Əsas Səhifə > Şou-biznes > “BİR GÜN ALLAHA YALVARDIM Kİ”...
“BİR GÜN ALLAHA YALVARDIM Kİ”...4-06-2012, 13:11 |
“MƏNƏ KÖMƏK OL TANINIM” Həyatda çox əziyyət çəkdiyini etiraf edən Könül Kərimova bu gün onun bəhrəsini gördüyünü deyir İfaçılıq sənəti olduqca ağır bir sənətdir. Bu aləmdə populyarlaşmaq nə qədər çətindirsə, tamaşaçı sevgisini qoruyub saxlamaq ondan da məşəqqətlidir. Gərək ilk növbədə səmimi olasan. Yəni mahnını ifa etməklə kifayətlənməyəsən, onu yaşayasan. Sevilən müğənni Könül Kərimova da belələrindəndir. Hər dəfə onun müsahibələrini dinlədikcə, sanki musiqilərinə qulaq asırsan. Belə ki, zəngin daxili dünyası romantik musiqilərini yetərincə tamamlaya bilir. Bu günlərdə onun televiziya ekranında səsləndirdiyi səmimiyyət dolu etirafı mənim bu insanın şəxsiyyətinə qarşı hörmətimi daha da atırdı. Müğənni sənətə gəlişini bu cür ifadə edirdi: “İlk dəfə sizə bir hadisə danışım ki, bu sənətə gəlmək üçün gecə-gündüz fikir çəkirdim. Bir gün Allaha yalvardım ki, mənə kömək ol tanınım, hamı məni bu sənətdə sevsin. Gecə idi, birdən fikrimə bir mahnı düşdü. Köhnə, yarı-köklənmiş pianinom var idi, bir dənə də köhnə maqnitofonum. Gedib oturdum pianonun arxasında, öz-özümə zümzümə etməyə başladım. Gördüm ki, elə bil nəsə alınır. Səsimi yazdım. Səhər də bir tədbirə dəvətli idim. Məşqsiz oxudum. Fikirləşdim ki, reaksiya yaxşı olsa, tamaşaçılara deyəcəm ki, mən bəstələmişəm. Desələr, yox, bu nədir, deməyəcəm ki, mən bəstələmişəm. Şükür, sevildi. Musiqidə ən çox aşıq üslubunu sevirəm. Uşaq vaxtı aşıq mahnılarını ifa edəndə hamı oynayırdı, mən isə kövrəlirdim. Əvvəllər efirlərdə, tədbirlərdə çıxış edəndə çox həyəcanlı olurdum. Hətta sizə deyim ki, “Bəxtiyar” filmində olduğu kimi həyəcan keçirirdim. Bir gün “Bənövşə” xorunda ifa edirdim, o qədər həyəcan keçirdim ki, sözlər yadımdan çıxdı, başladım zümzümə etməyə. 3 kuplet təmiz yadımdan çıxmışdı. Birdən gözüm Əfsər müəllimə sataşdı. Gözünü necə ağartdısa, tez mahnı yadıma düşdü. Əvvəllər kimsə xətrimə dəyəndə mətbəxə keçib özümdən yeməklər kəşf edirdim. Saatlarla mətbəxdən çıxmırdım. Anamgil də zəng edib deyirdilər ki, hərdən mətbəxdən çıxsın, sənəti ilə məşğul olsun. O qədər məyus olurdum ki, oxumaq belə istəmirdim. Anam saçımı yolurdu ki, oxumalısan, sənin gözəl səsin var. İndi də bir sıxıntım olanda heç kimə büruzə verməyib özümə qapılıram və çıxış axtarıram ki, necə həll edim. Hamıdan uzaq qaçıram, heç kimi də görmək istəmirəm. Xoş günüm olanda isə hami ilə bölüşürəm . Dünyanı sevən insanam. Gözəllikdə çirkinlik axtaranam ki, hər şey gözəl olsun. Mənə dəyər verməyən dar düşüncəli adama rast gələndə pis oluram. İlk müəllimim anam olub. Bəlkə də mən oxumazdım, müəllimlərimə borcluyam bu sənətə gəlməyimə görə”. Daha sonra repertuarına toxunan K.Kərimova keçdiyi sənət yolundan söz saldı: “Bir çox mahnılar var ki, özüm bəstələmişəm. Yeni mahnılarım çoxdur, amma bütün mahnılarımın içində “Bir Aləm” mahnısının böyük rolu var, çünki bu mahnı mənim sənət aləmimdə böyük dönüş etdi. Bütün repertuarım bir yana, “Bir Aləm” bir yana. Mənim üçün qiymətlidir. Həyatda öz dünyamı sevən adamam. İlk dəfə Qatar muğamı ilə sənətə gəlmişəm. Həyatda çox əziyyət çəkmişəm, bu gün bəhrəsini görürəm”. Sonda müğənni gələcək planlarına toxundu: “Bu yay bir çox yeniliklər edəcəm. Ürəkdən nə arzu edirəmsə, həmişə nail oluram. Gələcəkdə ola bilər ki, Namiq Qaraçuxurlu ilə də duet ifa edim”. Səmimi olmaq incə ruhun göstəricisidir, hər kəsə nəsib olmayan bir sənətdir. Məhz buna görə də könülə yol tapan musiqilərin ifaçıları sevilirlər... Geri qayıt |