Əsas Səhifə > Sosial, Manşet > MTN ŞEFİNDƏN ARDNŞ RƏHBƏRİNƏ ŞOK TƏLƏB
MTN ŞEFİNDƏN ARDNŞ RƏHBƏRİNƏ ŞOK TƏLƏB5-06-2012, 14:07 |
RƏŞAD ƏLİYEV MƏSƏLƏSİ ŞİRKƏT RƏHBƏRİ İLƏ NAZİRİ ÜZ-ÜZƏ QOYDU DİA.AZ: - Bir müddət əvvəl mətbuatda belə bir məlumatlar yer aldı ki, Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev Milli Təhlüəsizlik Naziri Eldar Mahmudovun yerinə kadr hazırlayır. Kadrın kimliyi barədə də yetərincə bilgilər verilirdi. Söhbət, sonuncu dəfə Sulutəpədə öz «şücaətini» göstərən ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevdən gedir. Xatırladaq ki, Rəşad Əliyev bir zamanlar MTN-də işləyib və onun müxalifət mətbuatı üzərində kurator olduğu da söylənilir. Yəni bu günjurnalistlərin əksəriyyəti onu yaxşı tanıyır. MTN-dən qovulduqdan sonra o zamanlar Bakı Neft Emalı Zavodunun direktoru işləyən Rövnəq Abdullayevə sığınan Rəşad Əliyev 2005-ci ilin parlament seçkilərində indiki ARDNŞ şefinin seçki qərargahının rəhbəri kimi meydana çıxdı. Qısa müddət içində, özünün köhnə əlaqələrindən yararlanan Rəşad Əliyev müdafiə etdiyi deputatlığa namizəd Rövnəq Abdullayevə mətbuatda sözün əsl mənasında çox ciddi təbliğat kampaniyası qurmağa müvəffəq oldu. Rövnəq Abdullayev də onun bu xidmətlərini nəzərə alaraq, ARDNŞ-ə rəhbər təyin edildikdən sonra Rəşad Əliyevi də özü ilə bərabər neft şirkətinə apardı və onu ARDNŞ Təhlükəsizlik İdarəsinə rəis təyin etdi. Doğrudur, sonradan məlum oldu ki, Rəşad Əliyev Rövnəq Abdullayevin 2005-ci ilin parlament seçkiləri zamanı təbliğatını qurarkən bir sıra qəzetlərə 5-10 min dollar pul atıb. Amma bu faktın özü belə Rəşad Əliyevə olan etimadı azaltmadı. Bildirək ki, Rəşad Əliyevlə bağlı məlumatlar, yəni onun nazir postuna təyin ediləcəyi haqda bilgilər də məhz bundan sonra dövriyyəyə buraxıldı və bildirilirdi ki, Rövnəq Abdullayev onu nazir postuna gətirə bilməsi üçün hətta bir sıra ünvanlarla - Eldar Mahmudova rəqib kimi görünən çevrələrlə belə separat əlaqələrə girib. Doğrudur, uzun müddət MTN rəhbərliyi bu kimi fəaliyyətləri ciddiyə almasa da, indi vəziyyətin kifayət qədər dəyişdiyi məlum olur. Belə ki, DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən verilən informasiyada artıq MTN rəhbərliyinin ARDNŞ şefindən haqq-hesab sormağa qalxdığı bildirilir. Məlumatlı mənbənin söylədikləri: «Vəziyyət hətta o həddə çatıb ki, MTN rəhbərliyi tərəfindən Rövnəq Abdullayevdən Rəşad Əliyevin işdən çıxarılması tələbi qoyulub. Hələlik Rövnəq Abdullayev bu tələbə cavab verməyib. Amma fakt faktlığında qalır ki, nazirliklə şirkət arasında böyük bir çəkişməyə start verilib. Amma görünəni odur ki, bu işdə Rövnəq Abdullayevin uduşlu çıxma şansları çox aşağıdır. Ən azından Eldar Mahmudovun hakim düşərgədəki hazırki reputasiyası buna imkan yaratmır». Onu da bildirək ki, bir müddət əvvəl yayılan bir başqa məlumatlarda da vurğulanırdı ki, Rövnəq Abdullayev MTN şefinə qarşı hətta Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovdan, eləcə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən də dəstək almağa ümidlidir. Geri qayıt |