Əsas Səhifə > Güney Press, Araşdırma > DÖVLƏTİMİZƏ QARŞI TƏXRİBAT

DÖVLƏTİMİZƏ QARŞI TƏXRİBAT


29-05-2012, 14:12
DÖVLƏTİMİZƏ QARŞI TƏXRİBAT

İRANA GEDƏN SOYDAŞLARIMIZA SƏNƏD İMZALATDIRILAR

GUYA ONLAR AZƏRBAYCANIN İRANA BİRLƏŞMƏSİNİ İSTƏYİRLƏR

Müsahibimiz Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, Kanada da yaşayan tanınmış jurnalist Hüseyn Türkellidir.

- Hüseyn bəy, İranın antiAzərbaycan kampaniyasının arxasında hansı məqsədlər dayanır?

- İran Azərbaycanın dövlət kimi mövcud olmasını hələ də həzm edə bilmir. Özəlliklə son zamanlar Behreyndə Səudiyyə Ərəbistanı ilə birləşmək meyilləri fars şovinistlərində də keçmiş "İran" əyalətlərini “PARS İSLAM BİRLİYİ” adı altında qəsb etmək xülyalarını gündəmə gətirib. Hətta bu ideyanın İranın Ali Təhlükəsizlik Şurasının Katibi, SEPAH-ın keçmiş komandiri Möhsün Rizayi dilə gətirib. Onsuz da Azerbaycanda müsteqilliyi pozmaq üçün Fars rejimi əlindən gələni edir. İrana gedən insanlardan İrana birləşmək istəyi barədə ərizələr toplayır, insanların dini etiqadından sui- istifadə edərək onları ələ keçirməyə cəhd edirlər. İran rejimi Azərbaycanın qərblə və özəlliklə İsraillə yaxınlaşmasından çox narahatdı. Rəsmi Bakının bütün açıqlamalarına baxmayaraq İran hesab edir ki, Azərbaycan antiİran cəbhədə yer alıb. Azərbaycanın NATO ilə yaxınlaşması, prezidentin NATO sammitinə qatılması və s. İranın ciddi şəkildə rahatsız edən məsələlərdir. İran həm güneydə, həm quzeydə insanların həssaslığını bilir. "Gey- parad" kimi uydurma bəhanələrı ortaya atmaqda məqsəd ilk öncə Güney Aəzerbaycanlılar arasında Azərbaycan dövlətinə qarşı ikrah və nifrət hissi oyatmaq, istiqlal savaşı aparan güneyliləri isə kütlənin gözündən salmaqdır. Başqa bir tərəfdən Fars şovinzimi bununla Quzey Azərbaycanın daxilində ciddi çaxnaşmalara və etirazlara nail olmaq istəyirdi. ETTELAAT bütün əlaltılarına hazır olmaq üçün tapşırıqlar vermiş ve “Gey parad”ı bəhanə etməklə dindarları küçələrə çıxarmağa çalışırdı.

- İran Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirə bilərmi?

- İran hesab edir ki, Azərbaycan adlı bir dövlət olmamalıdır. Çünki bu dövlətin varlığı Güney Azərbaycan türklərini ruhlandırır və onları müstəqil Azərbaycan qurmağa və ya Azərbaycanla birləşməyə sövq edir. Mümkün olduqda Azərbaycanın dövlət kimi yer-üzündən silinməsinə çalışır. Əgər qərbdən və özəlliklə Türkiyədən qorxmasaydı, hətta İran Azərbaycana hərbi müdaxiləyə qərar verə bilərdi. Azərbaycan dövlətinin məhvi mümkün deyilsə alternativ variant kimi Azərbaycanda qeyri-türklərin idarə etdiyi islam cümhuriyyəti yaratmaqdı. Buna nail olmaq üçün İran böyük həcmdə maliyyə sərf edir. İran hətta dinçi hərbi qruplar yaratmaq üzərində işləyir. Onlara silah-sursat ötürür. Uzun vədəli plan isə bəllidir. Hicab, Gey-parad və bu kimi bəhanələrə söykənərək Azərbaycanda ixtişaşlar yaratmaq və yaradılan hərbi qruplaşmaların köməyi ilə dövlət çevrilişinə nail olmaq və İranın əl-altısı olan bir dinçi rejimi hakimiyyətə gətirmək istəyirlər. Belə olsa mənə elə gəlir ki, qərb çox sərt reaksiya verərdi amma demək çətindi ki, qərb Azərbaycana görə İranla hərbi konfrantasiyaya gedə. Məncə İranın ən çox çəkindiyi ölkə Türkiyədir. Azərbaycanla Türkiyənin hərbi ittifaqı İranı qorxudan ən ciddi amildir.

- Güneydə "Urmu gölü" aksiyaları başlayıb. Bu təsqüdüfdürmü?

- 22 May 2006-cı ildə “İran” dövlət qəzetinin Azərbaycanlıları təhqir etməsinə qarşı baş vermiş milli üsyan hamımızın xatirindədir. Hər il 22 May da həmin milli üsyanın ildönümü ilə bağlı etirazlar keçirilir. Bu il də daha öncəki illər kimi May üsyanının ildönümü tədbirləri və etiraz aksiyaları keçrilirib. Azərbaycan milli hərəkatı bu etirazlara aylar öncədən hazırlaşırdı. Son dövrlərin etiraz aksiyalarında Urmu gölünun qurudulması məsələsi başlıca məsələdir. Çünki rejim Urmu Gölünün qurudulmasına tam nail olarsa Azərbaycanın çöllüyə çevrilməsinə və milyonlarla azərbaycanlının vətənindən didərgin düşməsinə nail olacaq və beləliklə İranın Güney Azərbaycan problemi bir dəfəlik həll olacaq. Hərəkat isə etirazları ilə rejimi geri oturtmağa çalışır. Bir sözlə, Güneydəki son etirazların iranın son antiAzərbaycan kompaniyası ilə hər hansı əlaqəsi yoxdu. Molla rejimi Azərbaycanın reaksyasının bu qədər güclü olacağını düşünməmişdi. Molla rejimi hesab edirdi ki, gay parad kimi uydurma bəhanələrlə Azərbaycanın dindar insanlarını küçələrə çıxarıb istəyinə nail olacaq, amma bu baş vermədi. Ayrıca, Azərbaycandan adekvat cavablar İran rejimini tam şoka saldı. Səfirin geri çağırılması da məhz həmin şokun nəticəsi idi. İran səfiri bir müddətdən sonra yenidən Bakıya göndəriləcək.

- Milli qiyam baş versə, Güney Azərbaycan müstəqil ola bilərmi?

- Güney Azərbaycanın müstəqilliyınə nail ola bilməsi üçün bir neçə faktor bir araya gəlməlidir. Milli hərəkat güclənməli və təşkilatlanmalıdı. Xarici dəstək olmalıdı. Ayrıca millətimizin ideallarını tam gərçəkləşdirməsi üçün ciddi fürsət gözləməlidir. Güc vakumu- hakimiyyət boşluğu yaranan kimi əlbəttə ki, milli hərəkatımız tarixi ideallarımızı gərçəkləşdirəcək gücünü və hətta təşkilatını ortaya qoyacaq. Xarici dəstəyə gəlincə, təəssüf ki, bu baxımdan hal-hazırda ciddi axsamalar var. Çünki qərbi Türk dövlətlərinin mühasirəsində qalacaq Ermənistanın taleyi narahat edir. Qərbi inandırmaq lazımdır ki, bizim torpaqları işğaldan azad edərsə, Ermənistandan olan Azərbaycanlıların öz yurdlarına dönməsinə şərait yaradarsa, Qarabağın və ətraf rayonların işğalına son qoyarsa bizim Ermənistanla hər-hansı mübahisəmiz olmayacaq.

- Azərbyacan hakimiyyəti Rusiya, Ermənistan, İran arasında necə manevr etməlidir ki, müstəqliiyə təhlükə yaranmasın?

- Bizə qarşı torpaq iddialarından, Türkiyəyə qarşı soy qırım iddialarında əl çəkən Ermənistanla niyə problemimiz olsun ki. Bəziləri Azərbaycan iqtidarının balanslaşdırılmış siyasətini yanlış saysa da hesab edirəm ki, Azərbaycan kimi kiçik, varlı, müharibə şəraitində olan, İranın və Rusiyanın basqılarına məruz qalan bir dövlət üçün ən ağıllı xarici siyasət kursu balanslaşdırılmış xarici siyasətdi. Xarici siyasətdə manevr etməyən və başqa alternavi olmayan ölkələrdən biri Kubadı. İnsanlar hələ də eşşək arabası ilə gəzir. Hesab edirəm ki, Azərbaycan qərbə integrasiyasını davam etməlidir. Çünki Rusiyanın özünün də gələcəyi qaranlıqdı. Rusiyada Putin kimi sovet qafalıların hakimiyyətə nə vaxtsa başa çatacaq. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərini qoruyub saxlamalı və inkişaf etdirməlidir. Rusiyada milyonlarla Azərbaycanlı yaşayır və işləyir. Azərbaycanda insanların bir qisminin dolanışığı Rusiyadakı yaxınlarının iqtisadi fəaliyyətindən asılıdır. Amma strateji baxımdan Azərbaycan qərbə və azad dünyaya inteqrasiya yolunu davam etdirməlidi. İrana gəlincə, mənə elə gəlir ki, İranla yaxşı münasibətlər Azərbaycana bir şey verməyib. Norkomanımız yox idi, Fars şovinist rejiminin sayəsində indi narkomanlıq Azərbaycanda da sosial problemə çevrilib. Azərbaycanda İran sayağı dini radikallıq yox idi, İran mollaları bu sahədə ciddi nailiyyətlər əldə ediblər. Vətəndaşlarımız molla rejimi tərəfindən ələ keçirilir və dövlətə qarşı xəyanətə məcbur edilir. İrandan iqtisadi asılılıq yaradılır və s. Onsuz da İranın gələcəyi yoxdur. İran rejimi də Səddam Hüseynin, Qəddafinin özünüməhv yolunu tutub. Bizdən fərqli olaraq İran Azərbaycanla "dəymə mənə- dəyməyim sənə" siyasəti yürütmür. İranın Azərbaycan strategiyası bəllidir: Azərbaycanı bir dövlət kimi məhv etmək və ya İranın nəzarətinə keçirmək. Əslində Azərbaycanla münasibətləri yaxşı olduğu zaman İran Azərbaycana daha kəskin zərbələr endirə bilir.


Geri qayıt