Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANIN «ÜMİD» BİABIRÇILIĞI

AZƏRBAYCANIN «ÜMİD» BİABIRÇILIĞI


17-10-2011, 11:45
AZƏRBAYCANIN «ÜMİD» BİABIRÇILIĞI

RÖVNƏQ ABDULLAYEV QAZMA RƏİSİNİ DƏNİZDƏ GİROV SAXLAYIR

Azərbaycan neft-qaz ölkəsinə çevrilə bilmədi, kəşf olunan «Ümid» yatağındakı quyular çöküb, bərpası mümkünsüzdür

«Rövnəq Abdullayevin durumu çox gərgindir. Prezidentə söylənilən yalan onu bitirə bilər. Hətta bu hadisənin beynəlxalq skandala da səbəb olma ehtimalları yüksəkdir» - Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki mötəbər qaynaqlar “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildiriblər.

Bildirək ki, redaksiyamıza sözügedən qaynaq tərəfindən açıqlanan faktlar həqiqətən də çox mühümdür və hətta çox biabırçı bir vəziyyətin ifşası deməkdir. Əldə etdiyimiz məlumatlarda söhbət bir il əvvəl Azərbaycan hakimiyyətinin dünyaya bəh-bəhlə barəsində danışdığı ölkəmizin qaz ehtiyatlarından gedir. Və aydın olur ki, əslində Azərbaycanın bu sərvətdən istifadəsi nəinki bir-iki ilə və yaxud da prezidentin bu günlərdə «Əl-Cəzirə» telekanalına müsahibəsində qeyd etdiyi kimi 7-10 ilə, ümumiyyətlə 20-30 ilə də mümkün deyil.

İlk olaraq Azərbaycan iqtidarını qazlandıran «Ümid» yatağı barədə

Bildirək ki, «Ümid» yatağı hələ sovetlər dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. Sonra 1977-ci ildən 1992-ci ilədək burada 9 quyu qazılıb. Lakin onların heç biri bu horizonta gedib çatmayıb və yatağın mənimsənilməsi mümkün olmayıb.

Nəhayət, qərara alınıb ki, yenidən sözügedən ərazidə quyu qazılsın. Və bu dəfə sırf olaraq ARDNŞ-nin imkanlarından istifadə olunub və bütün prosesə məhz yerli mütəxəssislər rəhbərlik edib. İlk dəfə idi ki, heç bir xaici investisiya cəlb olunmadan və xaricdən texniki dəstək alınmadan bu iş həyata keçirilib.

Bu barədə elə «Ümid» eyforiyası yaranan ilk günlərdə prezident İlham Əliyevə hesabat verən ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də AZƏRBAYCAN MƏHSULU olan «Ümid» yatağından bəh-bəhlə danışmışdı: «Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyil. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da var. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular “Xəzər” tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər”.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, ARDNŞ əvvəlcə üzən qazma qurğularından istifadə etmək niyyətində olub. Lakin sonradan hesablanıb ki, platformadan qazılsa, daha ucuz olar. Lakin təxminən iki dəfə baha alınıb: “Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıq».

Onu da xatırladaq ki, ARDNŞ-nin birinci vitse-prezidentinin ehtimallarına görə, təkcə «Ümid» yatağında 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür: ““Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “Ümid” yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik”.

Xoşbəxt Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

Onu da qeyd edək ki, sonradan verilən açıqlamalarda Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarının təxminən 2,6 trilyon kubmetr olduğu elan edildi və bu rəqəmlər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Dənizə gömülən neft milyonları

İndi isə artıq Azərbaycan hakimiyyətinin həm yerli və həm də dünya ictimaiyyəti qarşısında çətin durumda qaldığı söylənilir. Çünki elan olunan rəqəmlərlə qazın əldə olunması və elan edilən vaxta yetişdirilməsi qeyri-mümkündür. Çünki ortaya çox ciddi problemlər çıxıb. Xoşbəxt Yusifzadənin ehtimal etdiyi çətinliklər imkan verməyib ki, Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də qaz ölkəsi olsun.

Yeri gəlmişkən, xatırlayırsınızsa, həmin «Ümid» yatağının qaz ehtiyatları barədə dünyaya hay salınanda bildirilirdi ki, iki ilə, yəni 2012-ci ildən etibarən artıq Azərbaycan Avropaya belə təbii qazı nəql edə biləcək. Amma indi bu tarix bir qədər də uzaca atılıb. Yuxarıda da xatırlatdığımız kimi, İlham Əliyev artıq «Əl-Cəzirə» telekanalına müsahibəsində 7-10 illik müddətdən danışıb. Amma ona problemin mahiyyəti ilə bağlı tam olaraq məlumat verilməyib. Bunu da redaksiyamıza mötəbər mənbə bildirib.

Əldə etdiyimiz faktlara görə, «Ümid» yatağındaı platformada qazılan quyu Azərbaycanın dövlət rəsmilərinin hüdudsuz qaz ehtiyatlarımızla bağlı səs-küy saldığı ərəfədəcə dənizin dibinə batıb.

Bu barədə mənbənin söylədikləri: «Elan olunandan bir ay sonra quyunun özülləri dənizdəki boşluğa gedib. Hələ də quyunun dirəkləri sementlənir, amma yenə də bir nəticəyə varıla bilmir». Sırf olaraq Azərbaycanın yerli işi olması səbəbindən yox, həm də «Ümid» yatağındakı platformada quyunun saxlanmasının ümumiyyətlə, mümkünsüzlüyü ilə əlaqələndirən mənbəmiz vurğuladı ki, zamanında həmin yataq BP-yə də təklif edilibmiş: «Lakin xarici mütəxəssislər həmin yataqda apardıqları kəşfiyyat işlərindən sonra ortaya konkret nəticələrin çıxarılmasının mümkünsüzlüyü haqda rəy verdilər. Hətta həmin rəydə vurğulanırdı ki, «Ümid» yatağının istismarına sərf ediləcək maliyyə vəsaitinin külli miqdarda olması həmin yatağa olan marağı azaldır».

Xatırladaq ki, bu barədə Xoşbəxt Yusifzadə də etiraf edib və o da bildirib ki, yatağın istismarı üçün kəsə yoldan getməyə çalışıblar və daha az məsrəflə, nəticəyə nail olmaq istəyiblər: «Amma yekunda gözləniləndən qat-qat artıq pul xərclənib».

«Ümid» yatağına bu vaxta qədər 1 milyard ABŞ dollarına yaxın vəsaitin xərcləndyini bildirən mənbəmiz vurğuladı ki, artıq həmin pullar havaya sovruşlumş, dənizə gömülmüş hesab oluna bilər.

Prezident Rövnəq Abdullayevi, Rövnəq Abdullayev də aşağıları sıxır

Təbii ki, bu durumun daha çox Rövnəq Abdullayevə baha başa oturduğu bildirilir. Mənbəmizə görə, artıq bir ildir ki, gərgin anlarını yaşayan ADRNŞ prezidentinə gələn ilin yanvar ayına qədər son vaxt verilib: «Doğrudur, Rövnəq Abdullayev ARDNŞ-də rəhbər olsa da, onun qazma işlərindən ümumiyyətlə, anlayışı yoxdur və o, hələ də Xoşbəxt Yusifzadəni «günah keçisi» kimi irəli verməyə çalışır. Çünki həqiqətdə də bütün məsuliyyət yükü məhz 1-ci vitse-prezidentin çiyinlərindədir. Yəni o, «dobro» verməsəydi, bu pullar xərclənməyəcəkdi. Amma buna rəğmən, yenə də əsas hədəf Rövnəq Abdullayevin özüdür və günlərin birində həmin pulların hesabatı məhz ARDNŞ prezidentindən istəniləcək».

Məhz uğursuz qazma işləri səbəbindən iki «TREST» müdirinin bu vaxta qədər görəvindən uzaqlaşdırıldığını bildirən mənbəmiz vurğuladı ki, hətta hazırda İsgəndər adlı qazma idarəsinin rəhbəri və eləcə də ARDNŞ-nin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov ən çətin günlərini yaşamaqdadır: «Onlar demək olar ki, 10 aydır ailə-uşaq üzü görmürlər. İsgəndər müəllim isə ümumiyyətlə, platformadan evə gəlmək ixtiyarında deyil və uğursuz qazma işlərinin bütün məsuliyyəti onun üzərinə qoyulub. Bir nəticəyə varılına qədər, o, dənizdən dönə bilməyəcək».

Bir sözlə, «Ümid» yatağındakı iflas səbəbindən prezidentin Rövnəq Abdullayevi, Rövnəq Abdullayevin də öz növbəsində əlinin altındakı işçilərini sıxdığı bildirilir.

NABUCCO-nun da qarnının ağrısı «Ümid» imiş…

Bu arada əldə etdiyimiz bir başqa məlumatda isə vurğulanır ki, əslində NABUCCO ilə bağlı Azərbaycan tərəfinin ləngidici mövqedə dayanmasının bir səbəbi də ölkəmizin həmin layihədə sırf olaraq tranzit ünvan kimi iştirak etməmək niyyətiylə bağlıdır. Yəni Azərbaycan hakimiyyəti «Ümid» yatağında ehtimal olunan qaz ehtiyatı ilə həmin projedə iştirakda maraqlı olsa da, bu yatağın istismarının yaxın 20 il üçün də xəyal olması səbəbindən NABUCCO-yə daha çox əngəl yaradan bir tərəfə çevrilmişik.

Mənbəyə görə, artıq bu barədə real izahatlar Qərbin müvafiq dairələrinin diqqətinə çatdırılıb: «Əslində bu məlumatlandırmaya elə bir ehtiyac da yoxdur. Çünki Azərbaycana NABUCCO-da daha ço tranzit ölkə statusu tanınır. Amma buna baxmayaraq, Azərbaycan həm də nəql edən ölkə kimi layihədə iştirak payı əldə etmək niyyətindədir və ilkin sənədləşmədə ölkəmizin tranzit məkan kimi rəsmiləşdirilməsi, sonradan nəql edən ölkə statusunun rəsmiləşdirməsi üçün sanki problem yaradacağından, rəsmi Bakı NABUCCO-nun sürətli şəkildə icrasının əleyhinədir».

Mənbəmizin sözlərinə görə, «Ümid» yatağı ilə bağlı ABŞ tərəfindən kosmosdan da kəşfiyyat işləri həyata keçirilib və Azərbaycana müvafiq sənədlər təqdim olunub: «Həmin sənədlər də hələ 1953-cü ildə SSRİ-nin vaz keçdiyi bu işin boşuna enerji və pul sərf olunması anlamını daşıdığını sübutlayır». Mütəxəssislər bildirir ki, «Ümid» yatağının ucuz başa gələn üsullarla istismarı üçün müvafiq texniki avadanlıq və üsulların daha bir nəsillik inkişafına ehtiyac var.


Geri qayıt