Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTATDAN MÜSAVAT BAŞQANINA İTTİHAM

YAP-ÇI DEPUTATDAN MÜSAVAT BAŞQANINA İTTİHAM


6-06-2012, 12:06
YAP-ÇI DEPUTATDAN MÜSAVAT BAŞQANINA İTTİHAM

“İSA QƏMBƏR ÖZÜNÜ BİABIR ELƏDİ...”

“Müsavatın parçalanmsası labüddür”

“Müsavat Partiyası nüfuzunu itirərək tezliklə parçalanacaq”. Bunu hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Müsavat Partiyasının xaricdə keçirmək istədiyi qurultayla bağlı son durumu şərh edərkən bildirib. Deputat qeyd edib ki, “Eurovision” yarışması ərəfəsində Müsavat funksionerlərinin qurultay haqda səsləndirdiyi fikirlər şou xarakterli idi. A.Mirzəzadə qurultayla bağlı yaranan ajiotajda partiya başqanı İsa Qəmbəri günahlandırıb:
“Son günlər baş verənlər ilk növbədə, Müsavat Partiyası daxilində olan çaşqınlıqla bağlıdır. Müsavat partiya kimi deyil, konfederasiya kimi fəaliyyət göstərir, partiya qruplara bölünür. Bu qruplar öz aralarında razılığa gələ bilmirlər. İsa Qəmbərin qeyri-müəyyənliyi partiya daxili münaqişələri daha da kəskinləşdirir. Əslində, bu, indiki halda İsa Qəmbərin xeyrinə olan məsələdir. O, nizamnaməyə əsasən partiya rəhbərliyindən gedəcəyini bildirsə də, məsələnin uzanmasında maraqlıdır”.

Qurultayla bağlı məsələyə münasibət bildirən YAP-çı deputat Müsavat Partiyasının tezlikə parçalanacağını vurğulayıb. “Müşahidələr göstərir ki, Müsavat Partiyasında hansısa kompromisə gəlmək mümkün olmayacaq. Bu gedişlə partiyanı mütləq parçalanma gözləyir. Amma iş bundadır ki, nizamnaməni dəyişərək İsa Qəmbərin yenidən başqan qalacağı təqdirdə də parçalanma labüddür. Partiyanın uzun müddət radikal mövqedə olması, bir çox tanınmış simalarını itirməsi Müsavatın nüfuzdan düşməsinə, onun əvvəlki liderliyini əldən verməsinə səbəb oldu. Özünü aparıcı müxalifət partiyası elan edən Müsavat Partiyasının gücü getdikcə zəifləməkdədir. Bu fonda digər müxalifət partiyaları daha da güclənirlər”, – deyə A. Mirzəzadə əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyası qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdən imtina edərək VII qurultayın Gürcüstan, yaxud Türkiyədə keçiriləcəyini bəyan edib. Lakin partiya səviyyəsində bu istiqamətdə hələ də real addım atılmayıb.


Geri qayıt