Əsas Səhifə > Güney Press, Araşdırma > SABİRABAD MƏMURLARI CƏZALANDIRILMALIDIR

SABİRABAD MƏMURLARI CƏZALANDIRILMALIDIR


20-05-2012, 13:56
SABİRABAD MƏMURLARI CƏZALANDIRILMALIDIR

ŞƏFFAFLIQ KOALİSİYASI TƏLƏB ETDİ

Azərbaycanın 160 QHT-sini birləşdirən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası prezident İlham Əliyevə koalisiya üzvü Oqtay Gülalıyevin ən qısa zamanda azad edilməsi və Sabirabad rayonunda məmurların özbaşınalığa görə cəzalandırılması xahişi ilə müraciət edib.

Məktub müəllifləri Gülalıyevin səhhətində problemlər olmasına və onun himayəsində iki övladının olmasına diqqət çəkirlər.

Məktubda qeyd edilir ki, Gülalıyev aprelin 8-də Sabirabad rayonunda ikən heç bir əsas olmadan polis tərəfindən saxlanılıb və vəhşicəsinə döyülüb. O, 12 gün müddətinə inzibati həbs cəzası alıb, sonradan onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
“Qeyd etmək istərdik ki, onun həbsi və ondan sonra verilən məhkəmə qərarı tamamilə qanunsuzdur. İcra hakimiyyətinin özbaşınalığının səbəbi Oqtay Gülalıyevin 2 ildir apardığı Kür daşqının nəticələrinin monitorinqidir.

Oqtay Gülalıyevin şəxsən tanıdığımız üçün deyə bilərik ki, o, kimisə təhqir edə bilməzdi. Onun həbsi fəaliyyətinin kimlərinsə marağına toxunması ilə bağlıdır. Ona qarşı saxta ittihamlar irəli sürülüb, Prezident Administrasiyasına isə yanlış məlumat verilib. Əslində o, QHT üzvü kimi prezidentin sərəncamlarının və tapşırıqlarının yerinə yetirilməsini tələb edirdi. Faktiki olaraq, Gülalıyev Sizin region əhalisi üçün nəzərdə tutulmuş planlarınızın həyata keçirilməsinin iştirakçısı idi”, deyə məktubda bildirilir.

Oqtay Gülalıyev Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının monitorinq qrupunun üzvü, “Şəffaflıq” və “Kür-Araz” jurnallarının baş redaktorudur. O, həmçinin 2 ildir 2010-cu il daşqınının yaratdığı problemlərin aradan qaldırılması ilə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatorudur.


Geri qayıt