Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “TEHRAN HƏDƏ-QORXU GƏLMƏKLƏ MƏŞĞULDUR”
“TEHRAN HƏDƏ-QORXU GƏLMƏKLƏ MƏŞĞULDUR”23-05-2012, 16:46 |
“QORXU ODUR Kİ, AZƏRBAYCANLILAR İSTİQLALINI İSTƏYİR” “İran adlanan yerin hakimiyyəti Azərbaycana qarşı hər zaman, hətta sovet dönəmində və ondan öncə də adi məsələlərlə bağlı belə notalar verib. Hətta Azərbaycanda hər hansı yazıçının kitabında İranda yaşayan azərbaycanlılarla bağlı nəsə yazılanda belə, İran Azərbaycana qarşı hədələyici nota ünvanlayıb”, - Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə “Obyektiv” televiziyasına (www.obyektiv.tv) müsahibəsində bildirib. Onun fikrincə, Azərbaycanın istiqlaliyyətinin dönməzliyi İranı qıcıqlandırır. Çünki İranda yaşayan çoxmilyonlu azərbaycanlı öz millətinin istiqlaliyyətinin dönməzliyindən ruhlanaraq Tehran rejimindən haqqını, azadlığını, istiqlaliyyətini tələb edir. “Tehran rejimi isə əksinə hədə-qorxu gəlməklə məşğuldur. Hətta Türkiyədə, Amerikada, İsveçdə və başqa ölkələrdə azərbaycanlıların hər hansı tədbir keçirməsi İran rejimini qorxu xəstəliyinə düçar edir. Tez gəlib Azərbaycan dövlətini hədələyir. Bu insanlar İranın diktatura rejimindən canını qurtarıb ölkədən qaçanlardır. Bunlar diktaturaya qarşı mübarizə edir. İranın xaricdə çoxsaylı müxalif qrupları da hər gün toplaşır. İran adlanan yerin rejimi müxaliflərlə bağlı bəyanatlar vermir, yalnız azərbaycanlıların tədbirlərindən qorxur. Qorxu odur ki, azərbaycanlılar istiqlalını istəyir”, - o bildirib. Ə.Tağızadə İranın Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin və guya gey-parad keçiriləcəyi ilə bağlı bəyanatlarını pisləyir: “İran rejimi məscidləri zəbt edib. İranda məscidlər ziyarət üçün deyil, casus şəbəkəsinin qərargahıdır, ordu düşərgəsidir. Ruhanilərin özləri deyirlər ki, məscidi rejim işğal edib. Avropa 500 il öncə kilsəni keşişlərdən azad edib. Avropada kilsələr xalq üçün tam açıqdır. Ora insanlar azad şəkildə gedir. Amma məscid mollardan azad edilməyib, rejimlərə tabedir. Məscidə gəl sənə iş verim, çörək verim ideologiyası hələ də işləyir. Məscidi silah anbarına çeviriblər”. O, Güney Azərbaycanda Azərbaycan Respublikasının əleyhinə etirazların islam rejimi tərəfindən təşkil edildiyini bildirib. “Bu, qonşu ölkənin daxili işinə, mədəni tədbirinə qarışmaqdır. Azərbaycan heç zaman Tehranın hətta dünyanın terrorçularını İrana yığmasını, səfirlikləri niyə partlatmasını belə sual etməyib. Hansı ki, sual etməlidir. Gey məsələsinə gəlincə, bu hərəkətlər qədimdən İrandan qaynaqlanıb”, - o qeyd edib. Ə.Tağızadə İranın siyasətinin səmimi olmadığını deyir. Onun sözlərinə görə, İran bir tərəfdən islam ənənələrindən danışır, digər tərəfdən xristian dinində bir qrup olan, müsəlman ölkəsi Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın cinayətkar rəhbərlərini bağrına basır. “İran şiə torpağını işğal edən, müsəlman qanını axıdan, məscidləri məhv edən Ermənistana fitva vermir. Fitva verir ki, azərbaycanlı yazıçını öldürsünlər”, - o vurğulayıb. Ə.Tağızadənin sözlərinə görə, İranda məscidləri partladırlar, dağıdırlar, amma fitva verən olmur. Çünki məscidləri molla rejiminin özü dağıdır. DAK Daimi Şurasının sədri İranda gey probleminin ciddi olduğunu da diqqətə çatdırıb: “Bu problem hətta İran Ali Şurasının iclaslarında belə səslənib. Bir zamanlar bu şuranın məclisləri canlı olaraq radio ilə yayılırdı. Orada din xadimlərinin bir-birinin gey hərəkətləri ilə bağlı ittihamları səslənib. İran rejimi həbsxanalarda insanları zorlayıb. Bunlar faktdır”. O həmçinin Azərbaycan hökumətini İran adlanan yerdə yaşayan 35 milyon türkün hüquqlarının müdafiəsi ilə bağlı davamlı konsepsiya hazırlamağa çağırıb. “İrandan rejimin zülmündən qaçan azərbaycanlıların hüquqlarını Azərbaycan Respublikası müdafiə etməlidir. Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların dövlətidir”, -o qeyd edib. Geri qayıt |