Əsas Səhifə > Şou-biznes > STİLİSTİN HƏBSİ TƏLƏB OLUNUR

STİLİSTİN HƏBSİ TƏLƏB OLUNUR


6-06-2012, 12:59
STİLİSTİN HƏBSİ TƏLƏB OLUNUR

BAYRAĞIMIZA İNSAN KƏLLƏLƏRİ ÇƏKƏNİN BAŞI DƏRDDƏ

“Ədliyyə Nazirliyi məsələyə müdaxilə etməli və onun həbs olunması barədə DİN qarşısında tələb qaldırmalıdır”

Bu gün məşhur stilist Samir Əliyevin Azərbaycan bayrağını təhqir etməsi ilə bağlı yayılan xəbər rezonans yaradıb. S. Əliyev boynuna bağladığı bayrağımızın rənglərini əks etdirən yaylığın üzərinə insan kəllə sümükləri həkk etdirib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında əsasnaməsinin 5-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı və onu təsviri ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

6-cı maddəsində isə qeyd olunub ki, Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.

Bununla bağlı Milli Məclisin üzvü Çingiz Qənizadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bayrağı təhqir edən şəxslər qanun çərçivəsində cəzalandırılmalıdır: “Bayrağımız müqəddəsdir, o Azərbaycan Respublikasının suverenlik rəmzidir. Bayrağın qorunması Azərbaycan Konstitusiyası ilə tənzimlənir və bayrağımızın təhqir olunması yolveriləməzdir. Mən xəbəri oxudum və onu deyə bilərəm ki, kimliyindən asılı olmayaraq, heç kim bayrağımızı təhqir edə bilməz. O şəxs haqqında qanunun imkan verdiyi tütün tədbirlər görülməlidir Bayrağımızı gah boğazına, gah da göbəyinə bağlayanlar cəzalandırılmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bayrağın bu şəklə salınması açıq-aşkar təhqirdir və o şəxs ən azı inzibati qaydalarla cəzalandırılmalıdır: “Burada hansısa ifadə azadlığından söz gedə bilməz. Bu yolla son dərəcə ağır şəkildə Azərbaycan dövlətinin təhqir edilib. Bu kəllələrin bayraqda təsviri Azərbaycanın dövlət kimi müharibə tərəfdarı olduğunu göstərir və dövlətin diktatura rejimində idarə olunmasına işarədir. Ona görə də təcili şəkildə Ədliyyə Nazirliyi məsələyə müdaxilə etməli və onun həbs olunması barədə DİN qarşısında tələb qaldırmalıdır”.

Vəkil Aslan İsmayılov isə bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Bu maddənin tələblərini pozan şəxslərə qarşı həbs nəzərdə tutulur: “Təbii ki, bayrağa kəllə şəkli çəkmək ən ağır təhqirdir. Əgər baş vermiş hadisə ilə bağlı mətbuatda informasiya yayılıbsa, polis orqanları heç bir müraciət gözləmədən dərhal istintaq hərəkətinə başlamalıdır. Bunun üçün polis kimdənsə müraciət gözləməli deyil. Burada bəlli hərəkət var. Azərbaycanın artıq oturuşmuş dövlətçilik ənənələri mövcuddur və bayrağa qarşı bu şəkildə münasibət olmamalıdır”.

Hüquqşünas Əlövsət Allahverdiyev “Qafqazinfo”ya açıqlamasında deyib ki, dövlət rəmzlərinə hörmət etmək hər bir vətəndaşın borcudur: “Bu könüllü olan məsələ deyil, dövlət məcbur edir ki, dövlət rəmzlərinə birmənalı şəkildə hörmət olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsində yazılıb ki, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Geri qayıt