Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDAN NATO SAMMİTİNƏ MÜRACİƏT

BAKIDAN NATO SAMMİTİNƏ MÜRACİƏT


21-05-2012, 12:36
BAKIDAN NATO SAMMİTİNƏ MÜRACİƏT

REAL-DAN QƏRBYÖNÜMLÜ SİYASƏTƏ DƏSTƏK

Respuplikaçı Alternativ Hərəkatı İdarə Heyətinin NATO-nun Çikaqo sammitinə müraciət ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

«Sabah və birisi gün ilk dəfə olaraq Birləşmiş Ştatlarda NATO dövlət başçılarının toplantısı keçiriləcək. Bu münasibətlə üzv ölkələrin rəhbərlərini salamlayır, Sammitin işinə uğurlar arzulayırıq. Ümid edirik, Azərbaycan yaxın gələcəkdə sizin təşkilata üzv olacaq və gələcək toplantılar coğrafiyasına Bakı da əlavə ediləcəkdir.

Bildiyiniz kimi, müstəqillimizin 20 ili ərzində Azərbaycan toplumunun baş axarı ölkəmizin Avro-Atlantik məkana qoşulması təşəbbüslərini daim dəstəkləyib. 1994-cü ilin mayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq sənədini Azərbaycan imzaladıqdan sonra münasibətlər yeni mərhələyə girdi, o cümlədən 1999-cu ildən etibarən NATO-nun bəzi sülhməramlı əməliyyatlarında iştirak edirik, və əməkdaşlığın davamı siyasi müzakirələrdə demək olar heç zaman prinsipial fikir ayrılığına səbəb olmamışdır.

Lakin, NATO təkcə xarici və hərbi siyasət təşkilatı deyil. O, həm də üzv və tərəfdaşlarından yüksək demokratik standartlara riayəti tələb edən bir qurumdur. Prezident Əliyevin NATO toplantılarına bəzi hallarda şəxsən qatılmasına baxmayaraq, NATO kimliyinin bu tərəfi onun tərəfindən ardıcıl olaraq rədd edilməkdədir.

Azərbaycanın NATO ilə birgə qəbul elədiyi sənədlərdə , xüsusilə 2005-ci ildə razılaşdırılan, 2008 və 2011-ci illərdə isə ikinci və üçüncü mərhələyə keçən Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (İPAP) göründüyü kimi, siyasi islahatlar rəsmi Bakının öz üzərinə götürdüyü əsas öhdəliklər sırasına daxildir. Azərbaycan hakimiyyəti həm orada, həm də NATO ilə razılaşdırılmış digər sənədlər çərçivəsində demokratik seçkilər, insan haqlarının təminatı, ədalətli məhkəmə, silahlı qüvvələrə sivil nəzarət, rüşvət və büdcə oğurluğuna qarşı mübarizə sahəslərində çoxsaylı vəzifələri öz boynuna götürüb.

Bütün bunlara baxmayaraq 2003-cü ildən etibarən, demokratik standartların ölkəmizdəki durumu daim ağırlaşıb. Bu dövr ərzində iki dəfə parlament, iki dəfə prezident, iki dəfə bələdiyyə seçkiləri, eləcə də böyük önəm daşıyan Ana Yasa referendumu saxtalaşdırılıb. Media, xüsusilə də TV və radio üzərində, nəzarət dəfələrlə sərtləşdirilib. Bu azmış kimi, insanların mülkiyyət hüququnun kütləşvi şəkildə pozulmasına start verildi. Söylənilənlər inkişaf bəhanəsilə edilsə də, hakim ailənin zənginləşməsi haqqında xarici mediada dərc olunan silsilə sənədli reportajlar həqiqi motivin fərqli olduğunu hər kəsə göstərir. Seçkilərin saxta və medianın sıxılmış vəziyyətdə həyat sürməsi, üstəgəl bəzi obyektiv çətinliklər və hallar, insanlarda ümidsizliyə yönəldir və apatik sosial davranışlar aşılayır. Bunlar isə, həqiqi milli maraqlarımıza kökündən zidd standartlardır.

Eyni zamanda qüvvələrdə islahatlarla bağlı İPAP-da silahlı əksini tapan bir çox islahatlar yerinə yetirilmir: ordu üzərində sivil nəzarət tətbiq olunmayıb, hərbi xərclər yetərincə şəffaf deyil, güc strukturlarının parlament qarşısında hesabatlılığı yox dərəcədə zəifdir, orduda insan haqlarının pozulması faktları geniş yayılıb, silahlı qüvvələrdə rüşvətlə lazımi mübarizə aparılmır, təhlükəsizlik siyasətinin təyinatında vətəndaş iştirakı təmin olunmayıb və s.

Bununla belə, Azərbaycan rəhbərliyinin xarici və hərbi siyasətdə bir sıra addımlarını biz, REAL hərəkatı olaraq dəstəkləyirik. Bir il öncə, ölkədə ilk olaraq 2012-ci ildə icarə müddəti bitən Qəbələ radarı ilə bağlı Azərbaycan rəhbərliyini Rusiya qarşısında sərt siyasi və ya iqtisadi tələblər qoymağa çağırdıq. Bir neçə ay sonra, istədikərimiz baş verdi və ümidliyik ki, davam edən danışıqlarda rəsmi Bakı geriyə çəkilməyəcək.

İran nüvə proqramı ilə bağlı Bakının tutduğu rəsmi mövqe maraqlarımıza əsasən cavab versə də, bu sahədə NATO ilə daha yaxın əlaqələndirmənin qurulmasını vacib sayırıq.

Təəssüf ki, Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsində Azərbaycan rəhbərliyinin mövqeyi doğru olmadı və ölkəmiz, uzunmüddətli maraqlarının təminatı baxımından zaman itirdi. Hazırda, təşəbbüsün hətta bərpa ediləcəyi təqdirdə hansı nəticə verəcəyini əminliklə demək olmur. Tarixi fürsət qaçırıldı, və onun qayıdıb-qayıtmayacağını demək artıq çətindir.

Ermənistanın və Rusiya rəsmilərinin Azərbaycan ərazisinin işğalı məsələsində müntəzəm olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına istinadlar etmələri, faktiki ölkəmizi hədələməsi də ciddi rahatsızlıq doğurmalıdır. Ermənistan, rəsmi Moskvanın hərbi və siyasi dəstəyi olmadan torpaqlarımızı bir gün də işğal altında saxlaya bilməz.

Bir daha təkrar etmək istərdik ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti uzun dövrdür ki, ölkəmizi NATO-ya bağlayan siyasətləri dəstəkləyir, lakin iqtidarın getdiyi yol milli ehtiyaclardan çox, rəhbərliyin şəxsi maraqlarına və bəhanələrə bağlıdır. Halbuki, ölkəmizdə demokratik təsisatların möhkəmlənməsi qərarvermə prosesini xalqın istəyinə və gerçək maraqlarımıza tabe edərdi ki, bunlar da Avro-Atlantik birliyində üzvlük anlamına gəlir.

NATO sammitləri indiyədək heç zaman Azərbaycanda demokratik standartların durumu ilə bağlı öz rahatsızlığını açıq ifadə etməyib. Yuxarıda qeyd olunanları nəzərə alaraq, ilk dəfə belə bir mövqeyin NATO Sammitinin sənədində və ya iştirakçıların rəsmi açıqlamalarda sərgilənməsini sizdən xahiş edirik. Bu, demokratik mübarizəmizə aydın və mühüm dəstək olardı».


Geri qayıt