Əsas Səhifə > Sosial, Manşet > DEPUTATIN DURUMU DAHA DA AĞIRLAŞIB

DEPUTATIN DURUMU DAHA DA AĞIRLAŞIB


29-05-2012, 12:34
DEPUTATIN DURUMU DAHA DA AĞIRLAŞIB

VAHİD ƏHMƏDOVUN QUBA OLAYLARINDA İŞTİRAKI SÜBUTA YETİRİLİB

DİA.AZ: - Artıq 3 aya yaxın vaxt keçsə də, Qubada baş verən 1 Mart olayları ilə bağlı araşdırmalar hələ də davam etməkdədir. Əslində buna normal yanaşmaq olar. Çünki YAP iqtidarı dönəmində ilk dəfə idi ki, Azərbaycanda hansısa icra başçısı məhz kütlənin narazılığı fonunda vəzifəsindən azad edilirdi, məmurlar kütlənin qarşısına çıxaraq müxtəlif vədlər verirdilər və kütlə «qəzəblənərək» icra başçısının evini yandırırdı.

Bəli, bu «ilk» deyəsən, hələ çoxlarının başını ağrıdacaq. Çünki Qubada 1 Mart olayları zamanı konkret bir ssenarinin həyata keçirilməsinə kimsə şübhə etmir. Hadisəni isə belə təsəvvür etmək olar: QUBADA MİNİMİQYASDA BİR HAKİMİYYƏTİÇİ SAVAŞ MÜŞAHİDƏ OLUNDU. Keçmiş icra başçısı Rauf Həbibov isə bu savaşda verilən qurban idi.

DİA.AZ-a daxil olan yeni məlumatlarda isə bildirilir ki, Quba olaylarını araşdıran hüquq-mühafizə orqanları məlum hadisələrdə konkret bir maraqlı tərəfin izinə düşüb. Söhbət həmin gərgin dönəmdə Qubaya rəsmi Bakının yolladığı «sülhməramlı elçilər» arasında yer alan qubalı deputat Vahid Əmədovdan gedir.

Xatırladaq ki, buna qədər də Vahid Əhmədovun Quba hadisələrində maraqlı birisi olduğunu söyləmişdik və bildirmişdik ki, hətta hadisələrin qızışdırılmasında və yetişdirilməsində müstəsna rol oynayan həmin başıbəlalı, konteksdən çıxarılmış videogörüntünü hazırlayan çevrələrin də qubalı deputata xüsusi simpatiyaları olub. Konkret əlaqələrin olması faktı da var ki, Vahid Əhmədovun adı bu işdə hallandırılan və bir neçə əməkdaşı həbsdə olan «XəyalTV»yə aylıq olaraq haqq ödədiyi məlum olub.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, bu məsələ ilə əlaqədar Vahid Əhmədovun yenidən dindirilməsi planlaşdırılır: «Rəsmi Bakı istənilən halda Quba işini çözməkdə maraqlıdır. Burada söhbət Rauf Həbibovun nahaqdan qurban verilməsindən getmir. Hakimiyyət üçün önəmli olanı hansısa deputatın hansısa rayonda miniiğtişaş törətməsindən və bununla da bütün iqtidar düşərgəsinə əzələ nümayiş etdirməsindən gedir».

Məhz buna görə konkret sübutların tam təsdiqini tapacağı təqdirdə Vahid Əhmədovun durumunun daha da gərginləşəcəyini söyləyən qaynaq onu da iddia edir ki, ilk əvvəl onun deputat toxunulmazlığı əlindən alınacaq: «Artıq hər bir hüquqi prosedur üçün tədarük görülüb və yaxın günlərdə belə bir tələblə istintaq orqanları Milli Məclis rəhbərliyinə müraciət ünvanlaya bilər».

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir…

Geri qayıt