Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SOYDAŞLARIMIZ ABŞ-DA DA İRANI NARAHAT ETDİLƏR
SOYDAŞLARIMIZ ABŞ-DA DA İRANI NARAHAT ETDİLƏR23-05-2012, 12:54 |
URMİYA GÖLÜ İLƏ BAĞLI AKSİYA KEÇİRİLİB Dövlət Departamentinin binası qarşısında İranda yaşayan azərbaycanlılara qarşı mənəvi-siyasi təzyiqlər və Urmiya gölünün qurumasına etiraz olaraq son illərin ilk aksiyası keçirilib. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, iki saat ərzində 30-dan artıq iştirakçı İran rejiminə qarşı səsləndirdiyi tənqidi şüarları ilə administrasiyanın diqqətini çəkə bilib. Departamentin İran masasının rəsmisi aksiyanın qətnaməsini təşkilatçılardan qəbul edib. “Haqlarımız boğulur, milli kimliyimiz təhqir olunur”, - aksiya iştirakçıları İran rejimindən şikayətləniblər. Təşkilatçılar ABŞ-ı İranla bağlı qərarlarında Azərbaycan türklərini xüsusi nəzərə almağa səsləyiblər. Urmiya gölünün quruma ehtimalı barədə həyəcan təbili çalan etirazçılar Vaşinqtonu region xalqlarının “səsinə səs verməyə” çağırıblar. “Bu göl quruyarsa, Güneydə insanların yaşaması çətinləşəcək. Gölün yerində duz qatının əmələ gəlməsi ilə yaranacaq ekoloji təhlükə qonşu ölkələrə, o cümlədən Türkiyə və Azərbaycana qorxu yaradır”, - aksiya iştirakçısı, Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Davud adlı şəxs Turan- ın müxbirinə deyib. Onun fikrincə, Urmuyə gölü bərpa olunmasa, bəşəriyyət “növbəti insani faciə” ilə qarşı- qarşıya qalacaq. “İran hökuməti illərdir ki, insanlarımızı qırır və indi gölün qurudulması ilə yüz minlərlə azərbaycanlının torpaqlarından didərgin düşərək çöllərdə məhv olmasına bəraət qazandırmaq istəyir”, - o vurğulayıb. Aksiyanın qətnaməsində İran hökuməti bir sıra tələblərlə yanaşı, həbsdəki azərbaycanlıları dərhal azad etməyə və Azərbaycan dilində təhsilin təmin olunmasına çağırılır. Öz növbəsində ABŞ administrasiyasından Urmiya gölünün taleyini diqqətdə saxlamaq və azərbaycanlıların milli problemlərinə biganə qalmamaq xahiş olunur. Geri qayıt |