Əsas Səhifə > Güney Press, Üçüncü sektor > «FREEDOM HOUSE»DAN KLİNTONA MƏSLƏHƏT

«FREEDOM HOUSE»DAN KLİNTONA MƏSLƏHƏT


4-06-2012, 14:01
«FREEDOM HOUSE»DAN KLİNTONA MƏSLƏHƏT

“DEMOKRATİYA DANIŞIQLAR ZAMANI PRİORİTET OLMALIDIR”

Freedom House məşhur hüquq müdafiə təşkilatı dövlət katibi Hillari Klintonu Azərbaycan, Ermənistan və Gürcüstana qarşıda duran səfəri zamanı ən yüksək səviyyədə görüşlərində insan hüquqları və demokratiyanın pozulması məsələsinə xüsusi əhəmiyyət verməyə çağırıb.

“Qafqazda demokratiyanın təşviqi və dəstəklənməsinin böyük əhəmiyyəti var”, deyə FH prezidenti Devid Kramer bildirib.

“Biz başa düşürük ki, səfər zamanı müzakirə olunacaq bir sıra siyasi maraqlar var, lakin FH bütün regionda, xüsusən Azərbaycanda və Ermənistanda insan hüquqları və demokratiya sahəsində mövcud problemlərə xüsusi diqqət yetirilməsini tələb edir”, deyə Kramerin Turanın Vaşinqton müxbirinə təqdim edilmiş bəyanatında bildirilir.

Xüsusən, FH rəhbəri dövlət katibi Klintonu Azərbaycanda hakimiyyətin siyasi fəalları təqib etməsi, hökumət əleyhinə nümayişlərin dağıdılması üçün güc tətbiq etməsi və müxalifətçilərin həbsi məsələsini qaldırmağa çağırır.

Hakimiyyət beynəlxalq mətbuatın tənqidini neytrallaşdırmağa çalışırdı və bu mövzuda istənilən əhəmiyyətli ictimai müzakirələrin yatırılması siyasətini davam etdirir.

Ermənistanda hakimiyyət dəfələrlə vəd olunmuş islahatları həyata keçirmir, Gürcüstanda daha dərin islahatlar və artıq başlanmış dəyişikliklərin davam etdirilməsi üçün institusional zəmanət yoxdur.

Gürcüstanda qarşıda duran parlament və prezident seçkiləri ölkənin vətəndaş cəmiyyəti üçün, daha səmərəli və düşünülmüş siyasi platforma hazırlanması üçün sınaq olacaq.

FH bu üç ölkə üzrə tövsiyələrini iyunun 6-da Avropa və Asiya ölkələrində demokratiyanın vəziyyəti haqqında illik məruzəsində daha müfəssəl təqdim edəcək.

Eyni zamanda, Qərbin üç keçmiş səfiri –Denis Korboy (Avropa Komissiyasının Ermənistanda və Gürcüstanda keçmiş səfiri), Uilyam Kortni (ABŞ-ın Qazaxıstanda və Gürcüstanda keçmiş səfiri), Kennet Yalovits (ABŞ-ın Belarus və Gürcüstanda keçmiş səfiri) də Klintona münaqişələrin həllinə diqqət yetirmək çağırışı ilə Dövlət Departamentinə müraciət göndəriblər.

Turanın müxbirinin verdiyi məlumata görə, bu məktubda deyilir ki, Klintonun səfəri Amerika və Avropanın maraqlarını təhlükə altında qoyan gərginlik yaranması riskini gecikdirə bilər. Bu təhlükələr Şimali Qafqazda terrorizmdən, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən hərbi yolla işğalından, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsinin bərpası mümkünlüyündən irəli gəlir.

Vladimir Putinin Rusiyanın prezidenti vəzifəsinə qayıtması vəziyyəti daha da çətinləşdirir, belə ki, o, Moskvanın keçmiş sovet qonşularına təsirini gücləndirməyə çalışır.

Azərbaycan və Ermənistan arasındakı kövrək barışıq tez-tez pozulur. Rusiya Ermənistanı silahlandırır, Azərbaycan silahlarını artırmaq üçün neft gəlirlərindən istifadə edir, onun müttəfiqi olan Türkiyə isə on ildən çoxdur ki, Ermənistanla sərhədləri bağlayıb.

ABŞ və Avropa Qafqazda riskləri azaltmaq üçün Gürcüstanın müstəqilliyini dəstəkləməli bu ölkənin beşdə birinin qanunsuz işğalına qarşı çıxmalıdır.

“Amerika və Avropa artıq Dağlıq Qarabağ üzrə danışıqları ikinci plana ata bilməz. Prezident İlham Əliyev daxili təzyiq altındadır, amma Avropa və Amerika ona xoşagəlməz nəticələr və daha geniş regional müharibə barədə xəbərdarlıq etməlidir. Azərbaycanda energetikaya investisiyalar və yeni Nabucco qaz kəməri qurban gedə bilər”, deyə keçmiş səfirlər qeyd edir.


Geri qayıt