Əsas Səhifə > Güney Press, Araşdırma > HESABLAMA PALATASINDAN SƏRT İTTİHAM
HESABLAMA PALATASINDAN SƏRT İTTİHAM30-05-2012, 14:04 |
«BƏZI QURUMLAR DÖVLƏT VƏSAİTİNİ İSRAFÇILIQLA XƏRCLƏYİR» Azərbaycanda bəzi dövlət qurumları dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatı üzrə istifadə etmir və israfçılığa yol verir. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov bildirib: «Palata tərəfindən aparılan audit tədbirləri zamanı vəsaitlərin qənaətlə istifadə edilməməsi, bir sıra hallarda xərc maddələrinin təyinatının dəyişdirilməsi, bəzi maddələr üzrə aparılan təsərrüfat əməliyyatlarının maliyyə hesabatlarında düzgün əks etdirilməməsi, uçot-hesabat işlərinin mövcud qanunvericiliyə uyğun aparılmaması, maliyyə intizamına riayət edilməməsi hallarına və digər nöqsanlara yol verildiyi qeydə alınıb». Sədr müavini bildirib ki, büdcənin tərtibi və icrası zamanı yol verilən bəzi nöqsanlar və çatışmazlıqlar, büdcəyə nəzarəti çətinləşdirən məsələlərdən biri də, büdcə vəsaiti ayrılan sahələr üzrə normativ metodiki sahədə bir sıra boşluqların olması, qüvvədə olan bəzi normaların təkmil olmaması, bəzi hallarda isə ümumiyyətlə tənzimləyici normaların mövcud olmamasıdır. «Bəzi qurumlarda büdcədən ayrılan maliyyə vəsaitlərinə tələbatın düzgün müəyyənləşdirilməməsi və resurslardan səmərəli istifadə edilməməsi, xərclərin və zərər məbləğlərinin artması, israfçılığa yol verilməsi, iş və xidmətin keyfiyyətinin aşağı düşməsinə səbəb olur», - deyə Palata nümayəndəsi bildirib. Bununla əlaqədar olaraq 2011-ci ilin dövlət büdcəsi ilə bağlı Hesablama Palatasının rəyində bir sıra təkmilləşdirici təkliflər əksini tapıb ki, onların nəzərə alınması dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin daha səmərəli istifadə olunmasına, maliyyə intizamının gücləndirilməsinə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına müsbət təsir edə bilər. Bu təkliflərdən biri kimi, Hesablama Palatası Azərbaycanda mənzil-kommunal sahədə islahatların aparılmasını zəruri sayır: «Mənzil-kommunal təsərrüfat sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bazar mexanizmlərinin tətbiqinə üstünlük verilməsi, rəqabət mühitinin inkişaf etdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlərin görülməsi, habelə mülkiyyət formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən müəssisələrin işinə ciddi nəzarətin həyata keçirilməsi məqsədəuyğun olardı». Palata nümayəndəsinin sözlərinə görə, normativ sənədlərdə olan boşluq və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatası tərəfindən sahəvi xüsusiyyətlər nəzərə alınmaqla, əvvəlki illərdə olduğu kimi cari ildə də, bir çox təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. «Bununla yanaşı, Palatanın rəyində illik hesabatlarla bağlı texniki xarakterli məsələlərin həllinə dair bir sıra tövsiyələr də əksin tapıb ki, onların tətbiqi təhlillərin daha müfəssəl aparılmasına ayrı-ayrı göstəricilər üzrə fərqlərin yaranmasının qarşısının alınmasına imkan verər», - deyə A.Məhərrəmov bildirib. Geri qayıt |