Əsas Səhifə > Güney Press, Araşdırma > MTN-DƏN VƏKİLLƏRƏ İTTİHAM GƏLDİ
MTN-DƏN VƏKİLLƏRƏ İTTİHAM GƏLDİ23-05-2012, 17:26 |
“MÜDAFİƏNİ DÜZGÜN QURA BİLMİRLƏR” Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan bankir, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını Elnur Seyidov tibbi ekspertizadan keçirilib. Mayın 23-də “Media forum” saytına açıqlama verən MTN-in ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev deyib ki, Elnur Seyidovun vəkillərinin vəsatətləri əsasında tibbi ekspertizanın keçirilməsi təmin olunub, amma ekspertizanın nəticələri hələlik istintaqa daxil olmayıb: “Vəkillərin istinad etdikləri sənədlər ekspertiza rəyi sayıla bilməz. Ona görə də istintaq tibbi ekspertizanın keçirilməsi üçün tədbirlər görüb”. MTN rəsmisi Elnur Seyidovun vəkillərini həqiqətə uyğun olmayan məlumatlar yaymaqda günahlandırıb: “Vəkillərin verdiyi açıqlamalar, bəyanatlar heç bir əsasa söykənmir və həqiqətə uyğun deyil. Elnur Seyidovun vəkilləri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aparılan istintaq hərəkətləri qarşısında düzgün müdafiə qura bilmədiklərini ört-basdır etmək məqsədilə yanlış, qeyri-obyektiv informasiyalar yaymağa çalışırlar. Vəkillər belə etməkdənsə düzgün müdafiə qurmağa çalışsınlar. Onu deyə bilərəm ki, onların müdafiə etdiyi şəxsin sağlamlığına heç bir təhlükə yoxdur. Elnur Seyidovun sağlıq durumu normaldır”. Arif Babayevin sözlərinə görə, Elnur Seyidovun təqsirləndirilən şəxs qismində cəlb olunduğu iş üzrə intensiv istintaq-əməliyyat hərəkətləri davam etdirilir: “İstintaqın getməməsi barədə deyilənlər absurddur”. Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, Cinayət Məcəlləsinin dələduzluqda ittiham olunur. Elnur Seyidov və vəkilləri ittihamı absurd sayır və hesab edirlər ki, həbs siyasi xarakterlidir, AXCP sədri Əli Kərimliyə təzyiq etmək üçün ortaya atılıb. Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Vəkilləri bildirir ki, onun vəziyyəti günü-gündən ağırlaşır, görmə qabiliyyətini itirə bilər. Geri qayıt |