 15-də Müsavat Partiyasının ofisində başladığı aclıq aksiyası davam edir. Aksiya “vicdan məhbusları”na azadlıq tələbi ilə keçirilir. “Vicdan məhbusları” özləri də həbsxanada aclıq aksiyası keçirirlər.

Belə ki, 11 nəfər “vicdan məhbusu”ndan 10-u aclığı davam etdirir. Yalnız şəkərli diabetdən əziyyət çəkən Zülfüqar Eyvazlı yoldaşlarının təkidi ilə aclığı dayandırıb. Bu barədə Turan-a Müsavat Partiyasının Koordinasiya Şurasının katibi Gülağa Aslanlı məlumat verib.

Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyası 4-cü gündür ki, davam edir. 4 gün aclıq edənlər Başxanım Abbasova (“vicdan məhbusu” Tural Abbaslının anası), İbrahim Hacıbəyli (“vicdan məhbusu” Rüfət Hacıbəylinin atası) və keçmiş vicdan məhbusu Elşən Həsənovdur.

Üçüncü gün aclıq edənlər İctimai Palatanın üzvləri Vəfa Cümşüdlü və Haqverdi Haqverdilidir.

Yeganə Əmiraslanova, Lətafət Məlikova və Xanım Mirzəyeva ikinci gündür ki, aclıq edirlər. Bu gün Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədr müavini Əli Həsənov da aksiyaya qoşulub. Aksiyada iştirak etmək istəyənlərin sayı çoxdur.

Bu günlərdə azadlığa çıxmış “vicdan məhbusu” Elnur Məcidli dünən aksiyaya qoşulub. Lakin İctimai Palatanın üzvləri ondan təkidlə tələb ediblər ki, səhhətinin pis olması ilə əlaqədar aclığı dayandırsın. İctimai Palata həbsxanada olan digər “vicdan məhbusları”nı da aclığı dayandırmağa çağırıb.

Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı isə prezident İlham Əliyevə müraciət edib. “Məlumdur ki, 12 may və 2 aprel dinc mitinqlərinin təşkilatçısı mənəm. Əgər bu hərəkətlər cinayət sayılırsa, onda digərlərinin cəzalandırılması böyük ədalətsizlikdir”, - A.Hacılı yazıb. O, İ.Əliyevi vətəndaş barışığı və ölkənin beynəlxalq imici naminə digər məhkum olunmuşları azad etməyə çağırıb.


Geri qayıt