Əsas Səhifə > Sosial, Manşet > OLİQARXLARIN ÖZƏL MARAQ DAVASI

OLİQARXLARIN ÖZƏL MARAQ DAVASI


27-05-2012, 12:36
OLİQARXLARIN ÖZƏL MARAQ DAVASI

ARDNŞ PREZİDENTİ HAFİZ MƏMMƏDOVDAN NİYƏ ÜZ ÇEVİRİB?

DİA.AZ: - ARDNŞ prezidenti Rövnəq Abdullayevlə "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədov arasında soyuqluq yaranıb. Soyuqluğun yaranmasının səbəbi isə sonuncunun pay sahibi olduğu "Bağlan Group Limited" şirkəti ilə bağlıdır. Bu barədə redaksiyamıza məlumatlı mənbələrdən DİA.AZ-a bilgi daxil olub.

Xəbərdə deyilir ki, futbol üzrə Azərbaycan kubokunun finalında Bakının "Neftçi" klubu ilə paytaxtın eyni adlı təmsilçisi qarışıb. Əvvəlki illərdən fərqli olaraq həm də AFFA-ya rəhbərlik edən ARDNŞ prezidenti Rövnəq Abdullayev final qarşılaşmasını izləməyə gəlib.

Bir çoxları Dövlət Neft Şirkəti rəhbərinin AFFA prezidenti kimi ən azı kuboku qazanan komandanın təltif olunması mərasimində iştirakını gözləyib. Amma onların bu gözləntisi də puça çıxıb. Eyni vaxtda həm AFFA, həm də ARDNŞ prezidenti olan Rövnəq Abdullayev qalibin mükafatlandırılması törəninə də qatılmayıb.

Həmin vaxt idman jurnalistləri arasında belə bir iddia yayılmağa başlayıb ki, Rövnəq Abdullayevin "Bakı" klubunun prezidenti Hafiz Məmmədovla münasibətləri gərginləşib. Elə ARDNŞ prezidenti də məhz iş adamı ilə qarşılaşmamaq üçün Azərbaycan kuboku kimi önəmli bir turun nə izləyicisi olub, nə də qalibə kubokun təqdim edilməsi törəninə qatılıb.

Dünən bu məsələ ilə bağlı əməkdaşımız idman jdurnalistlərinin bəziləri ilə əlaqə saxlayıb, onlar AFFA prezidenti postunu da tutan ARDNŞ "şef"inin ölkə kubokunun finalına gəlmədiyini təsdiqləyiblər. Müsahiblərimiz bunun konkret səbəblərini bilmədiklərini deyib, amma onu da sözlərinə əlavə ediblər ki, Dövlət Neft Şirkəti rəhbərinin həm də ölkə futbolunun "boss"u olaraq Azərbaycan kubokunun finalına qatılmaması onlar üçün də sürpriz olub. Çünki əvvəlki illərdə AFFA prezidentinin final matçını tribunadan izləməsi və sonda qalibin mükafatlandırılmasını şəxsən özü həyata keçirməsi ənənəsi vardı.

Söhbətləşdiyimiz idman yazarları bu "sürpriz"in AFFA-ARDNŞ prezidentinin "Hafka" ləqəbli iş adamı ilə aralarındakı soyuqluqla bağlı ola biləcəyini istisna etməyiblər, amma onu da deyiblər ki, bununla bağlı onlarda hər hansı iddia, bilgi yoxdur.

Dünən söhbətləşdiyimiz bir məlumatlı mənbə isə ARDNŞ prezidenti ilə "Baclan Group" prezidenti Hafiz Məmmədovun arasında soyuqluğun yaranma ehtimalını yüksək dəyərləndirib. Onun fikrincə, "Bağlan Group"a daxil olan "Bağlan Enerjy Limited" şirkəti ətrafında cərəyan edən son proseslər onları qarşı-qarşıya qoya bilərdi. Belə ki, "Baglan Group Limited" şirkəti Dubayda qeydiyyatdan keçmiş iki offşor şirkətlə ortaq şəkildə Xəzərdəki "Qum-dəniz" və "Bahar" yataqlarında hasilata dair 2009-cu ildə ARDNŞ-lə müqavilə bağlayıb. Müqavilənin imzalanması mərasimində Hafiz Məmmədov orada sonadək iştirak edib. Müqavilədə ortaqların qurduğu "Bahar Energy Limited" 80, ARDNŞ 20 faiz paya malikdir. Bu ilin əvvəllərində məlum olmuşdu ki, "Baglan Group Limited" həmin müqavilə üzrə barəsində heç bir məlumat olmayan ortağının 33.3 faiz payını almaq üçün prosedurları başladıb.

Bu ayın əvvəlində isə xəbər yayılıb ki, şirkət bu prosedurları başa çatdırıb və artıq "Qum dəniz" və "Bahar" yataqlarının işlənməsinə dair müqavilədə payını ikiqat artırıb. Sövdələşmə barədə rəsmi açıqlama bu dəfə də Kanadanın Kalqari şəhərindən marketwire.com saytı üzərindən yayılıb. Çünki "Bahar Energy Limited"in üç təsisçisindən biri olan "Greenfields Petroleum Corporation" Amerikanın Texas ştatında fəaliyyət göstərən şirkətdir və Birləşmiş Ştatlarda mövcud olan qiymətli kağızlar haqda qanuna görə şirkətlər bu cür press-relizlərini başqa ölkələr üzərindən yaymaq praktikasına üstünlük verirlər. "Greenfields Petroleum Corporation" bəyan edir ki, "Baglan Group Limited" "Qum dəniz" və "Bahar" yataqlarının işlənməsinə dair müqavilədəki ortağı "Rafi Oil FZE"nin 33.33 faiz payının alınmasını başa çatdırıb. Bu hissələr üçün şirkət 150 milyon dollar ödəyib.

Xatırladılır ki, "Baglan Group Limited" bundan əvvəl "Bahar Energy Limited"də 33.34 faiz paya malik idi. İndi onun payı 66.67 faiz təşkil edir, "Greenfields Petroleum Corporation"un müqavilədəki payı isə dəyişməz qalır. Açıqlamada bildirilir ki, "Baglan Group Limited" Dubayda qeydiyyatdan keçmiş şirkətdir, neft-qaz hasilatı ilə məşğul olur və Azərbaycanın Xəzərdəki iki neft-qaz yatağının işlənməsi üzrə müqaviləsi var. "Greenfields Petroleum"un prezidenti və baş direktoru Con Harkins sövdələşmə ilə bağlı bildirir ki, onlar "Baglan Group"un "Rafi Oil FZE"nin payını almasından məmnundurlar. "Biz yeni müqaviləni alqışlayırıq və tərəfdaşlarımızla yaxın aylarda "Qum dəniz" neft yatağında və "Bahar" qaz yatağında qazma işlərini yekunlaşdırmaq üçün daha yaxın işgüzar münasibətlər yaratmağa ümid edirik" deyə açıqlamada bildirilib.

Qaynağımız ehtimal edir ki, "Bahar Energy Limited"də 33.34 faiz paya malik olan Hafiz Məmmədovun sonradan hakimiyyət içindəki ortaqları vasitəsi ilə öz payını az qala iki dəfəyədək artırması ARDNŞ prezidentini məmnun etməyib və mümkündür ki, indi onların arasında yarandığı iddia olunan soyuqluq məhz bununla bağlıdır. Mənbə düşünür ki, ARDNŞ prezidenti iş adamına məxsus şirkətin payının birdən birə ikiyə qatlanmasına mane olmağa çalışıb, amma Hafiz Məmmədovun kifayət qədər güclü, nüfuzlu himayədarları Rövnəq Abdullayevin yaratmağa cəhd göstərdiyi əngəlləri əllərindəki təsir imkanları vasitəsi ilə aradan qaldıraraq "neft bossu"nu faktiki məğlubiyyətə uğradıblar. Bu isə heç şübhəsiz ARDNŞ prezidentində qəzəb yaradıb. Əlbəttə, biz bütün bu iddia və ehtimalları dəqiqləşdirmək imkanlarından məhrumuq. Bununla belə, yazıda adları keçən tərəflərin hər hansı mövqeyi olarsa, onu da məmnuniyyətlə dərc edə bilərik.


Geri qayıt