Əsas Səhifə > Sosial, Manşet > MİLYONLARI “YEYƏN” YENİ BULVAR DAĞILIR

MİLYONLARI “YEYƏN” YENİ BULVAR DAĞILIR


6-06-2012, 12:23
MİLYONLARI “YEYƏN” YENİ BULVAR DAĞILIR

HACIBALA ABUTALIBOV İSƏ BULVAR DAVASINDA PİS VƏZİYYƏTƏ DÜŞÜB

DİA.AZ: - Hakimiyyətin ən bahalı projelərindən biri kimi diqqətə gələn və «Avroviziya-2012» mahnı müsabiqəsi səbəbindən tələm-tələsik şəkildə istifadəyə verilən Milli Dənizkənarı Parkın genişləndirilmiş Yeni Bulvar hissəsi indidən dağılmaq üzərədir.

Əməkdaşlarımızın müşahidələri nəticəsində də müəyyən olunub ki, park ərazisində hələ də inşaat işlərinin davam etməsinə baxmayaraq, döşəmələrin əksəriyyəti bərbad hala düşüb. Əkilən yeni ağacların bəziləri isə baxımsızlıq üzündən qurumaqdadır. Doğrudur, hər axşam Yeni Bulvardakı ot örtüyü sulanır, amma bunun professional qaydada yox, təcrübəsiz gənclər tərəfindən həyata keçirilməsi həm qısa müddət içində Yeni Bulvarın suya qərq olması ilə nəticələnir, həm də çəmənləyin yetərincə su ilə təmin olunmaması ilə.

DİA.AZ redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, Yeni Bulvar ərazisi uğrunda açılan savaş Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da başını cəncələ soxub. Bu barədə məlumatı verən mənbə bildirir ki, köhnə bulvarda olduğu kimi, Yeni Bulvarda da iaşə obyektlərinin fəaliyyəti nəzərdə tutulub. Və bu da Bakı merini problemlərə soxub.

Mənbəmizin söylədikləri: «Bu günlərdə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevə yaxın olan bir şəxs Bakı merinə Yeni Bulvar ərazisində atraksion quraşdırmaq istəyinin olduğunu bildirib. Amma Hacıbalı Abutalıbov artıq bununla bağlı başqa bir məmura vəd verildiyini söyləyib. Bundan sonra işə Rövnəq Abdullayev qarışıb və Bakı meri onun adamına icazə verməli olub».

Hacıbala Abutalıbovdan ilk sözü alan şəxsin isə prezident administrasiyasında işlədiyini bildirən mənbəmiz həmin məmurla Bakı meri arasında mübahisə düşdüyünü də söyləyib: «Doğrudur, kifayət qədər yumor hissi olan Hacıbala Abutalıbov narazı qalmış PA işçisinin könlünü almağa müvəffəq olub. Və ona bildirib ki, əvəzində həmin şəxs də ərazidə iki böyük restoran aça bilər».

Geri qayıt