Əsas Səhifə > Sosial, Manşet > NEFT ŞİRKƏTİNDƏ RƏHBƏR DƏYİŞİKLİYİ

NEFT ŞİRKƏTİNDƏ RƏHBƏR DƏYİŞİKLİYİ


21-05-2012, 12:31
NEFT ŞİRKƏTİNDƏ RƏHBƏR DƏYİŞİKLİYİ

ARDNŞ-NİN YEGANƏ ƏSAS MÜTƏXƏSSİSİ VƏZİFƏSİNDƏN ALINACAQ

DİA.AZ: - Dövlət Neft Şirkətinin strukturlarında ciddi kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı niyyətin olması haqda məlumatımızı bir neçə gün öncə xəbərləmişdik. Bu gün isə sözügedən məlumatımız bir başqa qaynaq tərəfindən təsdiqlənməklə yanaşı, bildirilib ki, ARDNŞ şefi Rövnəq Abdullayev kadr islahatları zamanı hazırda neft şirkətinin yeganə əsas mütəxəssisi hesab olunan Xoşbəxt Yusifzadənin də görəvindən alınmasına tədarük görür.

Bildirək ki, Xoşbəxt Yusifzadə uzun müddətdir ki, nefet sektorunda çalışır və o nəinki Azərbaycan üçün, hətta dünya əhəmiyyətində gərəkən kadrlardan hesab olunur. Bəlkə də buna görədir ki, hələ də 82 yaşlı Xoşbəxt Yusifzadə ARDNŞ-də vitse-prezident postunu tutmaqla yanaşı, hələ də yeni yataqların kəşfi işi, qurulması istismar tədarükü məhz onun rəhbərliyi altında həyata keçirilir. Yəni Azərbaycan üçün Xoşbəxt Yusifzadənin əvəzedilməz birisi olması əslində bu istiqamətdə yeni kadr yetişdirilməsi işinin bərbadlığından da xəbər verməkdədir. Hələ də prezidentə ARDNŞ-nin planları ilə bağlı məlumatları məhz Xoşbəxt Yusifzadə çatdırır və ən maraqlısı da odur ki, bu zaman ARDNŞ-nə rəhbərlik edən Rövnəq Abdullayevin müşahidə mövqeyindəki gözlərindən də açıq-aydın hiss olunur ki, baş neftçimiz danışılanların mahiyyətindən belə xəbərsizdir.

Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, amma buna rəğmən Rövnəq Abdullayev artıq kifayət qədər yaşlanmış Xoşbəxt Yusifzadəni fəxri təqadüdə göndərmə tədarükündədir: «Artıq bu barədə «yuxarılar»ın da razılığı var və hər kəs məlumatlıdır. Ola bilsin ARDNŞ rəhbərliyində dəyişiklik yay aylarına təsadüf etsin». Onu da bildirək ki, eyni zamanda daha bir neçə kadrın - ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin və ARDNŞ Təchizat İdarəsinin rəisi Həbib Hüseynovun də vəzifələrini itirə biləcəkləri haqda ehtimallar var.

Bildirək ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakıda anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1952-ci ildə "Neft daşları" NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vistse-prezidentidir.
127 elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 4 ixtiranın müəllifidir.

İki "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatlarını almış, medallar və fəxri fərmanlarla təltif edilmişdir. "SSRİ-nin fəxri neftçisi", "Yer təkinin fəxri kəşfiyyatçısı" adlarına layiq görülmüşdür. Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki və birinci vitse-prezidenti, Rusiya Beynəlxaq Mühəndislər Akademiyasının müxbir üzvüdür.

Evlidir, 2 övladı var.


Geri qayıt