Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN SƏFİRİNİ QOVMAQ TƏKLİF OLUNDU

İRAN SƏFİRİNİ QOVMAQ TƏKLİF OLUNDU


22-05-2012, 13:21
İRAN SƏFİRİNİ QOVMAQ TƏKLİF OLUNDU

PARLAMENTDƏ “İRAN TƏRANƏLƏRİ”

Parlamentin 22 may iclasında danışan Milli Məclisin sədri Oqtay Əsədov İrandan söz açıb.

“Media forum” saytının məlumatına görə, Oqtay Əsədov deyib: “İranda başlanan təbliğat start götürməzdən qabaq bu haqda erməni saytlarında anons verilir. Bir neçə il qabaq bir İran rəsmisi ilə görüşdə soruşdum İran Konstitusiyasında bir bənd var ki, zəif ölkələrə kömək etmək lazımdır, bu, Ermənistan üçün yazılıb? Cavab verdilər ki, bu, “Quran”dan götürülüb. Soruşdum bəs onda müsəlman ölkələri?”.

Bitərəf deputat Azay Quliyev çıxışında İranın öz problemlərini həll etmək əvəzinə əsas hədəf kimi Azərbaycanı seçdiyini bildirib: “Bu hal qəti şəkildə pislənməlidir. Bu gün ən çox narahatlıq doğuran odur ki, Azərbaycana qarşı təbliğatda Təbrizdə yaşayan azərbaycanlılardan istifadə etmək istəyi var. Mən bütün Təbrizdəki bacı-qardaşlarıma səslənirəm ki, İran rejiminin əlində alətə çevrilməsinlər”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov İranın azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırıldığını deyərək qeyd edib ki, həmin səfirin fəaliyyətində iki ölkə arasında sülh yaratmaq missiyası görünmür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qeyd edib ki, Tehran Bakını gey-paradın keçirilməsi ilə ittiham edir, amma əgər gey-parad keçiriləcəksə, elə İranda keçiriləcək: “İranda bir dövlət rəsmisi demişdi ki, qızların 25 faizindən çoxu sulu qəlyan çəkir, həm də əksəri ailə həyatı qurana qədər “ailə həyatı” yaşayır. Belələrinin Azərbaycana əxlaq dərsi keçməyə haqqı yoxdur. Deyirlər ki, İran səfiri Azərbaycanı tərk edib. Əslində İranın səfirini qovmaq lazımdır”.


Geri qayıt