Əsas Səhifə > Sosial, Manşet > «NAR MOBİLE»IN DAYANMASI İLƏ BAĞLI İLGİNC FAKT

«NAR MOBİLE»IN DAYANMASI İLƏ BAĞLI İLGİNC FAKT


20-05-2012, 12:15
«NAR MOBİLE»IN DAYANMASI İLƏ BAĞLI İLGİNC FAKT

MOBİL OPERATORUMUZ TERRORÇULARIN ÜNSİYYƏT VASİTƏSİNƏ ÇEVRİLİBMİŞ

DİA.AZ: - Məlum olduğu kimi cümə günü yerli mobil operatorlardan olan «Nar Mobile»ın xətlərində problemlər yarandı ki, nəticədə baş verənlər şirkətin abunəçilərində böyük narazılıq yaratmış oldu. İndi isə artıq problemlərin geridə qaldığı bildirilsə də, baş verənlərin əsl səbəbləri nədənsə ictimaiyyətdən gizli tutulur.

Bildirək ki, «Nar Mobile» şənbə günü şəbəkəsində baş vermiş qəza nəticəsində yaranan texniki problemləri tamamilə həll edib. Şirkətdən verilən rəsmi məlumatda bildirilir ki, qurum öz abunəçilərinə, bütün çətinlik və problemlərə baxmayaraq nümayiş etdirdikləri anlayışa görə dərin minnətdarlığını bildirib.

«Azerfon» şirkətindən verilən məlumata görə, baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması məqsədi ilə «Nar Mobile»-ın işçi heyəti bütün gecə hadisə yerində çalışıb və qəzanın nəticələri tam olaraq aradan qaldırılıb. Hazırda dayanıqlı mobil rabitə tam təmin olunub.

“Hər zaman öz abunəçilərinə keyfiyyətli xidmət göstərən Nar Mobile ötən gün şəbəkəsində baş vermiş gözlənilməz qəza nəticəsində texniki problemlə qarşılaşıb. Qəza nəticəsində şəbəkəmizdə kəsintilər baş verib və problemlər yaşanıb. Qəzanın nəticələrini aradan qaldırmaq üçün peşəkar işçi heyətimiz dərhal işə müdaxilə edib və abunəçilərimiz KİV-lər vasitəsi ilə xəbərdar edilib. Baş vermiş qəza ilə əlaqədar olaraq, ilk öncə Nar Mobile abunəçilərinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, yaranmış problemlərə baxmayaraq, çətin anda belə bizə sadiq qalaraq, dözümlülük nümayiş etdirdilər. Abunəçilərimizin dəstəyini dəyərləndirərək, yaşanmış narahatçılığın qarşılığında öz tərəfimizdən maraqlı təkliflər hazırlamışıq” - deyə «Azerfon» şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.

Onu da bildirək ki, «Nar Mobile» abunəçilərini sevindirmək üçün, hər bir abunəçisinin son 1 ay ərzində istifadə etdiyi ölkədaxili 1 günlük ortalama danışıq vaxtını balansına hədiyyə olaraq yükləyəcək. Bu balansı abunəçi 1 həftə ərzində istifadə edə biləcək. Yəni bu yolla şirkət öz imicini bərpa etməyə çalışır.

Amma baş verənlərin əsl mahiyyəti bizcə şirkətin imicini tamamilə alt-üst etmiş olacaq. Bununla bağlı DİA.AZ-a məlumat verən mötəbər mənbələrin sözlərindən belə aydın olur ki, əslində «Nar Mobile»də heç bir texniki qəza baş verməyib və mobil operatorun fəaliyyətinə müəyyən müddət ərzində ara verməsi tamam fərqli səbəblərə söykənir.

Mənbəmiz iddia edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorların danışıqları yerli xüsusi xidmət orqanları tərəfindən dinlənilir: «Yalnız dünənə qədər «Nar Mobile» istisna təşkil edirdi. Əslində normal dövlətçilik baxımından bu kimi tədbirləri anlaqlı qəbul etmək olar. Xüsusən də ona görə ki, bu gün Azərbaycanda bir sıra təxribatçı qüvvələr maraqlı olduqlarını nümayiş etdirməkdədirlər».

Mənbəmiz bildirir ki, «Nar Mobile»nin dinlənilə bilməməsi dəfələrlə Azərbaycanın xüsusi xidmət orqanlarına problemlər yaradıb: «Hətta antiterror əməliyyatlarında belə bu problem özünü qabarıq şəkildə hiss etdirdiyindən nəhayət rəsmi Bakı «Nar Mobile»nin bu əlahiddəliyini ləğv etmək qərarını verib».

Məhz buna görə, şirkətin fəaliyyətində ara verildiyini bildirən mənbəmiz mobil danışıqların dinlənilməsi prosesi ilə bağlı da müəyyən bilgiləri diqqətə çatdırdı: «Əslində bütün dinləmə prosesi «Aztelekom»da həyata keçirilir. Mobil operatorların xəttləri sözügedən dövlət qurumundan paylaşılır. Yalnız «Nar Mobile»də belə deyildi. Və son yenilənmələrdə bu mobil operator da sözügedən sistemə cəlb edildi».

Geri qayıt