Əsas Səhifə > Partiya > ACLIQ AKSİYASI BÖYÜDÜ

ACLIQ AKSİYASI BÖYÜDÜ


17-10-2011, 16:52
ACLIQ AKSİYASI BÖYÜDÜ

MÜSAVATÇILAR DA AKSİYAYA DƏSTƏK VERDİ

Məhbus Ailələri Komitəsinin oktyabrın 14-də Müsavat Partiyasının qərargahında başlatdığı aclıq aksiyası davam edir. İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunan AXCP üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin sədri Arzuman Məcidli oktyabrın 17-də “Media forum” saytına deyib ki, hazırda 6 nəfər aksiyası keçirir: “Mən və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli oktyabrın 14-dən aclıq edirik. AXCP fəalı Dəyanət Babayev və Müsavat Partiyasının üzvü Novruz Orucov oktyabrın 15-də aksiyaya qoşulublar. Oktyabrın 17-də isə AXCP sədrinin müavini, İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva aclıq başlayıblar”.

Arzuman Məcidlinin sözlərinə görə, aksiyaya qoşulmaq istəyənlərin sayı çoxdur, oktyabrın 18-də AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və bir necə gənc aclığa başlayacaq.

Aksiyaçı qeyd edib ki, aclıq edənlərin səhhətində problemlər yaranıb: “Mənim təzyiqim yüksəkdir. Dəyanət Babayevin də səhhətində problemlər var. Həkimlər sağ olsunlar, bizi daimi nəzarətdə saxlayırlar. Hər gün gəlib yoxlayır və tibbi yardım göstərirlər. Mənə bir necə iynə vurublar”.

Xarici ölkələrin, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəlikləri və Azərbaycan hakimiyyəti aclıq aksiyasına heç bir reaksiya verməyib: “Nə rəsmi, nə də qeyri-rəsmi reaksiya var. Buna baxmayaraq biz siyasi məhbuslar azadlığa buraxılanadək aclıq aksiyasını davam etdirəcəyik”.

Müsavat Partiyası isə həbsdə olan məhbusları təltif edib. Arzuman Məcidli deyib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiya rəhbərliyi oktyabrın 17-də acıq aksiyası keçirənlərə baş çəkib: “Müsavat Partiyası həbsdə olan məhbusları təltif edib. Medallar məhbusların ailə üzvlərinə təqdim olundu. Onlar demokratiya, azadlıq uğurunda apardıqları mübarizəyə görə Müsavat Partiyasının yubiley medalı ilə təltif olunublar”.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı da aclıq aksiyası keçirənlərə baş çəkiblər.

Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir. Aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyaya görə biri şərti həbs cəzası almaqla 14 aksiyaçı azadlıqdan məhrumetməyə məhkum olunub.

Ruslan Bəşirli 2005-ci ildən həbsdədir, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev 2011-ci ilin mayında, Vidadi İsgəndərli aprel ayında həbs olunaraq azadlıqdan məhrumetməyə məhkum edilib.


Geri qayıt