Əsas Səhifə > Sosial, Manşet > PROKUROR KÖMƏKÇİSİ AT OYNADIR

PROKUROR KÖMƏKÇİSİ AT OYNADIR


24-05-2012, 12:33
PROKUROR KÖMƏKÇİSİ AT OYNADIR

“YAZMAYANIN VAR-YOXUNU” KƏLMƏSİ SAKİNLƏRİ ÇİLƏDƏN ÇIXARIB

DİA.AZ: - Bu gün Cəlilabad rayonu saxtakarlıq, rüşvətxorluq, məmur özbaşınalığı və buna bənzər neqativ halların çoxluğuna görə özünün “ən gözəl və unudulmaz” dövrünü yaşayır desək, yəqin ki, səhv etmərik. Burada insanların alçaldılması, aşağılanması, aldadılması, döyülməsi, qısası, bütün formalarda insan hüquqlarının pozulması demək olar ki, adi hala çevrilib. Bu rayonda sonuncu olaylar bunu bir daha sübut edir.

Deməli, Cəlilabadda qanun pozuntuları çoxaldıqca hüquq müdafiəçiləri də çoxalır. Onlar ictimai vəkil kimi məhkəmələrdə insanların hüquqlarını müdafiə edirlər. Belələrindən biri də Asif Həsənlidir. Ölkə mətbuatının yaydığı məlumata görə A. Həsənli rayon məhkəməsinin qəbul etdiyi bir neçə qərardan Apelyasiya Məhkəməsinə şikayət verib və işi udub. Bu günlərdə isə məhkəmədə növbəti dəfə ictimai ittihamçı kimi çıxış edəndən sonra hakim Mirələm Quliyev Asif Həsənlini söyüb. Asif Həsənli bununla bağlı Məhkəmənin sədri Əliheydər Ələkbərova şikayət edib. Məhkəmə sədri isə tədbir görmək əvəzinə, “söyüb əcəb eləyib” deyərək ondan da pis söyüşlər söyüb. “Cəlilabadda mənim qabağımda heç kim at oynada bilməz”, “at oynadanın var-yoxunu...”, “get hara yazırsan, yaz...”, “yazmayanın var-yoxunu...” və sair deyərək küçə söyüşlərini işlədib”. (“Azadlıq” qəzeti 16 may 2012-ci il).

Yazının dərcindən 5 gün keçsə də, hələ ki, məhkəmə sədri yazılanları nə təsdiq, nə təkzib edir.

Asif Həsənli isə şərəf və ləyaqəti təhqir olunduğu üçün hakimi məhkəməyə verib və 5 min manat təzminat istəyir.

Cəlilabad prokurorluğundan ala-bula xəbərlər

Cəlilabad rayon Prokurorluğundan şikayətlənənlər ən çox prokurorun köməkçisi Arif Sadıqovun adını hallandırır. Verilən məlumatlara görəArif Sadıqov 20 ildən artıqdır ki, bu postda çalışır və əksər haylı-küylü cinayətlərin ört-basdır edilməsində onun xüsusi rolu olur. Bir neçə il öncə polis işçisinin, daha sonra isə bir müəllimin uşaqlı qadınlara təcavüzünün ört-basdır edilməsində, eləcə də bira sıra xoşagəlməz əməllərdə şikayətçilər onun adını çəkirdi.

Bu günlərdə isə onun kiçik sahibkar Rafiq Rüstəmovla narazılığı olub. R. Rüstəmovun bildirdiyinə görə prokuror köməkçisi ondan pul istəyib. DİA.AZ-a verilən məlumatda deyilir ki, A. Sadıqovun əməlləri yerli sakinləri bezdirdiyindən bu günlərdə onlar şikayətçi prokuroluğun qarşısında piket keçirərək prokuror köməkçinin rayonu tərk etməsini tələb ediblər. Rayon prokuroru Mobil İsmayılov şikayətçilərə onun barədsində tədbir görüləcəyini bildirsə də, hələ ki, nəticə yoxdur. Rayonda verilən məlumata görə prokuror köməkçisi ilə rayon sakinləri arasında narazılıq davam edir.

Qeyd: Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq..

Geri qayıt